19 Aprel 2024

Bayden Putinə daha bir ağır zərbə vurdu: Zelenski ABŞ-dan Rusiyanı sarsıdacaq silahla qayıdır

Hərbi müttəfiqləri və dəstək gözlədiyi ölkələr Kremllə məsafə saxlayır, Çin isə ABŞ və Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalara tam şəkildə qoşulub və onları icra etməyə başlayıb… Ağ Ev sahibi isə prezident Volodimir Zelenskiyə onun ABŞ səfərindən sonra Ukraynaya 45 milyard dollarlıq dəstək və ən qabaqcıl raket sistemləri veriləcəyini vəd edib…

Rusiyanın “qara günləri” sürətlə yaxınlaşır. Kreml mövcud sitiasiyadan çıxış yolları axtarmaqda davam edir. Ancaq Rusiyanın gələcək taleyini xilas edə biləcək planlar da, variantlar da bir-birinin ardınca iflasa uğrayır. Və bu səbəbdən də Kremlə yaxın siyasi dairələrdə çaşqınlığın hökm sürməsi o qədər də təəccüblü deyil.

Məsələ ondadır ki, Rusiya siyasi dairələrində isterik əhval-ruhiyyənin ön plana keçdiyi açıq-aşkar nəzərə çarpır. Hətta Kremlə yaxın politoloq Sergey Markovun son açıqlamalarında Putin hakimiyyətinə yönəlik dolayısı tənqidlərin olması da bunun əlaməti sayıla bilər. Belə ki, rus politoloq Rusiya ordusunun müdafiə taktikasından şikayətlənir, Kremlin nə vaxt hücum planları quraraq, savaşı qələbə ilə yekunlaşdıracağını soruşur.

Təbii ki, bu, Rusiyada savaş zəfərinin mümkünlüyünə pessimist yanaşmanı göstərir. Halbuki, prezident Vladimir Putin də son açıqlamalarında Rusiyanın qalib gələcəyinin mesajlarını verməyə çalışmışdı. Kreml sahibi vurğulamışdı ki, dünya Rusiyanı məmnun edə biləcək səviyyədə yaxşıya doğru dəyişməyə başlayıb.

589a5d6b-1529-49b3-a780-2aafa6e86dde.jpg (110 KB)

Ancaq nə qədər qəribə də olsa, Rusiya prezidenti bu yaxşıya doğru dəyişikliklərin nədən ibarət olduğunu izah etməyə həvəs göstərməmişdi. Əksinə, Kreml sahibi “optimist fikirlər”inin davamında Rusiya vətəndaşlarının və cəmiyyətinin daha uzunmüddətli savaşa hazır olmasını tövsiyyə etmişdi. Prezident V.Putin orduya yeni cəlb olunmuş 300 min hərbçidən 150 min nəfərin artıq cəbhə bölgəsində olduğunu bildirmişdi. Geri qalan 150 min nəfərin isə hələ hərbi təlimlərə davam etdiklərini vurğulamışdı.

Şübhəsiz ki, Kreml sahibinin bu açıqlamaları Rusiya cəmiyyətində optimist əhval-ruhiyyə yarada bilməz. Çünki bəzi cavabsız suallar da mövcuddur. Məsələn, orduya yeni cəlb edilən 150 min hərbçinin hansı səbəbdən hərbi təlimlərsiz cəbhə bölgəsinə göndərildiyi məlum deyil. Belə ehtimal edilir ki, Rusiya ordusu Ukrayna savaşında çıxılmaz vəziyyətə düşdüyündən Kreml təlimsiz hərbçiləri cəbhə bölgəsinə göndərmək məcburiyyətində qalıb.

Ancaq problemlər və cavabsız suallar bununla məhdudlaşmır. Prezident V.Putinin orduya yeni cəlb edilmiş hərbçilərin silah-sursatla və hərbi texnika ilə təmin olunacağını vurğulaması da narahat doğurib. Rusiya cəmiyyətində belə qənaət yaranıb ki, Kreml ordunu silah-sursat və hərbi texnika ilə təchiz etməkdə çətinlik çəkir. Əks halda, prezident V.Putin bu barədə şəxsən vədlər vermək məcburiyyətində qalmazdı.

Nəhayət, gələn ilin ilk iki ayı ərzində Rusiyada ümumi səfərbərlik elan ediləcəyi ilə bağlı məlumatlar da yayılıb. Kremlə yaxın siyasi və hərbi dairələr bu məlumatlara reaksiya verməkdən yayınmağa çalışırlar. Bununla da, ümumi səfərləyin olacağı, Rusiya ordusuna daha bir milyon nəfər hərbçinin cəlb ediləcəyi barədə iddiaları dolayısı ilə təsdiqləmiş olur.

1ce17cada3fa5a6dc9ca7f728943fdba.jpg (295 KB)

Göründüyü kimi, Rusiyanın vəziyyət getdikcə ağırlaşmaqda davam edir. Üstəlik, Rusiyanın hərbi müttəfiqlərinin və dəstək gözlədiyi digər ölkələrin Kremlə yardımdan yayınması da situasiyası faciəvi həddə yaxınlaşdırır. Xüsusilə də, rəsmi Pekinin Kremllə məsafəli davranması Rusiya üçün ən ciddi problemlərdən biri kimi dəyərləndirilir. Çünki Rusiya KİV-ləri də etiraf edirlər ki, rəsmi Pekin Kremlin dəstək müraciətlərinə laqeyd yanaşır. Üstəlik, son vaxtlar Çin bankları ABŞ və Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalara tam şəkildə qoşulub və sanksiyaları icra etməyə başlayıb.

Bütün bunları nəzərə aldıqda, ABŞ prezidenti Co Baydenin belə əminliklə “Rusiya qalib gəlməyəcək” deyə bilməsi qətiyyən təəccüblü deyil. Ağ Evdə savaşın gələcək taleyi ilə bağlı planları artıq Rusiyanın durumuna görə deyil, sadəcə, Ukrayna ordusunun gücləndirilməsi üzərindən qururlar. Prezident Co Baydenin xərci nə qədər olursa-olsun, ABŞ-ın daim Ukraynanı dəstəkləyəcəyini vurğulaması da bunu təsdiqləyir. Onun fikrincə, Ukrayna xalqı Rusiyanın imperialist iştahına sinə gərməyi bacardığı üçün hər cür dəstəyə layiqdir.

Maraqlıdır ki, Ağ Ev strateqləri nə qədər optimist olsalar da, Ukrayna prezidenti Volodimir Zelenski üzərindən müxtəlif manevrlər etmək məcburiyyətində qalıblar. Belə ki, ABŞ Konqresində çoxluğu ələ keçirən respublikaçılar Bayden adminsitrasiyasının Ukraynaya ayırdığı hərbi dəstəyin maliyyə həcmini azaltmaq niyyətindədir. Bu səbəbdən də, Ağ Ev administrasiyası prezident V.Zelenskini birbaşa ABŞ Konqresinin qarşısına çıxartmaqla bu problemi həll etməyə çalışır.

Belə anlaşılır ki, Ağ Ev ABŞ Konqresinə “Hərbi dəstəyə ehtiyacı olan Ukraynanın prezidenti V.Zelenski qarşınızdadır. Əgər, dünyanı Rusiya aqressiyasından qorumağa çalışan Ukraynaya yardım göstərmək istəmirsinizsə, bunu elə V.Zelenskinin özünə deyin” mesajı verir. Ancaq prezident V.Zelenski ABŞ Konqresində böyük çoşqu və təmtəraqla qarşılanıb. Və böyük ehtimalla Ağ Evin Ukraynaya yardım paketinin təsdiqlənməsi reallaşa bilər.

821849.png (663 KB)

Məsələ ondadır ki, Bayden administrasiyası 2023-cü ildə Ukraynaya 82 milyard dollar həcmində dəstək planlaşdırır. Ağ Ev sahibi son açıqlamasında vurğulayıb ki, prezident V.Zelenskinin ABŞ səfərindən sonra Ukraynaya illik yardımın 45 milyard dollarlıq hissəsini imzalamaq imkanı qazana biləcəyinə ümid bəsləyir. Və Ukraynanın ən qabaqcıl hava hücumundan müdafiə sistemləri ilə təmin olunacağını vəd edib.

Onu da qeyd etmək lazımdır ki, Ağ Ev strateqləri Ukrayna prezidenti V.Zelenskinin ABŞ səfəri ilə bağlı öz hədəflərinə müəyyən qədər nail olmuş kimi görünür. Belə ki, Ağ Ev sahibi Co Bayden bildirib ki, prezident V.Zelenski Ukraynaya 2 milyard dollarlıq silah-sursat və hərbi texnika, o cümlədən, “Patriot” HHM sistemləri ilə geri dönəcək. Və bu, Ukrayna ordusu üçün ən önəmli hərbi yardım variantı sayıla bilər.

Nəzərə almaq lazımdır ki, hazırda Kreml Rusiya ordusunu ən elementar, hətta köhnəlmiş silah növləri ilə belə, təchiz etməkdə çətinlik çəkir. Ancaq ABŞ Ukrayna ordusuna dünyanın bir çox ölkələrinin məmnuniyyətlə sahib olmağa çalışdığı NATO silahı olan “Patriot” raket sistemləri göndərir. Və bu, Rusiya ordusunun yaxın vaxtlarda daha faciəvi vəziyyətə düşəcəyini iddia etməyə tamamilə əsas verir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu