28 Mart 2024

Müstəqilliyimiz ən böyük nemətdir, ən böyük sərvətdir

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə ölkəyə rəhbərlik etməyə başlayanda dövlətin inkişaf dinamikasını təmin etməli, cəmiyyətin həyatının nəbzini yüksəltməli, sosial anemiya və gərginliyi, identiklik böhranını aradan qaldırmalı olan, ümumi rifaha və maraqlara xidmət edə biləcək səmərəli ideologiyaya ehtiyac olduğunu hiss edirdi. O deyirdi: “Biz azərbaycançılığı – Azərbaycan dilini, onun mədəniyyətini, milli-mənəvi dəyərləri, adət və ənənələri inkişaf etdirməliyik”. Azərbaycançılıq konsepsiyasına həm müstəqillik, dövlətçilik, demokratiya, ədalət və milli tərəqqi kimi ümumbəşəri dəyərlər, həm də dünyəvilik daxil idi. Daxili siyasət sahəsində ölkədə əldə edilmiş konsensusa əsaslanan neokonservatizmin əsas ideyalarının özünəməxsus amalqaması, xarici siyasət sahəsində isə müstəqillik və ərazi bütövlüyü konsepsiyası ideya-məqsəd kompleksi kimi çıxış edir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, onun yaratdığı və müdafiə etdiyi azərbaycançılıq ideologemi məlum liberal-demokratik dəyərlərin postulatlarına malik olan Azərbaycan milli ideyasının genişlənməsinə şərait yaratmışdır.Həmin dəyərlər bunlardır: Xalqın suverenliyi ideyası, insan hüquqları konsepsiyası, hüquqi dövlət doktrinası, hakimiyyətin bölünməsi nəzəriyyəsi, siyasi və ideoloji plüralizm prinsipi, xüsusi mülkiyyətin qorunması və s. Ümummilli lider Heydər Əliyev məxsusi siyasi uzaqgörənlik məharətinə malik idi. Bu istedadlı rəhbərin genişmiqyaslı və qlobal təfəkkürü sayəsində Azərbaycan nəinki müstəqil, suveren subyekt kimi çıxış etmiş, həm də dünya birliyinə layiqincə inteqrasiya etmiş, öz strateji maraqlarını müəyyənləşdirmiş və beynəlxalq ziddiyyətlərin siyasi ümmanında həmin maraqlarını uğurla həyata keçirməyə başlamışdır.

Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir ki, müstəqillik ən böyük nemətdir, ən böyük sərvətdir. Bu gün biz bütün azərbaycanlılar qürur hissi ilə qeyd edirik ki, biz sözün əsl mənasında, müstəqil ölkə kimi yaşayırıq.Azərbaycanda təhlükəsizliyin təmin edildiyini, əmin-amanlıq hökm sürdüyünü vurğulayan dövlətimizin başçısı deyib: “İndi dünyanın hər bir yerində müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür, hər gün biz bunu görürük. Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır. Bu da böyük sərvətdir və Azərbaycan xalqı bunu yaxşı bilir. Çünki biz müstəqilliyimizin ilk illərində çətin günlər yaşamışdıq”.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi