27 İyul 2024

Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmayıb – RƏY

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin cari ilin 8 noyabr tarixində Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda çıxışında vacib məqamlar yer alıb.

Bu fikirləri “İki sahil”ə açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib.

İctimai birlik sədrinin sözlərinə görə, Azərbaycanın qələbəyə doğru irəlilədiyi yolla diqqət çəkən Prezident İlham Əliyev regionda sülhün vacibliyini xüsusi olaraq qeyd edib. Dövlət başçısı çıxışında açıq və aydın olaraq bildirdi: “Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik”. Əlbəttə regionda sülhü bərqərar olması təkcə Azərbaycanın istəyindən asılı deyil. Bunun üçün Ermənistan və onun havadarları da  eyni istəkdə olmalıdırlar.

“Xüsusən hesab edirəm ki, beynəlxalq təşkilatlar və güc mərkəzlərini formalaşdıran dövlətlər bu məsələdə vicdanlı olmalıdırlar. Prezidentin xəbərdarlığı sözsüz ki, bəzi dövlətlərin regionda qarışlıq yaratmaq cəhdlərinin olması, həmin dövlətlərin Ermənistanın revanşist ideyalarını dəstəkləməklə bağlı müşahidələrlə bağlıdır. Ötən dövrdə biz Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr məkirli planlarının dəfələrlə şahidi olmuşuq.”

C.Hüseynzadə  bildirib ki, bu baxımdan Prezident İlham Əliyevin önəmli xəbərdarlıq mesajı həmin qüvvələr üçün dərs olmalıdır:  “Xankəndi şəhərində təşkil olunmuş parad, eyni zamanda Azərbaycan Ordusunun 44 günülük müharibədə və bir sutkadan da az müddət davam etmiş antiterror tədbirində göstərdiyi yüksək peşəkarlıq və  qəhrəmanlıq həmin qüvvələrin analizi üçün ən yaxşı nümunələrdir. Bu nümunələr Azərbaycanın regionda yaratdığı yeni reallıqları əyani təsvir edir.”

Təşkilat sədri vurğulayıb ki, “separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq” deyən dövlət başçısının çıxışında separatizmlə bağlı məsələyə xüsusi yer ayırması da bəzi xarici dairələrə xəbərdarlıq idi. “Bəli bunun qarantiyası da Azərbaycan dövlətinin bu gün bütün əraziyə nəzarət etməsidir. Və gələcəkdə hər hansı separatizm rüşeymləri cücərmək istəsə onun qarşısını  on minlərlə Azərbaycan hərbçisi dərhal və yerindəcə alacaq. Cənab Prezidentin hər zaman Azərbaycan Ordusuna, Azərbaycan əsgərinə qiyməti və hörməti bir nümunə olmalıdır.

Cənab Prezident hərbi paradda da bu məsələyə xüsusi diqqət yetirməsi hər birimiz üçün qürurvericidir. Prezident çıxışında qeyd etdi ki, “Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah olan əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, ölümə getməyə hazırdır və biz bunu göstərmişik.”

“Ən çətin, əlverişsiz coğrafi vəziyyətdə altı müdafiə zolağını yararaq, döşənmiş bir milyondan artıq minanın üzərindən keçərək, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək, Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstərmişdir”  – deyən Ali Baş Komandan dövlət başçısı Azərbaycan əsgər və zabitinə öz yüksək qiymətini vermişdir.  Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmayıb.

Təşkilat sədri vurğulayıb ki, Prezidentin mesajlarını Ermənistan və onun havadarları nəzərə almasa, bu Ermənistan üçün daha da ağır nəticələrə sahib olacaq. Prezidentin də qeyd etdiyi kimi erməni xalqının bəlalarının səbəbkarları Ermənistana rəhbərlik etmiş bütün şəxslərdir.

Yaqut Ağaşahqızı, “İki sahil