04 Oktyabr 2024

Doğma Laçınımızda həyat öz axarına qayıdır

Məlum olduğu kimi, İşğal etdikləri digər ərazilərimizlə yanaşı Laçın rayonunda da rəsmi İrəvanın hərbi cinayətləri sərhəd tanımamışdır. Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adları dəyişdirmiş, rayonun təbii resurslarının talan edərək qazanc mənbəyinə çevrilmişdir. Məqsədyönlü məskunlaşma siyasəti aparan Ermənistan əsasən, Suriyadan olan erməni əsilli qaçqınları Laçın ərazisində yerləşdirməklə demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olmuşdur.

27 sentyabr 2020-ci ildə başlanan və cəmi 44 gün davam edən Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfər nəticəsində Ermənistan kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı və imzalanmış Üçtərəfli Bəyanata əsasən 3 rayon Azərbaycana qaytarıldı ki, həmin rayonlardan biri də Laçın rayonu oldu. Hərbi əməliyyatlar zamanı Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmiş Laçın rayonu 1 dekabr 2020-ci il tarixdə Azərbaycana təhvil verildi. Cari ilin 26 avqust tarixində isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Laçın azadlığa qovuşduqdan sonra Prezident İlham Əliyev 6 dəfə rayona səfər etmişdir. Cari ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq Laçın şəhəri 234 ailəyə qucaq açıb və 904 laçınlının yurd həsrəti bitib. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

Avqustun 26 Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxış edən Prezident cənab İlham Əliyev qeyd etdi ki, Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Artıq 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi