21 Dekabr 2024

Ukraynanın Vətən müharibəsi: NATO uzunmüddətli savaşa, Rusiya dayanmağa çağırır

Cəmi iki-üç aya istəyinə çatacağını bəyan edən ruslar artıq on bir aydır ki, savaşır; kollektiv Qərbin silahları tükənir, lakin yeni mərhələyə hazırlaşır, Putin üçün savaş yorucu hala gəlib

Cəmi iki-üç aya Ukraynada öz istəyinə çatacağını bəyan edən Rusiya artıq on bir aydır ki, savaşı davam etdirir, hələlik hədəflərinə də nail ola bilməyib. Rusiyanın “xüsusi hərbi əməliyyat” adını verdiyi işğalçı müharibəsi Ukraynaya böyük zərbələr vurmaqla yanaşı, özünə də pisliklər etməklə müşayiət edilir. Bəli, ruslar 4 regionu ilhaq edib, hərçənd həmin regionların bir hissəsi yenidən azad olunub, misal üçün, Xerson şəhəri, Donetskin Liman şəhəri və s.

O da düzdür ki, Ukrayna viran qoyulub. Faktiki olaraq bu ölkə Rusiya ilə kollektiv Qərbin savaş meydançasına çevrilib. Lakin rus ordusu yerində sayır, yeni ərazilər tuta bilmir, bütün Donbasın işğalına nail ola bilməyib, hətta olsa belə, döyüşlər dayanmayacaq, çünki Ukraynanın müttəfiqləri savaşın uzanmasını istəyirlər. Hərgah NATO Baş katibi Yens Stoltenberq müttəfiq ölkələrin Ukraynaya etdikləri yardıma görə silah-sursat potensialının tükəndiyini açıqlayıb, amma bunun sekulyasiya olub-olmadığını, Rusiyada “Qərbin silahı bitib” arxayınlığı yaratmaq cəhdi olub-olmadığını söyləmək çətindir. Hər halda, Birləşmiş Ştatlar daha 3 milyardlıq yardım paketini açıqlamaqla, Almaniya rus ordusunun gəldiyi yerə qovulana qədər müharibənin davam edəcəyini söyləməklə mesaj verirlər ki, Ukraynada münaqişə tezliklə başa çatmayacaq.

Hazırda bu savaşın nə zaman bitəcəyinə dair iki rəy var: ilin əvvəlində bəzi ekspertlər deyirdilər ki, yazda Ukraynanın mühüm üstünlüyü ilə müharibə dayanacaq, ancaq Rusiya yetkililəri niyyətlərinə çatmayanadək “xüsusi əməliyyat”ın dayanmayacağını bəyan edirlər. Bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfləri müharibəni dayandırmağa, sülh imzalamağa çağırdı və bunun üçün danışıqlara başlayacağını bəyan etdi. Ancaq bundan bir neçə gün sonra – yanvarın 10-da NATO-nun Baş katibi deyib ki, Ukraynada uzunmüddətli müharibəyə hazır olmalıyıq. Alyans rəhbərinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin öz məqsədlərindən əl çəkdiyini göstərən heç bir əlamət yoxdur. Baş katib xatırladıb ki, müttəfiqlər Rusiyanı qiymətləndirməlidir: “Onlar səfərbər olmağa davam edir, əlavə avadanlıq və texnologiya əldə etmək üzərində işləyirlər”. Görünən budur ki, Qərb istəməyənədək Ukraynada müharibə dayanmayacaq. Bəs deyilən “uzun müddət” nə qədər davam edə bilər? Qərbin bu dirənişi Rusiyanı sülh istəyən, amma müharibəyə cəlb olunan tərəf kimi bir imicinin formalaşmasına səbəb ola bilərmi?

Elxan Şahinoğlu: “Mütləq mənada Türkiyə ilə birgə hərəkət etməliyik”

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlunun fikrincə, Putin müharibənin ölkəsi üçün yorucu hala gəldiyini anlayaraq Ərdoğanın çağırışına müsbət reaksiya verərək atəşkəsə və Kiyevlə dialoqa meyllidir: “Ancaq Putin eyni zamanda Kiyevin Krımın və Ukraynanın 4 bölgəsinin Rusiyaya “birləşməsi reallığını” qəbul etməsini istəyir. Belə olan halda nə atəşkəs, nə də dialoq faydalı olacaq. Kiyev işğalı uzadacaq atəşkəsin Ukraynanın ərazi bütövlüyü üçün təhlükə yaradacağından ehtiyat edir. Çünki uzun atəşkəsdən sonra yenidən Rusiya ilə müharibəyə başlamaq çətin olacaq, atəşkəs dövründə isə Rusiya işğal etdiyi ərazilərdə möhkəmlənəcək. Azərbaycan nümunəsində də gördük ki, 26 illik atəşkəs işğalın uzanmasına şərait yaratdı”.

Təhlilçi Şahin Cəfərlinin sözlərinə görə, Qərb Ukraynanın silahlandırılmasında növbəti mərhələyə start verib: “Bu dəfə hücum xarakterli hərbi texnikanın Ukraynaya göndərilməsinə başlanılır. ABŞ Ukrayna ordusuna “M2 Bradley”, Almaniya “Marder” PDM-ləri, Fransa isə “təkərli tank” adlandırılan “AMX-10 RC” zirehli texnikası verəcək. Britaniya xarici işlər naziri də bildirib ki, Ukraynaya təqdim edəcəkləri növbəti hərbi yardım paketinə tanklar da daxil ola bilər. Daha bir önəmli qərar odur ki, ABŞ-dan sonra Almaniya hökuməti də Ukraynaya “Patriot” raket kompleksi göndərəcək. Bu barədə Bayden və kansler Şolz arasındakı telefon danışığında razılıq əldə olunub. Hazırda Ukrayna komandanlığı genişmiqyaslı, strateji hücum əməliyyatı planlaşdırır. Müharibənin 2023-cü ildə başa çatıb-çatmayacağını deyə bilmərəm, amma bu il Krım da daxil olmaqla, işğal altındakı ərazilərin böyük hissəsinin azad olunması ehtimalı yüksəkdir”.

Şahin Cəfərli: “Rusiya bu savaşın sonunda orta səviyyəli regional güc  səviyyəsinə enəcək”

Şahin Cəfərli

Bu arada Rusiyanın muzdlu “Vaqner” qruplaşmasının başçısı Yevgeni Priqojin Ukraynanın şərqindəki, Avropanın ən böyük duz mədəninin yerləşdiyi Soledar şəhərinə nəzarəti ələ keçirdiklərini açıqlayıb. Priqojin şəhər mərkəzi uğrunda döyüşlərin davam etdiyini bildirib. Rusiya şəhərin mərkəzində qalan ukraynalı əsgərlərə təslim olmaq üçün gecəyə qədər vaxt verib. Rusiya Soledarı strateji Baxmut şəhəri və Donbas bölgəsinin açarı kimi görür. Bu səbəbdən günlərdir bölgədə qanlı qarşıdurmalar yaşanır. Rusiyanın şəhəri ələ keçirdiyinə dair iddialara baxmayaraq, Ukrayna Prezidenti Volodimir Zelenski və Ukrayna hərbi komandanlığı Soledarın itkisini təsdiqləməyib.

Həmin bəyanat Ukrayna Müdafiə Nazirliyindən gəlib: “Böyük itkilər verdikdən sonra belə, Rusiya hələ də manyakcasına Avropanın ən böyük duz mədəninin yerləşdiyi Soledarı ələ keçirməyə çalışır”.

Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar teleqramda bildirib ki, Soledarı saxlamaq uğrunda döyüşlər davam edir. Düşmən şəxsi heyətinin ağır itkilərini nəzərə almır və fəal şəkildə hücuma davam edir. “Mövqelərimizin ətrafına, sadəcə olaraq, düşmən döyüşçülərin cəsədləri səpələnib. Böyük və qüdrətli düşmənə qarşı yalnız çox güclü bir millət bu qədər fədakarcasına mübarizə apara bilər”, – müdafiə nazirinin müavini qeyd edib. Q.Malyar Ukrayna hərbçilərinin “müdafiəni igidcəsinə saxladığını” vurğulayıb. 2022-ci il avqustun 3-də başlayan Soledar uğrunda döyüşlər yanvar ayında şiddətlənib. Belə ki, rəsmi Moskvanın birtərəfli qaydada elan etdiyi “Milad atəşkəsi”ndə Ukrayna ordusunun müdafiə xətti yarılıb. İşğalçı qüvvələr yanvarın 6-7-də şəhərin əhəmiyyətli hissəsini ələ keçirə bilib. Şəhərin işğalında Rusiyaya bağlı “Vaqner” özəl hərbi şirkətinin muzdluları fəal şəkildə iştirak edir.

“Rusiya gələcəkdə münaqişələrin miqyasına görə səfərbərlik ehtiyatını artıra bilər. Ehtiyat hərbçilər də məhz bunun üçün nəzərdə tutulub, lakin hər şey münaqişələrin miqyasından asılı olacaq”. Bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri, general-polkovnik Andrey Kartapolov deyib. Generalın fikrincə, Rusiya genişmiqyaslı müharibə olacağı təqdirdə səfərbərlik ehtiyatından tam imtina edə bilməyəcək.

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Kiyevə edilən hərbi yardımın həcmi demək olar ki, Rusiyanın müdafiə büdcəsinə bərabər olub. Onu da deyək ki, bu barədə TASS məlumat yayıb. Agentliyin məlumatına görə, müharibə başlayandan bəri Qərb ölkələrindən və beynəlxalq təşkilatlardan Ukraynaya edilən hərbi yardımın ümumi məbləği 150,8 milyard dollardan çox olub: “Bu məbləğin demək olar ki, üçdə biri – 48,5 milyard dolları ölkənin ordu ehtiyaclarına yönəlib. Ukraynaya edilən hərbi yardım artıq Rusiyanın keçənilki müdafiə xərclərinin 94,9%-ni (51,1 milyard dollar) təşkil edib”. Ukrayna Baş Qərargahı məlumat yayıb ki, Rusiya indiyə qədər 112 960 hərbçi itirib.

Emil SALAMOĞLU