Şengen vizasına müraciət qaydalarında yenilik edildi
Avropa İttifaqı Şurası Şengen vizasının verilməsi ilə bağlı yeni qaydalar qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqı Şurasının Mətbuat xidməti yayıb.
Məlumata görə, artıq Şengen vizasına görə müraciəti onlayn qaydada etmək mümkün olacaq. Belə ki, viza ilə bağlı müraciət üçün yeni yaradılacaq onlayn platformada lazımi bütün məlumatları daxil etmək, səyahət sənədlərinin elektron nüsxəsini yükləmək, eləcə də viza rüsumunu ödəmək tələb olunacaq.
Lakin Şengen vizası üçün ilk dəfə müraciət edən şəxslər onlayn platformadan yararlana bilməyəcək.
Eyni zamanda, digər bir yeni qaydaya əsasən, hazırkı viza stikerinin əvəzinə kriptoqrafik olaraq imzalanmış barkod istifadə olunacaq.
Bildirilir ki, yeni qaydalar Avropa İttifaqının jurnalında rəsmi olaraq nəşr olunduqdan 20 gün sonra qüvvəyə minəcək. Lakin yeni qaydaların tətbiq edilməsi müddəti bütün zəruri texniki işlər başa çatdırıldıqdan sonra təyin ediləcək.