Nəhənglərın təhlükəli savaşı: Kreml ABŞ-da prezident “seçdirdi”, Ağ Ev isə Rusiyada iğtişaşlar “törətdi”
Ağ Evdə Kremlə mənfi münasibətini gizlətməyən prezident Co Bayden sahiblik etdiyindən, ABŞ-Rusiya qarşıdurmasında yumşalma ehtimalı inandırıcı görünmür; “Novalniy qalmaqalı” ətrafında baş verənlər, dünyanın “soyuq müharibə” dövrünə bənzər növbəti sərt rəqabətin ərəfəsində olmasının ilkin əlamətləri sayılır…
ABŞ-Rusiya qarşıdurması artıq dünyanın vədiş etdiyi “siyasi tamaşa”ya çevrilib. Bu iki superdövlətin arasında ziddiyyətlərin vaxtaşırı kəskinləşməsi heç kəsdə elə bir ciddi təəccüb doğurmur.
Məsələ ondadır ki, onilliklər boyu davam edən bu qarşıdurma hazırda beynəlxalq siyasi sistemin əsas ideoloji qütbləşmə faktoru rolunu oynayır. Əlbəttə ki, hər şey keçmiş SSRİ-nin mövcud olduğu dövrdən başlayıb. ABŞ və SSRİ arasında sürətlə silahlanma kampaniyası ilə başlayan kəskin beynəlxalq rəqabət “soyuq müharibə”yə qədər inkişaf etmişdi. Və SSRİ-nin dağılmasından sonra Rusiyanın “estafeti” davam etdirməsi ilə bu “düşmənçilik” günümüzə qədər gəlib, çıxıb.
Onu da qeyd edək ki, bu barışmaz, həm də amansız rəqabət dövründə Ağ Ev və Kreml arasında cəmisi bir dəfə səmimiyyətə yaxın yumşalma müşahidə edilib. Oğul Corc Buşun prezidentliyi dönəmində ABŞ və Rusiya arasında düşmənçiliyi əməkdaşlıqla əvəzlənmə meylləri müşahidə olunmuşdu. Həmin dönəmdə Corc Buş və Kreml sahibi Vladimir Putinin bir-birini dost adlandıraraq, iki dövlətin ənənəvi rəqabət hədəfləri ilə tərs mütənasib olan nəzakətli ünsiyyət münasibətləri qura bilmələri bir çoxlarını təəccübləndirirdi.
Münasibətlər hətta o qədər yumşalmışdı ki, prezident V.Putin iki superdövlətin qarşıdurmasının artıq mənasız olduğunu və bütün dünyaya zərər verdiyini bildirirdi. O, bu düşmənçiliyi birdəfəlik “dəfn etmək”, qarşılıqlı etimadı qətiləşdirmək üçün Rusiyanın NATO-ya tamhüquqlu üzvlüyü ideyasının belə, gündəmə gətirmişdi.
Ancaq Qərbdə, xüsusilə də, ABŞ-da bu ideya məmnunluqla qarşılanmadı. Rəqabət mühitinin qorunub, saxlanılması ABŞ və Qərbin maraqları baxımından, daha uyğun görüldü.
İndisə yenidən qarşıdurmanın dərinləşmə ehtimalı ciddiləşməyə başlayıb. Belə ki, Bayden administrasiyasının öz səlahiyyətlərinin icrasına başlaması ilə ABŞ-Rusiya rəqabətinin kəskinləşə biləcəyi proqnozlaşdırılırdı. Və bu ehtimallar artıq özünü doğrultmağa başlayıb.
Halbuki, son bir neçə il ərzində ABŞ-Rusiya münasibətlərində nisbi sakitlik hökm sürməkdəydi. Tramp administrasiyası Kreml ilə açıq qarşıdurmaya xüsusi həvəs göstərmirdi. Bəzi ehtimallara görə, bu nisbi sakitlik daha çox artıq səlahiyyətlərini təhvil vermiş prezident Donald Tramp ilə Kreml sahibi V.Putinin şəxsi münasibətlərindən qaynaqlanırdı.
