29 Mart 2024

Faşizm üzərində Qələbə heç zaman unudulmayacaq

Faşizm üzərində Qələbədən 78 il ötür. Bu Qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olmuşdur. Xalqımız faşizm üzərində qələbə üçün özünün 600 min oğul və qızını cəbhəyə yola salmışdı. 1941-1945-ci illər müharibəsində igid Azərbaycan oğulları qəhrəmanlıq nümunəsi göstəriblər. Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş, minlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşmuşlar. Xalqımızın sarsılmaz iradəsi və inamı ön və arxa cəbhəni birləşdirib, faşizm üzərində Qələbəyə mühüm töhfə verib.

Bu qələbə Azərbaycan xalqına da asan başa gəlmədi. Müharibədə iştirak etmiş soydaşlarımızın təxminən yarısı döyüşlərdə həlak oldu. Onlar döyüş meydanlarında fədakarcasına vuruşaraq, həm də doğma Azərbaycanı faşizmdən qorudular. Respublikamızı təmsil edən 170 mindən çox döyüşçünün orden və medallarla təltif edilməsi, 130 nəfərin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur.

1941-1945-ci illərdə İkinci Dünya müharibənin ilk günlərindən Bakının bütün müəssisələri 12 saatlıq iş gününə keçib. Respublikanın maşınqayırma müəssisələrinin gücünün 95 faizi hərbi texnika, silah-sursat istehsalına yönəlib. 1941-ci ilin sonunda Azərbaycanda 130 adda silah, sursat, hərbi mərmi və əşya istehsal olunurdu.

Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilmiş, 1941-ci ildə 23,5 milyon ton “qara qızıl” çıxarılmışdı. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişdilər. İnamla demək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olmuşdur.

Faşizm üzərində qələbə Azərbaycan xalqının da fəxr etdiyi, qürurlandığı unudulmaz bir tarixi qələbədir. Biz bu Qələbədən çox şey götürdük. Xüsusən, torpaqlarımızın işğal altında olduğu bir zamanda azərbaycanlıların İkinci dünya müharibəsindəki qəhrəmanlığı, oğul və qızlarımızın rəşadəti, bizi Böyük Qələbəyə – torpaqlarımızı işğaldan azad etməyə səslədi. Bu mənada xalqımızın Böyük Vətən müharibəsində Qələbənin qazanılmasında yazdığı qəhrəmanlıq salnaməsi bugünkü nəsil üçün əsl mənəviyyat dərsi oldu.

Prezident İlham Əliyev hər il Qələbə günündə xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edir, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir. Dövlət başçısının müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, yubiley medallarının təsis edilməsi cəmiyyətdə böyük razılıqla qarşılanır.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi