11 Oktyabr 2024

Azay Quliyev: “Silahlı Qüvvələrimizin daha da güclənməsi vacib şərtdir”

Deputat Azay Quliyev Milli Məclisdə, hökumətin 2023-cü il üzrə hesabatı ilə bağlı çıxış edib.

Musavat.com xəbər verir ki, A.Quliyev çıxışa belə başlayıb:

“Hər şeydən öncə mən də istərdim cənab Baş nazir, Sizi və Nazirlər Kabinetinin bütün üzvlərini hörmətli Prezidentimiz tərəfindən Sizə göstərilən yüksək etimad münasibətilə ürəkdən təbrik edim, hər birinizə məsuliyyətli və şərəfli dövləti işinizdə uğurlar arzulayım”.

Deputat bildirib ki, 2023-cü il Azərbaycan xalqı və dövləti üçün çox uğurlu bir il olub:

“Bu ilin ən böyük uğuru və tarixi hadisəsi, heç şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və rəhbərliyi ilə qəhrəman ordumuz tərəfindən Qarabağda 100 ildən çox yuva salmış aqressiv separatizmə və “miatsum xəstəliyinə” birdəfəlik son qoyulması, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam olaraq bərpa edilməsidir”.

Azay Quliyev qeyd edib ki, hamı hökumətin keçənilki fəaliyyəti haqqında hərtərəfli və peşəkar formada hazırlanan hesabatı ilə tanışdır:

“Hesabatın analizi onu deməyə əsas verir ki, hökumətin 2023-cü ildə fəaliyyəti uğurlu olub və dövlət başçısı tərəfindən qarşıya qoyulmuş strateji vəzifələr müvəffəqiyyətlə icra edilib. Bunların bəzilərini ayrıca olaraq qeyd etmək istərdim.

Birinci, təqdirəlayiq haldır ki, təbii səbəblərə görə neft-qaz sektorunda istehsalın azalmasına baxmayaraq, hesabat ilində ümumi daxili məhsulun həcmində artım dinamikası qorunub saxlanılıb. Xüsusilə, iqtisadiyyatın qeyri- neft sektorunda artımın 3,7 faiz, sənayedə isə 8 faiz olması ölkəmizin gələcək inkişafının təminatı baxımından vacib göstəricidir.

İkinci, bütün təzyiqlərə rəğmən, manatın məzənnəsinin sabit saxlanılması və dünyanın ən çox əziyyət çəkdiyi inflyasiyanın müəyyən edilmiş illik hədəfdən kənara çıxmasına imkan verilməməsi hökumətin aktivinə yazılmalıdır.

Üçüncü, xalqımız və dövlətimiz üçün strateji vəzifələrdən biri olan “Böyük Qayıdış və işğaldan azad edilmiş ərazilərimizin bərpası proqramının” icrasının uğurla davam etməsini qeyd etməliyik.

Belə ki, keçən il Qarabağda və Şərqi Zəngəzurda onlarla infrastruktur layihələrinin tamamlanması, yeni tikilən evlərə 4365 nəfər keçmiş məcburi köçkünün qaytarılması və onların 30 illik vətən həsrətinə son qoyulması hökumətin gərgin əməyi nəticəsində mümkün olub.

Dördüncü, hökumətin uğurları sırasında ölkəmizin müdafiə sənayesinin inkişafı və ordu quruculuğu istiqamətində aparılan islahatları qeyd etməliyik.

Fransa və Hindistan kimi ölkələr tərəfindən Ermənistanın sürətlə silahlandırılması və revanşist qüvvələrin şirnikləndirilməsi fonunda Azərbaycanın silahlı qüvvələrinin daha da güclənməsi milli təhlükəsizliyimizin təminatı üçün vacib şərtdir. Məhz görülən işlərin nəticəsidir ki, Silahlı Qüvvələrimiz ölkəmizə qarşı baş verə biləcək istənilən hərbi təxribatın qarşısını qətiyyətlə almağa qadirdir və regionda tətiklənəcək istənilən qarşıdurmaya və ssenariyə hazırdır.

Beşinci, hesabat ilində dövlət təhlükəsizliyimizn yüksək səviyyədə təmin olunmasını, ictimai asayişin qorunmasını və cinayətkarlığa qarşı effektiv mübarizənin aparılmasını, o cümlədən maaş, pensiya, müavinət və təqaüdlərin artırılmasını hökumətin məhsuldar fəaliyyətinin tərkib hissəsi kimi ayrıca vurğulamaq istərdim”.

A.Quliyev bildirib ki, təkcə qeyd etdiyi bu nəticələrə görə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti tam qənaətbəxş hesab edilməli və hesabatı nəzərə alınmalıdır.

Sonda isə deputat seçildiyi Binəqədi rayonundakı 27 saylı şəhər poliklinikasının 7 ildir istismara yararsız olan binasının yenidən tikilməsi ilə bağlı problemi bir daha diqqətə çatdırıb:

“Səhiyyə Nazirliyinin və digər aidiyyəti qurumların məsələyə dair müsbət rəyinə və bəzi sənədləşmə işlərinin başlanılmasına baxmayaraq, problem hələ də həll olunmayıb.

Ona görə də hörmətli cənab Baş nazir, seçicilərim adından Sizə müraciət edərək 30 mindən çox əhaliyə xidmət etməli olan 27 saylı şəhər poliklinikası binasının tikintisinə köməklik göstərməyinizi xahiş edirəm. Digər bir məsələ Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 157 saylı tam orta məktəbin idman və futbol meydançalarının təmir edilərək məktəbin istifadəsinə qaytarılması ilə bağlıdır.

Belə ki, qeyd olunan idman və futbol meydançaları 2007-ci ildə “Təhsil” Respublika İdman Mərkəzinin balansına veriləndən sonra hasara alınıb və 1500-dən çox şagirdi olan məktəbin bu infrastrukturdan istifadəsi məhdudlaşdırılıb. Hörmətli təhsil nazirindən bu məsələni şəxsi nəzarətinə götürməsini və həlli üçün müvafiq addımlar atmasını xahiş edirəm”.

E.Paşasoy,
Musavat.com