27 İyul 2024

Azərbaycanın inkişafında yeni mərhələ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti nəticəsində Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artıb. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən daxili və xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl addımlar atır.

Prezident İlham Əliyev yanvarın 10- da yerli televiziya kanallarına müsahinə verib. Ölkə başçısı müsahibəsində bildirib ki, seçkilər bir dövrə yekun vurur. Suverenliyimiz tam bərpa olunub. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. Bütün amilləri – siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün bütün ərazilərdə keçiriləcək birinci seçkilər prezident seçkiləri olmalıdır.

Prezident fəaliyyətimin 20 ili tamamlanması bir dövrdür. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur. Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı cəmiyyətdə də diskussiyalar aparılmalı, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar bu prosesdə fəal iştirak etməlidirlər. Yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək. Tarixi Zəfəri bundan sonra daim istismar etmək düzgün olmaz. Çünki birincisi, siyasi nöqteyi-nəzərdən düzgün olmaz. İkincisi, cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdır. Biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət bundan sonra da davam edəcək. Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir.

Bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar. Bu, bizi bundan sonra da rahat yaşamağa qoymamaq üçün səylərdir və əfsuslar olsun ki, burada da Fransa yenə də ön plandadır. Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur. Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə biz heç vaxt sakitləşməməliyik. Bu il müdafiə sənayesi kompleksinin nəzdində olan zavodlarımıza həm dövlət, həm özəl sektor tərəfindən ən azı bir milyard manat investisiya qoyulacaq. Yeni silahlı birləşmələr antiterror əməliyyatında çox önəmli rol oynamışdılar, yeni texnika, yeni sursatlar, ən müasir avadanlıq. Biz özümüzü daha böyük həcmdə lazım olan vasitələrlə təmin edəcəyik. Bizə qarşı qanlı müharibə aparan, vandallıq törədən, Xocalı soyqırımını törədən, torpaqlarımızı, şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edən canilər bu gün həbs olunub, saxlanılıb və ədalət qarşısında cavab verəcəklər.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi