27 İyul 2024

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci Qarabağ Elmi- Tədqiqat bazası ilə uğurlu əməkdaşlıq edir

Müqəddəs torpaqda indi alimlərimiz tər tökür

Yolumuz Şıxarxadır.

O Şıxarxa ki, orda ağır döyüşlər gedib. Mənfur düşmən xainliyinin acı dərsini alaraq buradan qovulub. İndi burda azərbaycanlı aqronom alimlərimiz elmi tədqiqatlar aparır, məhsuldar taxıl sortları yetişdirir, ağac tinglərinin calaq yolu ilə təkmilləşdirilməsi aparılır.

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayevin dəvətilə Şıxarxa gedən heyətlə birgə yola çıxırıq. Mənzil başına çox çəkmir ki, yetişmiş oluruq.

Kollecin direktoru Xosrov Musayev İlk qarşılaşdığımız erməni abidəsini bizə göstərir.Hansı ki, ermənilər İranın Marağasından köç etmələrinin 150 illiyinin şərəfinə abidə qoyublar. Sonradan tarixin gerçək üzü özlərini “qədim xalq”adlandıran ermənilərin kimliyini göstərdiyi üçün abidəni yerlə yeksan ediblər. Ancaq tam məhv edə bilmədiklərindən indi həmin qalıqlar mühafizə altına alınıb.

Müharibənin dəhşətli izləri hələ də qalmağındadır. Uçan – dağılan evlər yerlə yeksan olub. Xarabalıqlar arasında tikilən evlərdən hiss olunur ki, burada yenidən həyatın öz axarına düşmək istəyir.Gedəcəyimiz ünvan  Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasına isə lap az qalmışıq. Çala-çuxur yolla dağılmış evlər, səngərlər keçməli oluruq.

Yetişirik ünvana.

Bazanın fəaliyyət göstərdiyi yer bir talvardan ibarətdir. Hansı ki 50 – ci illərdə akademik İmam Mustafayevin rəhbərliyi ilə burada yaradılımış baza yaşıllıqlarla əhatə olunmuş,işçilərin fəaliyyəti üçün hərtərəfli şərait yaradılmışdır. Bazanın keçmişini əks etdirən şəkilə baxanda o illərin möhtəşəm elm müəssisəsinin şahidi oluruq. Gözəl binalar inşa edilmiş, aqronom alimlər bu gözəl məkanı cənnətə çevirmişdilər. İndi həmin gözəlliklərdən əsər əlamət qalmayıb. Mənfur erməni separatçılarının yaratdıqları müharibə ucbatından buralar xarabalığa çevrilib. Görünən indi səngərlərdir. Və bu səngərlərin arasında indi Azərbaycan elmi yenidən dirçəlməyə başlayır.

Qeyd: Baza 1950-ci ildə DQMV-nin Mardakert rayonu ərazisibdə ( indiki Tərtər rayonu Şıxarx qəsəbəsi adlanan)yaradılmış,1977-ci il tarixli B-N000134 nömrəli Dövlət Aktı ilə 1964,60 ha olan torpaq sahəsinə sahib olmuş və 1989-cu ilin iyul ayına kimi EA-nın Genetika və Seleksiya İnstitunun yüksək,səmərəli elmi-tədqiqat bazası olaraq fəaliyyət göstərmişdir.Bazanın əsas istiqamətləri dənli-taxıl, paxlalı, texniki,yem,meyvə,giləmeyvə,üzüm və başqa bitkilərin,eləcə də kənd təsərrüfatı heyvanlarının genetik ehtiyyatlarının toplanması,öyrənilməsi ,seleksiyada səmərəli istifadə edilərək yeni bitki sortları və heyvan cinslərinin yaradılması,onların ilkin toxumçuluğunun və damazlıq işinin təşkili və yayılması olmuşdur. Burada müxtəlif bitkilərə aid 30-dan çox yüksək məhsuldar sort və yüzlərlə hibrid yaradılaraq Qarabağ bölgəsinin təsərrüftlarında geniş ərazilərdə becərilmiş,regionda kənd təsərrüfatının inkişafına əhəmiyyətli təsir göstərmişdir.Dünya miqyasında tanınan 60 nəfər yüksəsk ixtisaslı işçi olmaqla , Bazada ümumilikdə 150-dən artıq əməkdaş fəaliyyət göstərmişdir.QETB-də müxtəlif dövrlərdə görkəmli alimlərdən AMEA-nın akademikləri İmam Mustafayev,Cəlal Əliyev,İlyas Abdullayev,Ələkbər Quliyev,müxbir üzv Ağaxan Ağabəyli,elmlər doktorlarından İdris Axundzadə,Aydın Sadıqov,Ada Əlizadə və başqaları uzun müddət səmərəli fəaliyyət göstərməklə elmin inkişafına və alınan nəticələrin istehsalata tətbiqinə öz töhfələrini vermişlər.

Bizi burada baş aqronom Məhəmməd Şirinov qarşılayır. Çox səmimi, hərarətli salamlaşması ilə qəlbimizi sevindirir. Müharibənin acı mənzərələri içində hələdə xain ermənilərin atəş altında olmasına baxmayaraq Məhəmməd müəllimin nikbinliyi, əhval ruhiyyəsi hər kəsin ovqatına rəng qatır. Vaxt itirmədən Məhəmməd  müəllimin təklifi ilə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllim və tələbələri Bazada görülən işlərlə tanış olurlar. Baş aqronom tingçilik bölməsində sortlaşdırılan calaq edilmiş ağaclar barədə məlumat verir.

Ərik, nar,göyçə alçası, alma ağaclarının calaq üsulu barədə elmi məlumatlar hər kəsin marağına səbəb olur. Kollecin burada təcrübə keçən tələbələrinin hazırlığı da  baş aqronom Məhəmmdə Şirinovu sevindirir. Aqronom Mehman Musayev, aqronom tələbələrin biologiya müəlliməsi Aynur xanımın da müzakirələrdə fəallığı Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsilin keyfiyyətli tədrisindən xəbər verir.

Bazada yetişdirilən ağac tinkləri, tərəvəz məhsulları,taxıl sortları min bir zəhmətin məhsuludur. Tinglərin arasında ketmanla becərmə aparan zəhmətkeş qadının işləri də buradakı əmək prosesinin tərkib hissəsidir. Məhəmməd müəllim deyir ki, bu cəsur qadın erməni mövqələrinin müşahidə altında olmasına baxmayaraq heç nədən qorxmur. Gündəlik işinin başındadır. Oğlu hərbi xidmətdə, özü isə burada vətənə xidmət edir.Doğrusu, belə cəsur , zəhmətkeş insanlarımız ilə qürur duymamaq olmur.

Baş aqronom tərəvəz məhsullarının yetişdirilməsi barədə praktik təcrübələrindən danışdıqdan sonra ekskursiyanın birinci mərhələsi yekunlaşır.

Heydər çinarı, Zəfər çinarı, İlham çinarı

Təcrübə sortlaşdırma sahəsində fidan çinarların gözəlliyi xüsusi zövq verir. Məhəmməd müəllim əziyyətlə əkib. Maşınında su daşıyıb suvarırmış. 44 günlük müharibədən sonra bu çinarlardan birinə Zəfər adını verib. Bildirdiyinə görə çinarlara ad verib. Biri Heydər çinarıdı, biri 44 günlük müharibədə əldə edilən qələbənin şərəfinə Zəfər çinarı, üçüncüsü, qələbəni əldə etməkdə ağıllı, uzaqgörən sərkərdəmizin hünərinə görə İlham çinarı adlandırıb. Çinarlar indi boy verir. Düşmən bağrını çatladır. Gördüyümüz dağların qoynunda gizlənən xain ermənilərin görsün ki, onlar xarabalıqlar yaratmaqdan başqa bir şey bacarmadıqları halda Azərbaycan xalqı daim qurub yaratmağa , həyat eşqi ilə yaşamağa layiqdir. Çinarlar indi gur sulu artezianla suvarılır. Baş aqronom Məhəmməd Şirinov artezian quyusunun qazılması üçün möhtərəm Prezidentimiz İlham Əliyevə təşəkkür edir. O bu sırada Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovu, habelə çalışdığı müəssisənin rəhbərliyini də yaddan çıxarmır. Gələcək planlardan danışarkən tezliklə elmi-təhqiqat bazasının möhtəşəm uğulara imza atacağından əminliklə danışır. Bildirir ki, yaxın vaxtlarda Suqovuşan Bərdə kanalının istifadəyə verilməsi sayəsində bazanın ixtiyarında olan torpaqların suvarılması üçün yeni imkanlar açılacaq və bunun da nəticəsində becərilən əkin sahələri genişlənəcəkdir. Bazanın infrastrukturunun bərpası, yeni binaların inşası , alimlərin iş şəraitinin təkmilləşdirilməsi üçün gələcəkdə görülməli işlər heç də az deyil. Baş aqronom Məhəmməd Şirinov gələcəkdə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecini də Baza ilə əməkdaşlığını nəzərdə qaçırmır.

“ İstiyərik Bərdə Kollecinə də müqavilə ilə burda yer verək. Siz də bizim tərəfdaşımız olasınız. Tələbələriniz bizimlə işləyib həm təcrübə əldə edər, həm də qazanc götürə bilərsiniz”-deyə Məhəmməd Şirinov arzusun dilə gətirir.

Taxıl növləri ilə tanışlıqdan sonra Bazanın tarla düşərgəsi kimi yaradılmış günlük çardağında rəsmi tədbir elan olunur.Rəsmi tədbir zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik yad olunur. Qeyd olunur ki, durduğumuz hazır ki yerdə ağır döyüşlər olmuş, yüzlərlə əsgərimiz öz şirin canından keçmişdir. Baş aqranom Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci ilə əməkdaşlığı yüksək qiymətləndirmiş, ümid etmişdir ki,  gələcəkdə də bu əməkdaşlığın perespektivləri  faydalı olacaqdır. Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev də qurulan əməkdaşlığın tərəflər arasındakı faydalılığından danışıb. Baza rəhbərliyinə göstərilən diqqət və qayğıya səmimi əməkdaşlığa görə təşəkkürünü bildirib.

Son

Tədbir xoş əhval ruhiyyə ilə başa çatır. Sağollaşıb Şıxarxdan ayrılır. Burda Azərbaycan əsgəri keşik çəkir. Mənfur ermənilərin hər an təxribatına cavab verməyə hazırdır. Bir sözlə bu gün həm əsgərlərimiz, həm də alimlərimiz birgə torpaqlarımızın keşiyindədirlər. Lap ulu Dədə Qorqud babamızın vəsiyyətində dediyi kimi “torpağı əkmədinsə qorumağa dəyməz” misalını xatırlamalı olursan. Bu gün gördüyümüz mənzərə isə belədir. Burada əsgərlərimiz torpağımızı qoruyur, alimlərimiz torpaqlarımızı əkirlər.

Yaxın vaxtlarda buraların şöhrətinin dünyaya səsə salacağına əminliklə

Musa Muradlı

LİVEPRESS