29 Mart 2024

Ədalət və beynəlxalq hüquq Azərbaycanın atdığı addımların əsasında dayanır

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda dövlət başçısı İlham Əliyev bu mühüm məqamı xüsusi qeyd etdi ki, Ulu Öndərimizin yüzillik yubileyi ilə əlaqədar olaraq 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. İl ərzində müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxalq məsələlərə toxunaraq Azərbaycanda, həmçinin xaricdə çoxsaylı tədbirlər, konfranslar təşkil edilir. O da vurğulandı ki, dahi şəxsiyyətin 100 illik yubileyi, sadəcə, rəsmi xarakter daşıyan tədbirlərin keçirilməsi ilə deyil, xüsusi diqqət tələb edən real məsələlərin müzakirəsi ilə qeyd edilir. Çünki regiondakı geosiyasət dəyişib, məhz konfransın mövzusu da bu məsələni əhatə edir.

Təbii ki, konfransın adı özündə bütün məqamları ehtiva edir. Keçmişdən bu günə və gələcəyə baxdıqda görünən budur ki, Azərbaycan daim ədalətə və beynəlxalq hüquqa söykənir, bütün məsələlərin bu prinsiplər əsasında həllinə səy göstərir. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bu gün artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılan möhkəm hüquqi baza 44 günlük İkinci Qarabağ müharibəsində öz sözünü dedi. Dünya bu məfhumların mövcudluğunu qəbul etdi. Azərbaycanın bu gün xarici siyasət uğurlarından bəhs edərkən dəyişməz prinsiplərinin rolu daim önə çəkilir. Belə ki, ölkəmiz böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında münasibətlər qurur və yeni prioritetlər üzrə inkişaf etdirir.

Dövlət başçısı İlham Əliyev “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışı zamanı çox vacib məqamlara toxundu. Bir daha qeyd edildi ki, hazırkı dövrün əsas hədəfi tarixi Zəfərimizin reallıqları fonunda bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir.  

Prezident İlham Əliyev Ulu Öndərin 100 illik yubileyi ilə bağlı Şuşadan müraciətində də bu məqamı xüsusi qeyd etdi ki, İkinci Qarabağ müharibəsindəki Qələbə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Bu Zəfər Azərbaycan durduqca qəlbimizdə, yaddaşımızda, kitablarda, əsərlərdə qalacaq. Bu, qəhrəmanlıq dastanıdır. Bu, misli görünməmiş qəhrəmanlıqdır: “Ermənistan 30 il ərzində öz himayədarlarının dəstəyi ilə bu torpaqları bizə verməmək üçün gecə-gündüz əlləşirdi. Həm coğrafi relyefə arxalanırdı, 5, 6, bəzən 7 xətt müdafiə istehkam qurğularına arxalanırdı və himayədarlarına arxalanırdı. Hesab edirdi ki, biz bu vəziyyətlə barışacağıq. Amma mən deyirdim ki, yox, barışmayacağıq. Deyirdim bunu, gərək məni eşidəydilər. Deyirdim ki, gec-tez gələcəyik, bir təpiklə düşməni qovacağıq, öz Bayrağımızı qaldıracağıq və öz doğma torpaqlarımızda yaşayacağıq. İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. Bizi qabağa aparan məhz bu idi.”

Göründüyü kimi, bütün hallarda ədalət və beynəlxalq hüquq Azərbaycanın atdığı addımların əsasında dayanır. Həm sözügedən beynəlxalq konfrans, həm də dövlət başçısı İlham Əliyevin mayın 2-dən Qarabağa və Şərqi Zəngəzura silsilə səfərləri keçmişdən bu günə baxışın və bunun fonunda gələcəklə bağlı hədəflərin aydın təsəvvürünü yaradır. Ümummilli Liderin əsas arzusu Qarabağı və Şərqi Zəngəzuru azad görmək idi ki, Müzəffər Ali Baş Komandan bunu reallığa çevirdi. Ümummilli Liderin 100 illik yubileyinin Şuşada qeyd edilməsi və bu məkandan mesajların ünvanlanması qürurvericidir.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri