27 İyul 2024

Azadlığının ikinci ilini yaşayan Kəlbəcər

Ölkənin ən böyük rayonunda quruculuq işləri sürətləndirilir

Bu gün Kəlbəcər rayonunun Ermənistanın işğalından azad olunmasından 2 il keçir. İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdi. Ordumuz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildi və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər.

Ordumuz bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdı. 44 gün davam edən Vətən müharibəsinin yekununda Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanata əsasən, Ermənistan Kəlbəcər rayonunu noyabrın 15-də boşaltmalı və ərazini tam olaraq Azərbaycana təhvil verməli idi. Lakin bu, 15 noyabrda reallaşmadı. Ermənistan vaxtın azlığını və relyefin çətinliyini əsas göstərərək noyabrın 25-dək vaxt istədi. Azərbaycan tərəfi Rusiya tərəfindən çatdırılan bu xahişi qəbul etdi. Beləliklə, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. Azərbaycan Ordusu 25 noyabrın ilk dəqiqəsindən Kəlbəcərə daxil oldu, 27 ildən artıq davam edən işğal başa çatdı.

Xatırladaq ki, 1930-cu il 8 avqust tarixində inzibati rayon statusu verilən Kəlbəcərin 3054 kvadrat kilometr ərazisi var. İşğala qədər rayonun əhalisi 60 min nəfər təşkil edirdi. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanmışdı. Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. 27 ildən artıq müddətdə BMT qətnaməsi kağız üzərində qaldı. Nəhayət, Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi.

Kəlbəcərin işğaldan azad edilməsi böyük tarixi uğurdur”

2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 1000-ə yaxın hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Kəlbəcər çox zəngin flora və faunası olan bir təbii muzeydir. Azərbaycanın ən mənzərəli və şəfa mənbəli rayonlarından biridir, burada tanınmış İstisu və digər çoxsaylı mineral bulaqlar, qızıl da daxil olmaqla, saysız-hesabsız təbii sərvətlər yerləşir. Kəlbəcər təbiətində dünyada nadir sayılan dərman bitkiləri, ağaclar da yer alır. Kəlbəcərin bu sərvətləri, heyvandarlıq və turizm üçün də unikal imkanlara malik olması işğaldan sonra ermənilərin bu rayonda daha çox qanunsuz məskunlaşmasının səbəblərindən biri idi. Ermənilər Kəlbəcərin təkcə təbii sərvətlərini deyil, infrastrukturunu, yaşı min ildən yuxarı olan tarixi abidələrini, məscidlərini də məhv ediblər.

Kəlbəcərin deputatı Aqil Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, doğma torpağının azad olunmasının növbəti ildönümünü yaşamağın sevincini sözlərlə ifadə etmək çətindir: “Torpaq həsrəti ən ağır dərddir. İki ildir bu həsrətimizə son qoyulub. Buna görə Cənab Ali Baş Komandanımız İlham Əliyevə, Müzəffər Ordumuza, müqəddəs şəhidlərimizə, qazilərimizə minnətdarıq. Azərbaycanın ərazi etibarilə ən böyük rayonu olan Kəlbəcər müharibənin ilk vaxtlarından ölkənin bir nömrəli strateji nöqtəsi sayılırdı. Qarabağın “qala qapısı” adlanan Kəlbəcərin işğalı ilə Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim 3700 metr hündürlükdə olan Murov yüksəkliyini ələ keçirmişdi, həmçinin Dağlıq Qarabağla Ermənistan arasında ən yaxın quru yolu açılmışdı. Ermənistanla böyük sərhədi olan Kəlbəcər Azərbaycan üçün çox ciddi strateji əhəmiyyət daşıyır. Strateji əhəmiyyət daşıyan bu rayonun işğalı Azərbaycana baha başa gəlmişdi. Məhz bu üstünlükləri əldə etdikdən sonra çox keçmədi ki, Ermənistan qısa zamanda Azərbaycanın daha beş rayonunu işğal edə bilmişdi. Belə bir strateji əhəmiyyəti olan rayonun işğaldan azad edilməsi son dərəcə böyük tarixi uğurdur. Ermənistan Kəlbəcəri Azərbaycana qaytarmaq niyyətində olmadığını uzun illər idi dəfələrlə bəyan edirdi. 44 günlük Vətən müharibəsində ordumuz işğalçı ordunu diz çökdürdü. Ermənistan elə ağır məğlubiyyətlə üz-üzə qaldı ki, Kəlbəcər kimi böyük əraziyə və əhəmiyyətə malik rayonu Azərbaycana-öz sahibinə qaytarmağa məcbur qaldı”.

Aqil Məmmədov: Ümummilli Liderin iradəsi ilə qəbul olunmuş qərarlar  müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir - AZƏRTAC

Aqil Məmmədov

Deputat qeyd etdi ki, Prezident İlham Əliyev Kəlbəcərin qurulmasına çox böyük diqqət ayırır. Bu iki ildə Prezident və birinci vitse-prezident Mehriban Əliyevanın  Kəlbəcərə səfərləri olub: “Hər səfərində Prezidentimiz mühüm infrastruktur layihələrinin, mühüm obyektlərin təməlini qoyub, bir çoxunun isə artıq açılışını edib. Kəlbəcər həm də yeraltı, yerüstü sərvətlərinə görə çox mühüm əhəmiyyət kəsb eləyən rayondur. Orada təxminən 70-dən artıq mineral yataqlar var. Dünyanın ən qiymətli mineralları bu rayonun ərazisindədir. 500-ə yaxın mineral su yatağı olan yeganə rayon da məhz Kəlbəcərdir. Kəlbəcər qısa zamanda işğaldan əvvəlki dövrdəkindən də inkişaf etmiş rayona çevriləcək. Azərbaycanın Prezidenti İlham Əliyev işğaldan azad olunmuş rayonlarımızın hər birinin ən müasir şəkildə qurulacağını, inkişaf etdiriləcəyini bəyan edib. Biz kəlbəcərlilər buna əminik. Prezidentimiz nəyi deyirsə həyata keçir. Kəlbəcər yenidən qurulur. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq 11.6 kilometrlik tunel regionun böyük logistik layihəsidir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla, 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və 1900 metr yüksəklikdən Murovdağ zirvəsinədək, 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11.6 kilometrlik tunelin tikintisi nəzərdə tutulub. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. İcra olunan layihələr, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdirlər.

Kəlbəcərin azad edilməsindən 1 İL ÖTÜR

Kəlbəcərin elektrik və su təchizatı, habelə evlərin tikilməsi ilə bağlı işlərinə də start verilib. Cari ilin 26 iyun tarixində Prezident İlham Əliyevin iştirakı ilə Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimi də təşkil olunub. Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir. İlin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcək. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcərdə mütləq aşıq mərkəzi və digər tikililər inşa ediləcək. Kəlbəcərin təbii enerji potensialı da yüksəkdir. Xarici şirkətlər tərəfindən Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı müraciətlər daxil olur. Ən çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkildi. “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyası inşa olunur, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası isə artıq istifadəyə verilib. Prezidentimiz bu yaxınlarda “Qarabağa Böyük Qayıdış Proqramını” təsdiqlədi. 2023- 2026-cı illəri əhatə edən Tədbirlər planında Kəlbəcər rayonunda da çox böyük tikinti quruculuq işlərinin həyata keçiriləcəyi əksini tapır. Yaşayış mənzillərinin, məktəblərin, Regional Geoloji Bazanın və digər mühüm obyektlərin inşası məhz qarşıdakı bir neçə ildə gerçəkləşəcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”