Həbsdə olan Navalnıya 7 maddə üzrə yeni ittiham-içində terrorizm də var
Moskva şəhər məhkəməsinə Rusiya müxalifət lideri Aleksey Navalnıya qarşı yeni cinayət işinin materialları daxil olub.
Musavat.com xəbər verir ki, bu barədə “Radio Svoboda” (Azadlıq radiosunun Rusiya bölməsi) saytı məlumat yayıb.
Gələn informasiyalara əsasən, Navalnıya qarşı cinayət məcəlləsinin tam yeddi maddəsi ilə ittiham elan ediləcək.
Bu maddələrin ən ağırı ekstremist təşkilatın qurulması ilə bağlıdır. Rusiya hakimiyyəti Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondunu və Navalnının qərargahını bu qəbildən olan qurumlar hesab edir. Bu maddə ilə müxalif siyasətçi əlavə on ilə qədər həbslə cəzalandırıla bilər.
Navalnının ittiham olunduğu qalan altı maddə ekstremizmə çağırış, vətəndaşların hüquqlarını pozan QHT-nin yaradılması, ekstremizmin maliyyələşdirilməsi, yetkinlik yaşına çatmayanların təhlükəli əməllərə cəlb edilməsi və nasizmin reabilitasiyasıdır. Terrorçuluq maddəsi üzrə epizod ayrıca icraat kimi ayrılıb.
Prosesin nə vaxt başlayacağı hələ məlum deyil.
Qeyd edək ki, Navalnı hazırda p dələduzluq ittihamı ilə Vladimir vilayətindəki cəzaçəkmə müəssisəsində 9 illik cəzasını çəkir. Navalnının özü və tərəfdaşları işi siyasi hesab edirlər.
Rusiya müxalifətinin lideri ilə bağlı prosesə əvvəllər ABŞ vətəndaşı Pol Uilanın casusluq işində sədrlik edən hakim Andrey Suvorov baxacaq.