Səhər saatlarında DƏHŞƏT YAŞANDI: İrana ŞOK – FOTO
İsrail səhər saatlarında Suriyanın paytaxtı Dəməşqin cənubuna hava hücumu həyata keçirib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat İran mətbuatında yer alıb.
Bildirilib ki, hücum nəticəsində Suriyada vəzifə yerinə yetirən İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) hərbi müşaviri Səid Əlidadi həyatını itirib. Hələlik İran rəsmilərindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Suriyanın SANA xəbər agentliyi də İsrailin Dəməşqin cənubuna hava zərbələri endirdiyini açıqlayıb. Hərbi mənbələrə əsaslanan xəbərdə İsrail döyüş təyyarələrinin Colan təpələri üzərindən atılan raketlərlə hədəfləri vurduğu bildirilib.
İran Suriyada vətəndaş müharibəsi başlayandan bəri bu ölkə ərazisində heç bir hərbi bazası və ordusu olmadığını bildirsə də, Suriya ordusuna hərbi məsləhət xidmətləri göstərdiyini iddia edir. Bu səbəbdən İran İnqilab Keşikçiləri Korpusunun əsgərlərini “hərbi məsləhətçilər” kimi qələmə verir.
Bundan başqa, İsrailin yanvarın 29-da Dəməşqə həyata keçirdiyi hücumda bir İran məlumat mərkəzinin hədəf alındığı və aralarında iranlı hərbçilərin də olduğu 6 nəfərin həyatını itirdiyi açıqlanıb. Yanvarın 20-də İsrailin Dəməşqi hədəf alan növbəti hücumunda 5 iranlı həyatını itirib.
Son aylarda İsrailin Suriyada artan hücumları səbəbindən SEPAH-ın yüksək rütbəli hərbçilərini Suriyadan çıxardığı iddia edilib.