19 Aprel 2024

NATO Quru Qoşunlarının türk komandanı Bakıda – General Oğuz İrəvana da gedəcəkmi?

Martın 9-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov srağagün ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığının qərargah rəisi, general-leytenant Mustafa Oğuzla görüşüb. O, qonağı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlar, azad edilən ərazilərdə görülən işlər, eləcə də Azərbaycan-Ermənistan şərti dövlət sərhədi və Qarabağ iqtisadi rayonundakı cari vəziyyət barədə məlumatlandırıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, NATO ilə əməkdaşlıqda əldə edilən uğurlardan danışan müdafiə naziri qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev də Mustafa Oğuzla bir araya gəlib. Baş Qərargah rəisi Azərbaycan ilə NATO arasında əlaqələrin inkişaf etdiyini, o cümlədən Azərbaycan Ordusunun nümayəndələrinin NATO-nun müxtəlif proqramları çərçivəsində fəal iştirakını qeyd edib.

Görüşdə həmçinin NATO ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

Bəllidir ki, Azərbaycan artıq neçə ildir NATO üzvü Türkiyənin timsalında mini-NATO ordusu modelində ordu quruculuğu yolunu tutub və bu yolla uğurla irəliləyir.

Belə səfərlərin Azərbaycan üçün önəmi nədir? Mustafa Oğuz milliyyətcə türkdür. Görəsən o, İrəvana da gedəcəkmi?




Emin Həsənli: “Azərbaycan hər bir ölkə ilə öz maraqlarına uyğun əməkdaşlıq edir”

Hərbi-siyasi ekspert Emin Həsənli Azərbaycanın öz maraqlarından çıxış etdiyini bildirdi: “Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra bir çox beynəlxalq təşkilatlar NATO da ölkəmizlə əməkdaşlığa üstünlük vermişdi. NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində bir çox tədbirlər həyata keçirilib. Eyni zamanda, Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırılması istiqamətində xeyli addımlar atılıb. Azərbaycan NATO ilə bərabər İraq, Əfqanıstan, Kosova və bir sıra yerlərdə sülh yaratma prosesində iştirak edib. Bundan əlavə, NATO-nun təlimlərində Azərbaycanın şəxsi heyəti təmsil olunub. NATO-nun kurslarında da hərbçilərimiz yaxından iştirak ediblər. Birgə təlimlər də keçirilib. Biz əsasən qardaş Türkiyə vasitəsilə NATO ilə əməkdaşlıq edirik. Əfqanıstan, Kosovada biz dini, dili bir olan qardaş ölkə kimi Türkiyə taborunun tərkibində tağım olaraq fəaliyyət göstərmişik. Müsbət də nəticələr əldə olunub.

Vətən müharibəmizdən sonra Azərbaycan Ordusunun türk ordusu modelinə keçməsi müzakirə olunur. Türk ordusu hər kəsə məlumdur ki, NATO-nun ən qüdrətli ordularından biridir. Bu istiqamətdə sıx əməkdaşlıq edilir. Azərbaycan Ordusu türk ordusu ilə birlikdə hərbi təlimlərə üstünlük verir. Bilirsiniz ki, Azərbaycan siyasi cəhətdən Qoşulmayanlar Hərəkatının üzvüdür. Hər hansı bir hərbiyönlü təşkilata da qoşulmağı planlaşdırmır. 2000-ci illərdə bu məsələ daha aktual idi. Ukrayna və Gürcüstan NATO-ya üzvlük üçün müraciət etmişdi. O zamankı Amerika prezidenti Corc Buş Kiyev və Tiflisə səfər edərək bəyan etmişdi ki, hər iki ölkə NATO-ya üzv qəbul olunacaq. Amma bunun tam əksi olan bir proses getdi. Bu il bir ili tamam oldu ki, Ukrayna NATO-ya yaxınlaşdığına görə Rusiya ilə müharibədədir. Azərbaycan hər bir ölkə ilə öz maraqlarına uyğun şəkildə əməkdaşlıq edir. Məhz bunun nəticəsidir ki, NATO komandanlığı, eləcə də, ABŞ və Rusiyanın baş qərargah rəislərinin Bakıda ard-arda görüşləri baş tutub. Bu Azərbaycan dövlətinin müstəqil siyasət aparmasının bariz nümunəsidir.

