19 Aprel 2024

Ermənistan ordusuna qadınları yığır – üstümüzə “axçilər” gəlir!

“Ermənistan Müdafiə Nazirliyi qadınların könüllü hərbi xidmətə getməsi məsələsini müzakirə edir”.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan “Armenia Today”a müsahibəsində deyib. Lakin Torosyan təfərrüat barədə danışmaqdan imtina edib. Buna qədər Ermənistan hakimiyyəti qadınların ölkənin silahlı qüvvələrinə cəlb olunması prosesini genişləndirmək planlarını dəfələrlə bəyan edib.

Xüsusilə 2022-ci il yanvarın 1-də baş nazir Nikol Paşinyan xalqa yeni il müraciətində “Ermənistan peşəkar orduya malik olmalı, eyni zamanda oraya getdikcə daha çox qadın cəlb edilməlidir” söyləmişdi. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə 2021-ci ilin avqustunda bəyan etmişdi ki, Ermənistan hakimiyyəti təhlükəsizlik məsələlərinə mümkün qədər qadınları cəlb etməyi planlaşdırır.

Yada salaq ki, 2022-ci ilin noyabrında Müdafiə Nazirliyi qadın və qızların iştirakını prioritet hesab edərək pulsuz atıcılıq kursları təşkil edib. Bəs “axçi”lərə ehtiyac, maraq nədən, hansı zərurətdən doğub? Bu, Ermənistan ordusunda kişi kadrların çatışmazlığı ilə bağlıdır, yoxsa?

Məlumdur ki, qadınlar ənənəvi olaraq snayper işində özlərini yaxşı göstərirlər. Bəs dronların (PUA) idarə edilməsində necə? Bəllidir ki, İrəvan PUA-lara marağını gizlətmır. Hətta az öncə İran rəsmilərindən biri Ermənistanın da bu dronları əldə eləmək istəyən ölkələr sırasında olduğunu söyləmişdi. Qadın hərbçilərə ehtiyac aşağı-yuxarı bu məsələ ilə də ilgili ola bilərmi? Azərbaycan Ordusunda necə, qadın hərbi qulluqçuların payı nə qədərdir?

Qoca Baydenin yeni sayıqlaması - “Dağlıq Qarabağ xalqı”...

Şəhla Cəlilzadə: “Qadınların orduya icbari qaydada cəlb olunması…”

STM əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə öncəliklə bu mövzu ətrafında çox vacib məsələlərə toxundu: “Tarix boyu qadınlar hərbidə bu və ya digər formada iştirakçı olublar. Bu baxımdan gender mövzusuna xüsusi həssaslığın olduğu Azərbaycan cəmiyyətinə də istisna deyil. Xatırlayaq ki, ilk təyyarəçi qadınlarımız, o cümlədən Leyla Məmmədbəyova, Züleyxa Seyidməmmədova, Sona Nuriyeva və s. məhz II Dünya müharibəsi dövründə sovet cəbhəsində böyük şücaət nümayiş etdiriblər. I Qarabağ müharibəsi dövründə 74 min nəfərlik Azərbaycan Ordusunun 2 min nəfəri qadın idi və onlardan 600 nəfəri hərbi əməliyyatlarda iştirak etmişdi. Bu gün də mindən çox azərbaycanlı qadın Azərbaycan Silahlı Qüvvələrində zabit, gizir, çavuş və əsgər vəzifələrində xidmət edir. 2014-cü ildə qəbul olunmuş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə qadınlarımızın könüllü sürətdə hərbi xidmət keçməsini tənzimləyir. II Qarabağ müharibəsi dövrünün təcrübəsi göstərir ki, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçmək üçün könüllü müraciət edən qadınlarımızın sayı gedərək artır. Aydın olduğu kimi, qadınlarımızın hərbidə iştirakı tamamilə könüllü surətdə baş verir. Ölkəmizin insan resursları kifayətdir ki, qadınların hərbi sistemə icbari qaydada cəlb olunmasına ehtiyac yaranmasın. “Global Firepower”in  hesabatına görə, bu gün ölkəmizdə 125 min nəfərdən çox aktiv hərbi kadr var. Lakin bu xüsusilə qeyd olunmalıdır ki, qadınlarımız/qızlarımız davamlı hərbi təhsil ala bilmirlər, onlar orduya cəlb olunmaq üçün sadəcə bir və ya bir neçə hərbi təlimdən keçirlər. Lakin bir neçə təlim keçməklə müqayisədə davamlı təhsil və peşəkar kadr hazırlığı onların hərbi bacarıqlarının və keyfiyyətinin daha da artmasına xidmət edə bilərdi. 2021-ci ildə Azərbaycan Respublikasının Ombudsman Aparatı tərəfindən hazırlanan hesabatda gender bərabərliyi mövzusuna istinadən qadınların/qızların ali hərbi məktəblərdə təhsil almasının təmin olunması təklif olaraq irəli sürülüb. Belə ki, ölkəmizdə hərbi və təhlükəsizlik strukturlarının təhsil qurumlarında demək olar ki, qızlar təhsil almır – Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kursantlar arasında qız yoxdur (2009-cu ildən qəbul dayandırılıb) və sənəd vermək üçün də yalnız oğlanlar müraciət edə bilər. DTX-nın H. Əliyev adına Akademiyasında da heç bir qız tələbə yoxdur və olmayıb. Fövqəladə Hallar Nazirliyinin Akademiyasında tədris üçün imtahanlarda qızlar iştirak etsələr də keçə bilmirlər. Polis Akademiyasında isə qızlar olsa da, sayları barmaqla sayılacaq qədərdir və son iki təhsil ilidir ki, qızların qəbulu dayandırılıb. Buna qadınlara/qızlara qarşı hərbi-təhlükəsizlik sistemindəki diskriminasiya kimi deyil, ümumi təhsil-tərbiyə sistemimizin və cəmiyyətimizin mental normaları çərçivəsində yanaşılmalıdır.

