19 Aprel 2024

Bu gün Od çərşənbəsidir – rəmzi mənası

Od qədim Azərbaycan xalqının inancına görə işıqlı sabah, xeyir-bərəkət rəmzi olub

Bu gün Azərbaycanda ikinci çərşənbə – Od çərşənbəsi qeyd olunur. Od çərşənbəsində od rəmzi məna daşıyır. O, yandırıb-yaxan, istilik verən məfhum kimi yox, müqəddəs məfhum  kimi təsvir edilir. “Suyun yumadığını od təmizlər” ifadəsi də buradan götürülüb. Alimlərin araşdırmasına görə, türk etnosu odu zərdüştlükdən, atəşpərəstlikdən də əvvəl müqəddəs sanıb və ona təmizləyici varlıq kimi yanaşıb.

Adətə görə, Od çərşənbəsində bayram tonqalı həyət qapısının sonunda qalanar ki, evə daxil olan özü ilə birgə ağırlıq, pis niyyət gətirməsin, nə varsa odda yansın.

Beləliklə, Od çərşənbəsi əsəsən ağırlığın məhv olduğu çərşənbə kimi xarakterizə olunur. Türk dünyagörüşünün mifoloji qatında mistik qüvvələrə inam hər zaman olub. Hər zaman da o qara qüvvələri məhz odun məhv edə biləcəyinə inanıblar. Od çərşənbəsi həm də onların məhvi baxımından vacib ritual sayılıb. Belə bir deyim də var: “Qara yerdən üstünə qonan görünməzlər var, oda ver, yandır”.

Bu gün Od çərşənbəsidir

Od çərşənbəsinə qədimdə “Üskü çərşənbə”, “Üskü gecəsi” də deyilib. Od qədim Azərbaycan xalqının inancına görə işıqlı sabah, xeyir-bərəkət rəmzi olub. Bu çərşənbədə tonqallar daha möhtəşəm yandırılar. Qədim dövrlərdə Od çərşənbəsində tonqalı hündür yerdə-dağ, təpə başında qalayar, bütün el həmin tonqalın başına yığışarmış. Odunlar yenicə alışmaya başlayanda qız-gəlin odun şərəfinə nəğmələr söylərmiş. Həmçinin adətə görə, qohum-qonşular yasda olan ailənin həyətində tonqal çatar, bununla da o ailəni yasdan çıxararmışlar.

Qədimdə Od çərşənbəsində sübh tezdən Günəşə qurban aparmaq adəti olub. İnanca görə, Günəşi nə qədər əzizləsələr, qarşıdakı il bir o qədər xoş keçər, təbiət bir o qədər dirilər.

Qeyd edək ki, bəzi bölgələrdə ikinci çərşənbəni Torpaq və yaxud Yel çərşənbəsi kimi qeyd edənlər də var. Bu sıralama daim müzakirə mövzu olaraq qalmaqdadır.

Məsələn, Naxçıvanda bu gün Od çərşənbəsi deyil, Torpaq çərşənbəsi qeyd edilir. Naxçıvanlılar sonuncu, dördüncü çərşənbəni Od çərşənbəsi kimi qeyd edir. Lakin ölkəmizdə rəsmi olaraq ikinci çərşənbə Od çərşənbəsi kim qəbul olunub. İnsanlar bu çərşənbələri dünyanın yaranmasında iştirak edən ünsürlərin hər birinin oyanmasına görə əziz tutub və bayram kimi qeyd edib ki, bu da ənənələrdən gəlir.

Od Çərşənbəsi 2021 - Təbrik Videosu - YouTube

Ümumiyyətlə, Novruz mərasimlərində, çərşənbələrində ən vacib elementi odla bağlıdır. Çünki odun, istiliyin artması, getdikcə havaların qızması və sairə məsələlərlə bağlı idi. Novruzun əsas da gəlişi də Günəşin cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi anda baş verir, hansı ki, bu, mart ayının 20-də gündüz saatlarında 13:37 dəqiqədə baş verəcək. Günəş cənub yarımkürəsindən şimal yarımkürəsinə keçən zaman yaz bərabərliyi nöqtəsi deyilən yer var, orada Günəşin Azərbaycana düşmə bucağı 50 faiz təşkil edir. Bu o deməkdir ki, gecə-gündüz bərabərliyi yaranır. Gecə və gündüzün 12 saat olması faktı həmin bu bərabərlik məsələsinə işarədir.

Tonqaldan başqa xalq arasında şam yandırmaq ənənəsi də var. Burada şam – yandırmaq, al-qırmızı mənasındadır. Hər bir evdə ya hər ailə üzvünün adına, ya da ümumi olaraq bir şam yandırılır. Bütün bunların hamısı odu, Günəşi simvolizə edir.

Odun, istiliyin artması eyni zamanda əkinçi həyatının başlanmasına gətirib çıxarır. Bildiyimiz kimi, yaz aylarında tarlalarda əkin işləri başlayır. Bununla da yaz bayramı həm də əkinçilik bayramıdır. Çünki əkinçilik xalqın çörəyidir. Çörəyin bolluğu xalqın yaşamasıdır, inkişafıdır, gələcəyidir.

Qeyd edək ki, xalq təqviminə əsasən Azərbaycanda Od çərşənbəsi fevralın 28-nə, Yel çərşənbəsi martın 7-nə, sonuncu ilaxır, Torpaq çərşənbəsi isə martın 14-nə təsadüf edir.

Azərbaycan ərazisinə baharın gəlişi isə martın 20-si Bakı vaxtı ilə təxminən saat 13:37:00 radələrində baş verəcək. Martın 19-u ölkəmizdə bayram axşamı, 20-si isə bayram günü kimi qeyd ediləcək.

Xalidə GƏRAY