25 Aprel 2024

Qanlı döyüşlərdə Rusiya uğur qazandı – “Açar şəhər”in aqibəti BƏLLİ OLDU

Mühüm əhəmiyyət kəsb edən Soledarın aqibəti bəlli oldu

Xəbər verdiyimiz kimi, Rusiyanın muzdlu Vaqner qruplaşmasının başçısı Yevgeni Priqojin Ukraynanın şərqindəki, Avropanın ən böyük duz mədəninin yerləşdiyi Soledar qəsəbəsinə nəzarəti ələ keçirdiklərini açıqlayıb.

Lakin dünənə qədər nə Rusiya, nə də Ukrayna bu iddianı rəsmən təsdiqləmişdi.

Media1.az xəbər verir ki, bu gün Soledarla bağlı Rusiyadan mühüm açıqlama gəlib. Rusiya Müdafiə Nazirliyi qoşunların Soledarı nəzarətə götürdüyünü açıqlayıb.

Qeyd edək ki, gecə saatlarında Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar Soledarda toqquşmaların davam etdiyi barədə məlumat verib: “Düşmən, demək olar ki, bütün əsas qüvvələrini Donetsk istiqamətində cəlb edib və onlar intensiv hücumlar həyata keçirirlər. Döyüşçülərimizin cəsur müdafiəsi davam edir”.

Rusiyanın bu gün verdiyi açıqlamadan döyüşlərin Moskvanın qələbəsi ilə bitdiyi məlum olur.

Qeyd edək ki, Rusiya Soledarı strateji Baxmut şəhəri və Donbas bölgəsinin açarı kimi görür. Donetsk vilayətində duz mədənlərinin çıxarıldığı kiçik, 10 min nəfər əhalisi olan Soledar qəsəbəsinin ələ keçirilməsi rus əsgərlərinin yaxınlıqdakı strateji şəhəri olan Baxmutu mühasirəyə almasını asanlaşdırır.

Soledarın ələ keçirilməsi Kremlin həm hərbi, həm də təbliğat baxımından Rusiya daxilində tənqidçilərə təqdim etdiyi qələbə kimi şərh edilir.