Bu gün dünyada qadınların icbari qaydada orduya cəlb olunduğu ölkələr arasında Çin, Eritreya, İsrail, Liviya, Malayziya, Şimali Koreya, Peru, Tayvanın adı çəkilə bilər. 2015-cü ildən bəri Norveçdə (NATO ölkələri arasında və Avropada ilk olaraq) qadınların icbari qaydada orduya cəlb olunması baş tutur. Norveç Qadın Hüquqları Assosiasiyası bunun doğru olmadığını, gender bərabərliyi mövzusuna dair yanlış yanaşma olduğunu, qadınların kişilərlə bərabər hüquqlu olduğunu göstərmək üçün onların məcburi qaydada hərbi sistemə cəlb olunmasının yanlış olduğunu bildirmiş və buna qarşı beynəlxalq hərəkat yaratmağa çalışıb. Bununla belə, 2020-ci ildə Norveçdə icbari hərbi qulluğu başa vuran insanların 33%-ni qadınlar/qızlar təşkil etmişdi. Bir sıra tədqiqatlar qadınların/qızların orduya cəlb olunması ilə onlara qarşı mənəvi və fiziki cinsi zorakılıq/sexual harassment artdığını göstərir”.

Ekspert erməni ordusundakı vəziyyətə də toxundu: “Ermənistan ordusuna gəlincə isə 2020-ci ildə Azərbaycan tərəfindən darmadağın edildikdən sonra Paşinyan ordu və hərbi sistemin yenilənəcəyini açıqlamışdı. Bu “yeniliklərdən” biri də qadınların orduda iştirakıdır. “Söhbət qadınların potensialından maksimum dərəcədə istifadə olunmasından gedir. Qadınların hərbi güc xidmətinə cəlb olunması o demək deyil ki, onlar mütləq qaydada orduda kişilərlə çiyin-çiyinə xidmət göstərəcəklər. Bu xidmət tamamilə praqmatik hesablamalarla təşkil olunacaq, belə ki, ölkəmizdə əhalinin çox hissəsini qadınlar təşkil edir” – Paşinyan hələ 2021-ci ildə belə deyirdi. Qadınların orduya icbari qaydada cəlb olunması xüsusilə əhalisinin az olduğu ölkələrə xasdır. Bu, Ermənistanda əhalinin gedərək azalması, ordusunun isə məhv olması gerçəkləri ilə, eyni zamanda Paşinyanın da vurğuladığı kimi, qadınların “xidmətindən” müxtəlif formalarda istifadə olunacağı ilə bağlıdır. Hələ 2012-ci ildə Ermənistan Müdafiə Nazirliyinin açıqlamasına görə ölkədə 1400-dən çox könüllü-kontraktçı qadın hərbçi vardır, 2017-də bu rəqəm 2 mini ötmüşdü. Bununla belə, Ermənistanda əhalinin ümumi əhvalından növbəti genişmiqyaslı hərbi toqquşmaya hazır olmadığı, nəinki qadınların, heç kişilərinin də icbari qaydada sərhəddə xidmət keçmək istəmədiyi aydındır. Bir il öncə, 13 yanvar 2022-ci il tarixində İrəvan küçələrində əllərində “sərhəddə icbari hərbi xidmətə yox” deyən aktivistlərin, o cümlədən qadın etirazçıların aksiyası da elə bunu göstərir”.