Vaxt var idi, Cənubi Qafqazda Ermənistan Rusiyanın, Gürcüstan da NATO-nun müttəfiqi idi. Amma indi Ermənistan ikibaşlı siyasət yürüdür. Azərbaycan isə öz müstəqil siyasəti ilə seçilən bir ölkə olub. Milli maraqlarımıza uyğun şəkildə dünyanın ən müasir orduları ilə əməkdaşlıq edirik, müasir silahlar alırıq. Bir məsələni də xüsusi qeyd edim ki, Vətən müharibəmizdən sonra Amerika, İngiltərə və bir sıra dövlətlərin ordularının Azərbaycan Ordusundan öyrənəcəkləri bir çox məsələlər ortaya çıxdı. Bunu açıq şəkildə bəyan da etdilər və hərbi akademiyalarında təhlil etməyə başladılar. NATO ilə əməkdaşlığımız əvvəlki qaydada davam edəcək. Bu da təbiidir. Çünki NATO dünyanın ən güclü hərbi blokudur”.

Polkovnik Rövşən Məhərrəmov: “Vəziyyət durmadan gərginləşməyə doğru gedir”

Rövşən Məhərrəmov: “Biz artıq orduda rus modelindən imtina etmişik”

Hərbi ekspert, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov isə qeyd etdi ki, Mustafa Oğuzun ölkəmizə rəsmi səfəri çox mühüm hadisədir: “O, NATO-nun çox yüksək vəzifəli bir şəxsidir və milliyyətcə türkdür. Çox savadlı və dəyərli bir generaldır. Ağlına, zəkasına görə NATO-da xidmət aparır, özü də mühüm bir vəzifəni. Bilirsiniz ki, bu qurumla Azərbaycan çoxdan əməkdaşlıq edir. NATO bölüyü, tağımı, briqadası, taboru yaranıb. Bu qurumla əməkdaşlığa çox yüksək qiymət veririk. Mini-türk modelinə ordumuzu keçiririk. Ordumuzun o model əsasında qurulması prosesi çox sürətlə gedir. Artıq o prosesin yekunlaşdığını da deyə bilərik. Ştatlara uyğun şəkildə bölgülər aparılıb. Bu həm də NATO standartlarına uyğun şəkildə ordumuzun qurulması deməkdir. Çünki qardaş Türkiyə həm də NATO ölkəsidir.

Təsadüfi deyil ki, ordumuz Cənubi Qafqazda ən güclü ordu sayılır. Vətən müharibəsindəki qələbəmizdən sonra ordumuzun reytinqi çox yüksək səviyyəyə qalxdı. Ən müasir silahlarla təmin olunmuşuq, bundan sonra da olacağıq. Bu müsbət haldır ki, Mustafa Oğuzun müdafiə naziri, baş qərargah rəisi ilə möhtəşəm görüşü baş tutdu. Bütün bunlar nədənsə xəbər verir. Onu da deyim ki, Mustafa Oğuz daha çox türk olmasına görə səfəri Bakıya nəzərdə tutuldu. Əgər NATO səviyyəsində Ermənistana nəzərdə tutulsaydı, səfər reallaşardı. Çünki təhlükəsizlik baxımından həmin dövlət onun təhlükəsizliyinə cavabdehlik daşıyır. Onun Ermənistana da səfər edib-etməməsi ilə bağlı heç bir məlumat yoxdur. Biz  fəxr etməliyik ki, bir türk NATO-da yüksək vəzifə tutur. O, mövcud vəziyyətlə tanış oldu. İnanıram ki, bu vəziyyəti olduğu kimi NATO-nun qərargahında açıqlayacaq.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi

Bizim dünyada heç kəsdən gizlətdiyimiz bir məsələ yoxdur. Biz dövlət olaraq, öz mövqeyimizi Ermənistandan fərqli olaraq bütün dünyaya bəyan etmişik. Qarabağla bağlı Mustafa Oğuz, yəqin ki, tam ətraflı şəkildə məlumatlandırılıb. Rusiya-Türkiyə Monitorinq Qrupu Ağdamda yerləşir. Onlar da hər bir addımı izləyirlər. Bir sözlə NATO-nun hər bir təmsilçisinin türk olmasa belə ölkəmizə səfər etməsi, hər hansı bir danışıqların aparılması çox müsbət bir haldır. Biz artıq orduda rus modelindən imtina etmişik. Bunu açıq şəkildə dövlət başçımız da bəyan edib”.

Hərbi ekspert bir məsələyə də toxundu: “Xəbərlər yayılır ki, Ermənistan Hindistandan silahlar alır. Bu Azərbaycan ordusuna təsir edə bilməz. Nə silah alırlarsa alsınlar, ordumuzda ruh yüksəkliyi var və buna heç nə təsir edə bilməz. Bilirsiniz ki, bizdə quru qoşunlar strukturu yaradıldı. Bura da təyinat oldu, Ənvər Əfəndiyev rəhbər gətirildi. Bu bir hərbi-siyasi vəzifədir. Bu quru qoşunlar bütün NATO ölkələrinin ordusunda var. Əvvəllər bizdə yox idi, indi sıfırdan qurduq, inkişaf etdiririk”.

Cavanşir ABBASLI