20 Aprel 2024

Putin Kadırovun yeni evlənəcək 17 yaşlı oğlu ilə görüşüb

Rusiya prezidenti Vladimir Putin Kremldə Çeçenistan rəhbərinin 17 yaşlı oğlu Əhməd Kadırovla görüşüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Çeçenistan lideri Ramzan Kadırov öz Teleqram səhifəsində onların birgə fotosunu paylaşıb.

Ramzan Kadırovun böyük oğlu prezidentə respublikada aparılan gənclər siyasəti barədə məlumat verib.

Xatırlatmaq yerinə düşər ki, Əhməd Kadırov 16 yaşında Uşaq və Gənclər Hərəkatının Regional İdarəsinin Şurasının sədri təyin edilib.

Putin gənc məmura 2004-cü ilin mayında Qroznıda partlayış nəticəsində öldürülən rusiyayönümlü respublikanın ilk rəhbəri, babası Əhməd Kadırov haqqında da danışıb. Ramzan Kadırov Kremldəki görüşü “qeyri-rəsmi” və “mənəvi” adlandırıb.

“Kavkaz.Realii” saytı dəfələrlə Ramzan Kadırovun övladlarının və digər qohumlarının dövlət qulluğunda yüksək vəzifələrə sahib olması barədə məlumat yayıb. Ümumilikdə, redaksiyanın məlumatına görə, Ramzan Kadırovun 100-ə yaxın qohumu müxtəlif vaxtlarda dövlət vəzifələrində çalışıb.

Bu həftə “Əhməd Kadırov Xeyriyyə Fondu” Çeçenistan rəhbərinin böyük oğlunun nikah günü evlənəcək 100 çeçen sakininin hər birinə 100 min rubl ödənəcəyini açıqlayıb. Azyaşlı Əhməd Kadırovun həyat yoldaşının adı açıqlanmır. Sosial şəbəkə istifadəçiləri Qroznıda toy olduğu üçün küçələrin bağlandığını bildiriblər. İnsanlara foto və video çəkmək qadağan edilib.