27 İyul 2024

Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir

Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır. Bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər möhkəm zəmin üzərində qurulmuşdur.

Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması böyük nailiyyətlərdən biridir.

Bir-iki aya Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq.

Avropa qitəsində Azərbaycan qazına tələbat ildən-ilə artacaq. Bizim həm resurslarımız var, sərmayə qoymaq üçün maliyyə imkanlarımız var, Gürcüstan kimi etibarlı dostlarımız var ki, tranzit imkanları genişdir. Belə olan halda bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcəkdir. Buna böyük tələbat var. Həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var və biz hazırda texniki-iqtisadi əsaslandırma üzərində çalışırıq. İlin sonuna qədər bu iş başa çatacaq və ondan sonra praktiki addımlar atılacaqdır.

Gürcüstan Hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində ölkədə çox gözəl sərmayə iqlimi yaradılmışdır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoymuşlar. Bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur.

BMT Nizamnaməsi hər bir ölkənin özünü müdafiəetmə hüququnu tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək ərazi bütövlüyünü bərpa etmişdir. Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüququn normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir.

Dost, qonşu və qardaş ölkənin rəhbərinin səfəri böyük əhəmiyyət daşıyır. Bizim şəxsi tanışlığımız dostluğa çevriləcək, çünki xalqlarımız dost xalqlardır. İki qardaş ölkə bundan sonra da əl-ələ verərək, çiyin-çiyinə irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəkdir.

Jalə Mehdiyeva

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı