29 Mart 2024

Qarabağda erməni vandallarının dağıtdığı şəhər və kəndləri bərpa etmək üçün böyük layihələr icra olunacaq

Azərbaycan Respublikasnın Prezidenti İlham Əliyev yerli və xarici mediya nümayəndələri üçün keçirdiyi mətbuat konfransında işğaldan azad olunmuş ərazilərdə görüləcək işlər haqqında kifayət qədər ətraflı məlumat verdi. Azərbaycan dövləti Böyük Qayıdış planını uğurla həyata keçirmək üçün xüsusi tədbirlər hazırlamışdır. Qarşıya qoyulmuş məqsədə çatmaq üçün yerli şirkətlərlə bərabər xarici şirkətlərin fəaliyyətindən də yaralanacağıq. Həyata keçiriləcək quruculuq işləri, infrastruktur layihələri bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artıracaqdır. Fizulidə tikiləcək beynəlxalq aeroportla yanaşı, Şuşa şəhərinə iki avtomobil yolu çəkilir. Salınacaq yollardan birinin “Zəfər yolu” adlandırılacaq. Çəkiləcək digər yol isə aeroportdan birbaşa gediş-gəlişi təmin edəcək. Əsas məqsəd xaricdə yaşayan azərbaycanlıların və digər ölkələrin vətəndaşlarının Qarabağa gəlmək imkanlarını təmin etməkdir.

  Qarabağda erməni vandallarının dağıtdığı şəhər və kəndləri bərpa etmək üçün  meqaiqtisadi layihələr icra olunacaq. Viranəyə çevrilmiş bütün  şəhərlərin baş planları tərtib olunacaq. Baş planların tərtibatı zamanı müharibədən əvvəlkli və indiki əhali sayı nəzərə alınacaq. Belə ki, müharibədən əvvəl Ağdam şəhərində təqribən 40 minə yaxın insan yaşayırdı. İndi isə əhalinin sayı 50 mindən çoxdur. Deməli, ən azı 50 min nəfərin yaşadığı, bəlkə də 70 min nəfərin yaşayacağı bir şəhər planlaşdırılmalıdır və onun infrastrukturu yaradılmalıdır. Şəhərdə yaşayış evləri ilə bərabər məktəblər, xəstəxanalarvə digər mədəni-məişət binaları da tikilməlidir. Bu isə kifayət qədər uzun zaman və sərmayə tələb edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun qazandığı qələbə sayəsində Azərbaycanın dünyada nüfuzu daha da artıb. Ölkəmiz investisiya yatırılması baxımndan cəlbedici ölkədir. İndi xarici sərmayədarlar Azərbaycana daha fəal şəkildə sərmayə qoymaqda maraqlı olacaqlar. Hamı başa düşür ki, hərbi əməliyyatların yenidən başlanması riski demək olar ki, sıfra bərabərdir. Azərbaycan tərəfi sülhsevər olduğu üçün heç bir təcavüzkar hərəkətə yol verməyəcək. Adətən irimiqyaslı layihələr daha böyük maliyyə vəsaitləri tələb edir. Qarabağda bərpa işlərini həyata keçirmək üçün hazırlanacaq layihələrin icrasından ötrü bir neçə milyard dollar vəsait lazımdır. Hazırda bir hava limanı inşa edilir, daha iki hava limanının inşası üçün müvafiq işlər həyata keçirilir. Zəngəzur dəhlizinin açılması üçün 100 kilometrlərlə dəmir yolu çəkiləcək. Şəhərlərarası və kəndlərarası avtomobil yollarını bərpa etmək üçün bəlkə də minlərlə kilometr yol çəkilməsi tələb olunacaq. Bütün kəndlərə asfalt yolun çəkilməsi nəzərdə tutulub. Nəzərdə tutulub ki, bütün bölgələrdə elektrik enerjisinin təminatı ilə bağlı layihələrin icrası bu ilin sonuna qədər başa çatdırılsın. Qayıdacaq əhali içməli su ilə təmin olunmalıdır. İnsanları işləməsi üçün  kənd təsərrüfatını inkişaf etdirmək lazımdır. Geriyə qayıdacaq bir milyona yaxın insanı yerləşdirmək üçün böyük inşaat layihələri həyata keçiriləcək.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı