25 Sentyabr 2022

Güneydən acı xəbər: Urmu şəhərində etirazçılardan biri öldürüldü

Sentyabrın 20-i axşam saatlarında Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində keçirilən aksiyalarda bir nəfər öldürülüb. Media1.az Gunaz.TV-yə istinadən bildirir ki, bu barədə sosial media fəalları məlumat yayıb. Məlumatda xüsusi təyinatlı qüvvələrin bir başa açdığı atəş nəticəsində Fərcad Dərvişi adlı etirazçının öldüyü, bir neçə nəfərin isə yaralandığı qeyd olunub. Təbrizdə də bir öyrənci qız güllə yarası alıb, ancaq hələlik onun kimliyinin müəyyənləşdirmək mümkün olmayıb.

Bununla yanaşı, Təbrizdə saxlanılanlardan birinin kimliyi bəlli olub. Mehdi Həmidi Şəfiq adlı təbrizli Əbureyhan küçəsində həyat yoldaşı ilə şəxsi avtomobilində təhlükəsizlik məmurlarının hücumuna məruz qalıb. Avtomobilinin şüşələri sındırılan və ağır şəkildə döyülən Mehdi Həmidi Şəfiq, yaralı vəziyyətdə təhlükəsizlik idarəsinə aparılıb.

Ərdəbil şəhərində də gecə saatlarında etiraz aksiyalarının başladığı, hökumət məmurları ilə aksiya iştirakçıları arasında toqquşmalar baş verdiyi barədə məlumat və görüntülər yayılıb.