Müzəffər xalq, qalib ölkə
Vətən bir millətin varlığının, şüurunun birləşdiyi məkandır. Vətən ana kimi sevilməli, qorunmalıdır. 27 sentyabr 2020-ci il…2 il bundan öncə, həmin gündə Azərbaycanın tarixində yeni sahifə açıldı. Bu səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı. O gün Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı. 28 il ağrılı-acılı ömür yaşayan Azərbaycan xalqı başda Ali Baş Komandan İlham Əliyev olmaqla Vətən torpaqlarının bütövlüyünü bərpa etdi. Elə ilk gündən düşmən üzərində qazandığımız hərbi uğurlar xalqımızın qələbə əhval-ruhiyyəsini daha da artırdı. Haqq savaşımız əzmkar oğullarımızın sarsılmaz iradəsi sayəsində cəmi 44 gün ərzində qələbə ilə başa çatdı, tarixi ədalət bərpa olundu. Müharibədən keçən qısa müddət ərzində Qarabağda və Şərqi Zəngəzurda tikinti-bərpa quruculuq işləri aparılır, nəhəng layihələr həyata keçirilir, bütün infrastruktur yenidən qurulur. Prezident İlham Əliyevin işğaldan azad olmuş rayonlara artıq ənənə halını almış səfərləri şəhər, rayon və kəndlərin bərpası və yenidən qurulması məqsədi daşıyır. Dövlət başçısı bu səfərlər zamanı bildirir ki, bir müddət sonra bu bölgədə həyat tam normallaşacaq. Bəli, illər sonra Azərbaycanın Müzəffər Ordusu düşmənin başına dəmir yumruq endirərək Qarabağı işğalçılardan təmizlədi. Şəhidlərimizin şərəfinə, əziz xatirələrinə Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılmış qaya parçasından abidənin öz rəmzi mənası vardır. Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir. İlk şəhidləri biz məhz burda vermişik. Bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə olan beş-altı müdafiə xəttini Azərbaycan əsgəri yarmaq üçün öz canını fəda edirdi. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmişdir. Üçrəngli şanlı bayrağımız yenidən doğma torpaqlarımızda ucaldıldı. Biz xoşbəxt nəsilik ki, tarixi qələbənin şahidi olduq. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın. Əminik ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır. Qarabağ müharibəsi onu təsdiq etdi ki, xalq-dövlət birliyindən güclü qüvvə ola bilməz. Elə bu qüvvə də qələbəmizin səbəbkarı oldu. Şəhid qanı düşən yer bizim and yerimizdir və biz hər birimiz bu şərəfli yolda öz üzərimizə düşən vəzifəni ləyaqətlə, Vətənə məhəbbətlə yerinə yetirməliyik.
YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, Bərdə Rayon İcra Hakimiyyəti sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Günel Cəfərova