15 İyun 2024

Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir

Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Rəhmon, həm də Ulu Öndər Heydər Əliyev, – hərəsi öz ölkəsində, – qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə hər kəs anlayır ki, sabitlik inkişafın və təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı. Xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar.

Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Bizim bugünkü uğurlu inkişafımız göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər. Bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürlər mövcuddur. Nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Azərbaycan Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırdır. Ona görə ki, Tacikistan bizə yaxın ölkədir və sabitlik hökm sürən ölkədir. Səfərin nəticələrinə əsasən ən yaxın vaxtda konkret addımlar atılacaq. Hökumətlərarası komissiyanın növbəti iclasını bu il Tacikistanda keçirmək barədə razılıq əldə olunub. Hökumətlərarası komissiyanın iclasına qədər bizim məhz nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verilmiş bütün tapşırıqlar yerinə yetiriləcək.

Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur. Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır. Tacikistandan olan 50-yə yaxın kursant bu gün Azərbaycanın Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin tədris müəssisələrində təhsil alır. Tacik tələbələrin sayının artırılmasına şərait yaradılmasına dair qərar qəbul olunub. Azərbaycanlı tələbələr də böyük sevinc və istəklə Tacikistanda təhsil ala bilərlər.

Dövlət səfəri çərçivəsində imzalanmış sənədlər:

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, Yerin məsafədən zondlanması və coğrafi informasiya sistemləri sahələrində əməkdaşlıq haqqında Saziş”

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”;

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol”;

“Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti ilə Tacikistan Milli Bankı yanında Maliyyə Monitorinqi Departamenti arasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, əlaqəli əsas (predikativ) cinayətlər və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı maliyyə kəşfiyyat məlumatlarının mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”;

“2025-ci ilədək Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planı”;

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Tacikistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında 2023-2024-cü illər üzrə kənd təsərrüfatı sahəsində əməkdaşlığın gücləndirilməsinə dair Yol Xəritəsi”;

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üzrə Əməkdaşlıq Proqramı”;

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Tacikistan Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində 2023-2024-cü illər üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi arasında investisiyalar, startapların təşviqi və sahibkarlıq sahəsində Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Tacikistan Respublikasının Hökuməti yanında Turizmin İnkişafı üzrə Komitə arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikasının Mərkəzi Bankı və Tacikistan Milli Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi yanında “Tacinvest” Dövlət Unitar Müəssisəsi arasında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”;

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Tacikistan Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandu.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı