24 İyul 2024

Rusiya şirkətlərinin Ermənistandan böyük köçü başladı: İlk gedən bu şirkət oldu

Ermənistan Dövlət Xidmətlərini Tənzimləmə Komissiyası (PSRC) noyabrın 15-də keçiriləcək iclasında “MTS Ermənistan” QSC-nin səhmlərin satışı üzrə əməliyyatı başa çatdırmaq üçün qərarını təsdiqləyəcək. Qurumun saytında yerləşdirilən qərar layihəsində qeyd olunur ki, Komissiya “MTS Ermənistan”ın 100 faiz səhmlərinin “Cypriot Fedilco Group Limited”ə satışı üzrə sazişin bağlanmasına razıdır.
Alqı-satqı əməliyyatı yekun qərarın dərc edildiyi gündən altı ay ərzində başa çatdırılmalıdır.

PSRC-nin məlumatına görə, “MTS Ermənistan”dan ərizə noyabrın 3-də daxil olub. “Fedilco Group Limited” “MTS Ermənistan”ın səhmlərinin 100 faizini “Aramayo Investments Limited”dən (Kipr) almaq niyyətindədir. Saziş qüvvəyə mindikdən sonra “MTS Ermənistan” artıq MTS qrupunun üzvü sayılmayacaq.

PSRC əlavə edir ki, Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi və Milli Təhlükəsizlik Xidməti sövdələşmənin bağlanmasına heç bir etiraz bildirməyib. PSRC-nin qərarı noyabrın 15-də ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, “MTS Ermənistan” yüz Rusiyanın MTS ASC mobil rabitə nəhənginin törəmə şirkətidir. 2007-ci ildən fəaliyyət başlayan şirkətin bazar payı 80 faizdən yuxarıdır. Maraqlıdır ki, bu yaz Komissiya “MTS Ermənistan”ın müraciətini rədd etmişdi. Komissiya imtinanın səbəbini açıqlamayıb, yalnız qeyd edib ki, əməliyyat PSRC-nin tələblərinə cavab vermədikdə, milli təhlükəsizliyə və ya dövlət maraqlarına təhlükə törədə və ya təhdid edə bilərsə, ondan imtina edilə bilər.

MTS şirkəti isə Rusiya mətbuatına əlverişli şərtlər təklif olunarsa, Ermənistandakı törəməsini sata biləcəyini açıqlamışdı.