Kəlbəcərdən əməliyyata başlamaq Nəcməddin Sadıxovun ideyası idi” - ŞOK İDDİA

Rövşən Məhərrəmov: “Ermənilərin sıfırdan ordu qurmaq niyyətləri onlara çox baha başa gələcək”

Ehtiyatda olan polkovnik, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi Rövşən Məhərrəmov isə burada bir sıra səbəblər görür: “Son zamanlar Ermənistan mətbuatından mən də oxudum və gördüm ki, bunlar qadınları orduya cəlb etmək istəyirlər. Professional ordu yaratmaq fikrinə düşüblər. Bu barədə həm Paşinyan açıqlama verdi, həm də başqa siyasilər. Burada ancaq və ancaq bir məqsəd var. O məqsəd də ordunun komplekləşdirilməsidir. Bu onlarda ciddi problemə çevrilib. 44 günlük məğlubiyyətdən sonra bilirsiniz ki, çoxlu sayda erməni vətəndaşlar ölkəni tərk etdilər. Müharibədə çoxsaylı itkilər də verdilər, yaralılar oldu. İnsan resurslarının çatışmamazlığı əsas amillərdən biridir ki, bunlar qadınları orduya cəlb edirlər. Hesab edirəm ki, qadınları orduya cəlb etməkdə məqsədləri, yuxarıda dediyim kimi, ordunu qismən komplekləşdirməkdir. Hansı ki, hərbi hava qüvvələrində, eləcə də hava hücumundan müdafiə sistemlərində bundan istifadə edə bilərlər. Eyni zamanda snayperçilər də hazırlaya bilərlər. Dronlar üzrə mütəxəssislər hazırlamaq üçün qadınlardan da istifadə etmələri mümkündür. Bilirsiniz ki, sovetlər dağıldıqdan sonra erməni əhalisi artmaq əvəzinə, 30-35% faiz aşağı düşüb. İnsanlar Ermənistanı bu gün də tərk etməyə davam edirlər. Məğlubiyyətdən sonra biz ona da şahidlik etdik ki, çoxlu sayda insanlar Ermənistanı tərk etdilər. Keçmiş Qarabağ ərazisindəki ermənilər də bu yerləri kütləvi şəkildə tərk etdilər. İndi, sadəcə, orduda mütəxəssisləri artırmaq və bu prosesə qadınları da cəlb etməkdir. II Qarabağ savaşında onlarda ordu tam şəkildə dağıdıldı. Onlar indi sıfırdan ordu qururlar. Resurs olmayan yerdə ştata uyğun şəkildə ordu qurmaq mümkünsüzdür. Əgər Ermənistanda üç korpus yaradırsansa, onu ştatlarla təmin edə bilmirsənsə, o korpus döyüş qabiliyyətinə malik deyil. II Qarabağ savaşında ermənilər tərəfindən etiraf edilirdi ki, resurslar yoxdur. Ermənistan tərəfi nə qədər hazırlaşırsa hazırlaşsın, Azərbaycanla balans yarada bilməzlər. Çünki öncəliklə buna səbəb kimi 10 milyon əhalimizi göstərə bilərik. Onun insan resursları kifayət qədərdir. Əvəzində biz həm müharibədə, həm də indi görürük ki, ermənilərdə insan resursları yoxdur. Heç zaman onların ordusu döyüş qabiliyyətli ola bilməz. Biz də yatmırıq. Yeni türk modelinə keçirik, yeni silahlar alırıq. Ermənilərin sıfırdan ordu qurmaq niyyətləri onlara çox baha başa gələcək. Sonda bir daha qeyd edim ki, qadınlar istifadə etmək niyyətləri yalnız və yalnız insan resurslarının olmamasından daha çox irəli gəlir”.

Cavanşir ABBASLI