Paşinyan Qarabağa görə qanunsuz işçi qrup yaratdı
Xankəndi separatçıları erməni əhalinin vəziyyətinin pisləşməsindən gileyləndilər
Rəsmi İrəvan Laçın yolunda guya blokada olması səbəbindən Xankəndi və ətrafındakı torpaqlarımızda məskunlaşan ermənilərlə bağlı spekulyasiyaları davam etdirir. Belə ki, baş nazir “Dağlıq Qarabağda humanitar böhranın aradan qaldırılmasına” dəstək olmaq üçün işçi qrupun yaradılması haqqında qərar imzalayıb. Bu barədə Musavat.com erməni medaisına istinadən xəbər verir. Məlumatına görə, baş nazirin qərarı ilə işçi qrupuna rəhbərlik Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan təyin edilib.
İşçi qrupuna daxil olan digər erməni rəsmiləri isə bunlardır:
A.Avanesyan – Ermənistanın səhiyyə naziri;
- Mkrtçyan – Ermənistanın əmək və sosial məsələlər naziri;
V.Kerobyan – Ermənistanın iqtisadiyyat naziri;
- Sanosyan – Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri;
A.Tumanyan – Ermənistan baş nazirinin müşaviri;
B.Badalyan – Ermənistan baş nazirinin aparat rəhbərinin müavini;
S.Barseqyan – Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryanın köməkçisi (işçi qrupunun katibi).
Baş nazir Nikol Paşinyan isə müdafiə naziri Suren Papikyanın müşayiəti ilə döyüş mövqelərini ziyarət edib. Məlumata görə, Nikol Paşinyan döyüş növbətçiliyi aparan hərbçilər və komandirlərlə görüşüb, istehkamlara baxış keçirib və cəbhə xəttində görülən mühəndis işləri ilə tanış olub. Nikol Paşinyan xidmət zamanı “şücaət göstərmiş” bir qrup hərbçini mükafatlandırıb.
Dekabrın 30-da qondarma rejimin “rəhbərləri” dəAraik Arutyunyanın rəhbərliyi ilə bir yerə toplaşıblar. Toplantıda “hüquq-mühafizə orqanlarının” rəhbərləri də iştirak edib.
Separatçılar Laçın dəhlizindəki vəziyyəti, qeyri-iş günlərində “hökumətin” atacağı addımları müzakirə ediblər. “Səlahiyyətli orqanlara” gücləndirilmiş iş rejimində vəzifələrin icrasını davam etdirmək tapşırılıb.
İclasda “dövlət naziri” Ruben Vardanyan, “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan, Araik Arutyunyanın qondarma “idarəetmə aparatının” rəhbəri Karen Şahramanyan iştirak ediblər.
Ruben Vardanyan daha sonra “dövlət orqanlarının rəhbərliyinin” iştirakı ilə ilin yekunlarına dair geniş müşavirə də keçirib.
Vardanyan 2022-ci ili “mürəkkəb və çətin” adlandırlıb. O, zor gücünə toplanmış iki mitinqə görə erməni xalqına təşəkkür edib. “Dövlət naziri” deyib ki, belə vəziyyətdə onları təbrik etmək yersizdir. Vardanyan deyib ki, “başlanmış islahatların davam etdiriləcək”.
Maliyyə-iqtisadi vəziyyətə toxunan Vardanyan qeyd edib ki, 2022-ci il böyük büdcə kəsiri ilə başa çatır. Bundan əlavə, “blokadaya görə” iqtisadi vəziyyət getdikcə pisləşir, əhalinin normal yaşayışını təmin etmək üçün böyük səylər tələb olunur. “Bu çətinliklərə baxmayaraq, biz irəliləyəcəyik, başqa yolumuz yoxdur” deyə, Vardanyan vurğulayıb.
Orxan ƏLİYEV