31 Yanvar 2023

Əfqanıstanda qadınların kişi həkimlərə müraciət etmələrinə qadağa qoyuldu

Əfqanıstanda “Taliban” tərəfindən qadınlara qarşı təzyiq və təqiblər günü-gündən artır. Ölkədə qadınların universitetə ​​getmələri və işləmələri qadağan edilib və Türkiyə başda olmaqla bir çox ölkə bu qərara reaksiya verib. Bununla belə, təzyiqlər və qadağalar bitmir. Qadınların məhdud sayda azadlıqları da təhlükə altındadır.

Taliblər bu dəfə də ölkədə qadınların kişi həkimlərin yanına getmələrinə qadağa qoyublar.

“Qadınların universitetlərdə oxuyub həkim olmalarına icazə verilmir. İndi onlara kişi həkimlərin yanına getmək də qadağandır. Bu vəziyyətdə qadınlar ölməlidirlər. Qadınlar ölümə məhkum edilirlər”, – deyə ölkə daxilində və xaricdəki qadın hüquqları müdafiəçiləri qərara etirazlarını bildiriblər.

“Taliban”ın eyni qadağa çərçivəsində yaxın 10 gün ərzində qadın gözəllik salonlarını tamamilə bağlayacağı bildirilir.

Ölkənin keçmiş nazirlərindən olan Şəbnəm Nəsimi “Taliban”ın son qərarını pisləyib və: “Taliban”ın qadınlara qarşı apardığı müharibəyə qarşı utancverici susqunluq davam edir”, – deyə “Twitter” hesabında yazıb.//Oxu.az