19 Mart 2024

Novruz günlərində bu şəxslər ehtiyatlı olsun! – Həkimdən xəbərdarlıq

İki gün sonra xalqımız ən əziz bayramlarından olan Novruzu qarşılayacaq. Məlumdur ki, bu bayramda süfrələr ləziz, eyni zamanda, olduqca kalorili təamlarla zəngin olur. Ləpə-çərəzlərdən tutmuş, paxlava-şəkərburayadək. Üstəlik, demək olar, gün ərzində bir neçə dəfə istehlak edilən ət yeməkləri, aş-qara və s.

Əlbəttə, hər kəs onlardan dadacaq. Həm də ürəyi istədiyi qədər, limitsiz-filansız. Bu isə, təbi ki, bir sıra xroniki xəstəlikləri, xüsusən də ürək-damar problemləri, hipertoniyası, artıq çəki problemi olan insanlar üçün böyük risk daşıyır.

Misal üçün, yağlı yemək (plov), üstündən şəkərbura və ya paxlava ilə çay, qoz-fındıq orqanizmi həddən ziyadə yüksək kalori ilə yükləmək deməkdir. Təbabət isə deyir ki, bunca qidanın eyni vaxtda həzmi üçün ürək mədə ətrafına çoxlu qan qovmalı, yəni intensiv işləməlidir. Xəstə ürək üçün, hipertoniklər üçün isə bu, əsl risk sayılır.

Bəs səhhətində problemlər olan insanlar Novruz günlərində necə qidalanmalıdırlar ki, bayramdan fəsadlarla çıxmasınlar?

Qidamızın yol açdığı xəstəliklər və qəfil ölümlər: Həkim- dietoloq Leyla  Zülfüqarlı danışır - VİDEO

Mövzu ilə bağlı “Sağlam qidalan və arıqla” kitabının müəllifi, diyetoloq-həkim Leyla Zülfüqarlı “Yeni Müsavat”a danışıb: “Novruz bayramı bizim milli bayramımızdır və bayramlar arasında özünə məxsus koloriti, çəkisi var. Biz bu bayramı sevirik. Amma bu bayramda düzgün qidalanmağı unutmaq olmaz. Lakin təkcə bayramlarda, deyil, digər zamanlarda da qidalanmağımıza diqqət etməli, hər zaman vacib bildiyimiz məqam – karbohidrat, şəkərdən az istifadə etməliyik.

Novruz sanki şəkər, karbohidrat bayramıdır. Çünki limitindən dozasından çox karbohidratlar dövriyyəyə girir. Məhz buna görə də bayram ərəfəsində və sonra orqanizmdə dəhşətli dərəcədə şəkər partlayışı olur. Biz buna insulin sıçrayışı deyirik. Çünki qlükoza çoxaldıqca insulini də tətikləyir. Buna görə də insanlara ölçüyə diqqət etməyə çağırım.

Digər əsas məqam isə yemək süfrəsini çay süfrəsi həmişə eyniləşdirməyimiz ilə bağlıdır. Halbuki çay və yemək süfrəsi ayrı-ayrı olmalıdır. Ümumiyyətlə nəzərə alsaq ki, çay içməyin özü də orqanizm üçün yükdür. Çünki çayın tərkibində sudan başqa digər maddələr orqanizm üçün xeyirli deyil. Məsələn, qara çayın tərkibində kofein və antioksidantlar var və gün ərzində onun 2 stəkandan artıq içilməsi məsləhət görülmür. Günün birinci yarısı qəbul edilməsi daha yaxşıdır. Əgər artıq çəki və mədə-bağırsaq traktında problemlər varsa, qara çaydan az, sudan çox istifadə etməyə çalışmaq lazımdır. Qara çay dəmirin orqanizmə sorulma prosesini ləngidir. Anemiyası olanlar qara çay içməkdən çəkinməlidirlər, onun ət yeməklərindən sonra da qəbul edilməsi məsləhət deyil. Çayın qənd, konfet, mürəbbə və digər şirniyyat növləri ilə istehlakı sağlamlıq üçün zərərlidir.

Qara çayın bədəndəki mayeni qovduğunu və buna görə də yarım saat sonra balansı qorumaq üçün mütləq su içilməsi vacibdir. Qara çaya daha çox üstünlük verilsə də, yaşıl çay onunla müqayisədə orqanizm üçün daha faydalıdır. Yaşıl çayın tərkibində antioksidant maddələr bədəni təmizləyir, mədə-bağırsaq traktının fəaliyyətini gücləndirir, sorulma prosesini artırır. Gün ərzində 3 fincandan artıq yaşıl çay içmək məsləhət görülmür.

Ölçüsünə görə bir ədəd şəkərburanın 350 -550 kaloriyə qədər dəyəri var. Paxlavanın isə kalorisi daha çox, 550-600 kaloridir. Bir ədəd şəkərbura və yaxud paxlavanı qəbul etmək bir boşqab plovu qəbul etməklə müqayisə oluna bilər. Amma təsəvvür edin, bu şirniyyatları üstəlik plovun üzərindən qəbul etmək kalorini necə artırır. Ona görə də tövsiyə olunur ki, gün ərzində bir ədəd şəkərbura və ya paxlava qəbul edilsin.

Beləliklə, əgər biz aclığımızı təmin etmək istəyiriksə və mütləq bayramda qeyd edilən şirniyyatlardan yeyəcəyiksə o zaman digər yeməklərə bir məhdudiyyət qoymalıyıq. Misal üçün, əgər səhər qəhvəaltısında bir şəkərbura qəbul etmişiksə, gün ərzində paxlava yemək olmaz. Məlum olduğu kimi, bayram süfrəsinə hər şeyi qoymağa çalışırıq və bu zaman bəzən orqanizm istəməyəndə belə gözümüz görən qidaları bədənimizə “ötürürük”. Belə olmamalıdır. Bu şirniyyatları qəbul edən zaman 1 stəkan çaya bir darçın çubuğu əlavə etmək tövsiyə olunur. Həmçinin indi kefir, qatıq qəbul etməyin tam zamanıdır”.

Xalidə GƏRAY