Pambıqçılıq: Rəqəmlər nədən xəbər verir?
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı son məlumata görə, artıq başa çatmaqda olan 2022-ci ilin pambıq mövsümü dövründə fermerlər tərəfindən kondisiya çəkidə 285 min 743 ton məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib.
Ümumilikdə bu il Azərbaycanın 16 rayonunda 100 min hektardan artıq sahədə pambıq əkini aparılıb.
Nazirlik bəyan edib ki, pambıq yığımı prosesinə 447 kombayn və 3085 traktor yedəyi cəlb olunub. Pambıqyığan kombaynların sayı sahələrdən məhsulun 100 faizə yaxınını texnika vasitəsilə yığmağa imkan verir. Hazırda respublika üzrə pambığın orta məhsuldarlığı 27,4 sentner təşkil edir.
Pambıqçılıq son 6 ildə qeyri-neft sektorunun prioritet inkişaf istiqamətlərindən biridir. Bu sahədə orta məhsuldarlıq 2016-cı ildə 17,3 sentnerdən 2017-ci ildə 15,3 sentnerə düşsə də, 2018-ci ildən artmağa başlayaraq (2018-ci ildə 17,6 sentner, 2019-cu ildə 29,5 sentner) 2020-ci ildə ən yüksək səviyyəyə – 33,6 sentnerə çatmışdı. Lakin 2021-ci ildə 28,5 sentnerə enib. Belə görünür ki, bu il də məhsuldarlıqda artım olmayacaq.
Nəticədə 2016-cı ildə 89 min 442 ton olan pambıq istehsalı 2017-ci ildə 207 min 525 tona, 2018-ci ildə 233 min 592 tona, 2019-cu ildə 295 min 279 tona, 2020-ci ildə 336 min 800 tona yüksəlmişdi. Ötən il isə 287 min ton məhsul istehsal edilib.
Göründüyü kimi, pambıqçılıqda ən yüksək məhsul istehsalı 2020-ci ildə qeydə alınıb. Lakin bu, əkin sahələrinin artırılması hesabına olmayıb. Artıq dördüncü ildir ki, Azərbaycanda 100 min hektar səviyyəsində (2019-cu ildə 100,1 min hektar, 2020-ci ildə 100,3 min hektar, 2021-ci ildə 100,6 min hektar, həmçinin cari ildə 100 min hektardan çox) pambıq əkildiyi bildirilir. Bundan əvvəl – 2017-ci ildə 136,4 min, 2018-ci ildə 132,5 min hektar ərazidə pambıq əkilmişdi.
Hərçənd ki, məhsul subsidiyasına keçid və pambığın alış qiymətinin artırılması fermerləri aqrotexniki tədbirləri daha yaxşı aparmağa, daha çox məhsul istehsal edərək daha çox gəlir əldə etməyə sövq etməlidir.
Kənd Təsərrüfatı Nazirliyinin pambıq tədarükü və emalı müəssisələri ilə apardığı müzakirələr nəticəsində 2022-ci ildə şirkətlər tərəfidən xam pambığın alış qiyməti yanvar və avqust aylarında hər dəfə 50 manat olmaqla iki dəfə artırılıb. Ötən il 1-ci sort pambığın 1 tonu fermerlərdən 700 manata alınırdısa, bu il təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilir. Həmçinin 2-ci növün qiyməti 680 manatdan 780 manata, 3-cü növün qiyməti 640 manatdan 740 manata, 4-cü növün qiyməti isə 600 manatdan 700 manata qaldırılıb.
Eyni zamanda, Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu ildən tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası verilir. Eyni qərarla məhsul subsidiyasının məbləği hər tona görə 100 manatdan 170 manata qaldırılıb. Verilməsi dayandırılan əkin subsidiyası Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab rayonlarına şamil edilməklə 2021-ci il üçün bir hektar pambığa görə 220 manat idi.
İstehsalın azalması özünü ixracda da göstərir. Belə ki, cari ilin yanvar-oktyabr aylarında 66 min 112,77 ton pambıq lifi ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,9 faiz azdır. Həmçinin bu dövrdə 7 min 493,11 ton pambıq iplik ixrac edilib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 51,2 faiz azalma deməkdir. İxracın dəyərinə gəlincə, pambıq lifinin ixracı 5,7 faiz, ipliyin ixracı isə 34,2 faiz azalıb. Fiziki çəkiyə nisbətən dəyərin daha az azalması qiymət artımı ilə əlaqədardır. Belə ki, bu ilin 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə pambıq lifinin bir tonunun ixrac qiyməti 49,4 faiz, ipliyinki isə 34,9 faiz artıb. Azalmasına baxmayaraq pambıq lifinin ixracı dəyər müstəvisində qeyri-neft sektoru üzrə əsas məhsullardan biridir.