22 Dekabr 2024

“Əhali bazar torbalarına keçəcək, həsir zənbillərdən istifadə olunacaq” – Eyyub Hüseynov

Xəbər verdiyimiz kimi, fevralın 15-dən etibarən Azərbaycanın ticarət şəbəkələrində və marketlərdə polietilen torbaların pulla satışına başlanılıb.

Belə ki, artıq bir çox marketlərdə alıcılara polietilen torbalar ölçüsündən asılı olaraq ayrıca məhsul növü kimi 1, 3, 5 qəpiyə satılır.

Bəs, polietilen torbaların ödənişli olmasının əhəmiyyəti nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azad İstelkaçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, polietilen torbaların pulla satılması vəziyyətə təsir edəcəkdir.

Onun sözlərinə görə, təxminən bir il ərzində yeni istehlakçı davranışı meydana çıxacaq:

“Gözləyirik ki, istehlakçılar eyni bir torbadan bir neçə dəfə istifadə etmək qərarında olacaqlar və yaxud bazar torbalarına keçəcəklər, həsir zənbillərdən istifadə olunacaq. Bu, ekoloji mühitin yaxşılaşmasına təsir göstərəcək. Mən təklif edirəm ki, həmin istehlakçılardan torbalar vasitəsilə yığılan pula müəyyən fond – ekologiya fondu yaradılsın, pullar orada toplansın və Azərbaycanın ətraf mühitinin yaxşılaşdırılmasına xidmət etsin. Üstəlik Azad İstehlakçılar Birliyi qalın torbaların da satılmasının qəti əleyhinədir. Çünki qalın torbalarda reklam materialı olur. Biz təklif edirik ki, bütün salafan torbalar, əsasən nazik olsun və üzərində heç bir yazı olmasın. Çünki yazılarda ağır metallardan istifadə olunur. Bunlar da zəhərləyici metallardır. Yəni torbalar şəffaf olmalı, nazik olmalı və təkcə ərzaq mağazalarında yox, digər satış yerlərində də salafan torbalardan imtinalara doğru getməlidir. Əhali bu işə ciddi dəstək verməlidir”.

Həmidə İBRAHİMLİ