19 Aprel 2024

Azay Quliyev: “Beynəlxlaq ictimaiyyət ən sərt formada molla rejiminə reaksiya verməlidir”

“İranın Azərbaycana qarşı törətdiyi növbəti təxribatına və təhrikedici addımlarına beynəlxlaq ictimaiyyət ən sərt formada reaksiya verməli və molla rejiminin bu addımını qəti şəkildə qınamalıdır”.

Media1.az xəbər verir ki, bunu millət vəkili, ATƏT PA-nın Komitə sədri Azay Quliyev bildirib: “İran İslam Respublikasına məxsus hərbi təyyarənin dəfələrlə Azərbaycanın dövlət sərhədi boyunca, xüsusilə Zəngilan və Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirməsi ciddi narahatçılıq doğurur.

Bu bir daha onu göstərir ki, qonşu ölkə Azərbaycana qarşı düşmənçilik mövqeyindən əl çəkmək istəmir və hamı tərəfindən qəbul olunmuş beynəlxalq norma və prinsiplərə zidd olaraq dövlət sərhəddi boyunca hərbi uçuşlar etməklə mülki aviasiyanın təhlükəsizliyinə ciddi təhdid yaradır, ölkəmizə qarşı hədə-qorxu və hərbi şantaj kampaniyasını davam etdirir.

İranın bu addımı 27 yanvarda səfirliyimizə qarşı törətdiyi terror aktının başqa formada təkrarı kimi qiymətləndirilməlidir.

Ona görə də, dünya ictimaiyyəti səfirliyimizə qarşı törədilən terror aktını ən sərt formada pislədiyi kimi, İranın bugünkü hərbi təxribatını da qəti şəkildə qınamasını, Azərbaycan xalqı və dövləti ilə həmrəylik nümayiş etdirməsini gözləyirik.

Azərbaycanı bu cür vasitələrlə qorxutmaq mümkün deyil!”