Hətta D.Trampın prezident seçilməsində Rusiyanın səsvermə prosesinə müdaxiləsinin həlledici rol oynadığı da iddia olunurdu. Hər halda, ABŞ cəmiyyəti son dörd ili bu məsələnin doğru olub-olmadığını araşdırmaqla keçirdi. Və təkzib edəcək cavablar da tapa bilmədi.
Ancaq Bayden administrasiyasının öz səlahiyyətlərinin icrasına başlaması ilə ABŞ cəmiyyətinin qürurunu zədələmiş dövr də qapanmış oldu. Yeni prezident Co Bayden isə Rusiyaya qarşı şəxsi neqativ münasibəti ilə məşhurdur. Hesab olunur ki, onun dönəmində ABŞ-ın xarici siyasət kursu Rusiyaya yönəlik təzyiqlər üzərində qurulacaq.
Halbuki, iki superdövlətin prezidentləri arasında ilk telefon təmasları tamamilə fərqli nəticələr verməklə, qarşıdurma mühitindən yayınma ehtimalını da gündəmə gətirdi. Belə ki, Tramp administrasiyası dönəmində həlli düyünə düşmüş Strateji Hücum Silahlarının məhdudlaşdırılması barədə razılaşmanın uzadılması mümkün oldu. Və bütün dünya üçün böyük əhəmiyyət daşıyan önəmli bir problem həll edildi.
Ancaq ABŞ-Rusiya münasibətlərində nisbi sakitliyin davam edə biləcəyinə yönəlik ümidlər o qədər də uzun sürmədi. Çünki Rusiya son vaxtlar heç kimin gözləmədiyi halda, küçə iğtişaşlarına səhnə olmaqdadır. Və bu, beynəlxalq rəqabətin yeni qarşıdurmaya çevrilmə ehtimalının ciddiliyindən xəbər verir.
Məsələ ondadır ki, qalmaqallı rus bloqqer Aleksey Novalniy Rusiyaya qayıtdı. Bununla da onun tərəfdarlarının küçələrə axışıb, hakimiyyətə qarşı etiraz aksiyaları keçirdiyi dönəm başlandı.
Onu da qeyd edək ki, Aleksey Novalniy Rusiyada mütləq həbs ediləcəyini bildiyi halda, ölkəyə dönməklə, müəyyən şübhəli ehtimallara da əsas yaratdı. Çünki o, Rusiya dövlətinin beynəlxalq imicinə kölgə salmaqda suçlanır. Və onun dönüşünün Bayden administrasiyasının fəaliyyətə başlaması ilə paralellik təşkil etməsi diqqətdən yayına bilməzdi.
Hesab olunur ki, uzun müddət Rusiyaya qarşı beynəlxalq ittihamlara səbəb olduğu halda, Avropaya sığınan bloqqerin tez-tələsik geri dönüşü əvvəlcədən planlaşdırılmış siyasi əməliyyatdır. Və bunun arxasında ABŞ siyasi dairələrinin dayana biləcəyi qətiyyən istisna edilmir.
Maraqlıdır ki, Kreml bu qənaətlə bağlı birmənalı mövqeyə malikdir. Rəsmi dairələr əmindirlər ki, həbsdə olan A.Novalniy tərəfindən Rusiyanın əksər iri şəhərlərində iğtişaşlarla nəticələnən etiraz aksiyalarının keçirilməsi okeanın o tayından dəstək alınmadan baş tuta bilməzdi.
Maraqlıdır ki, məsələ Rusiya XİN-in ABŞ-ı rəsmən ittiham etməsinə qədər ciddiləşib. Belə ki, Rusiya Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamenti və ABŞ-ın Moskvadakı səfirliyindən Rusiyanın daxili işlərinə müdaxiləni dayandırmağı tələb edib: “Suveren dövlətlərin daxili işlərinə müdaxilələrin dayandırılmasını tələb edirik və məsuliyyəti xatırladırıq”.
Kremldə hesab edirlər ki, ABŞ-ın Rusiyanın daxili işlərinə kobud müdaxiləsi, Vaşinqtonun nəzarətində olan internet platformalar tərəfindən feyklərin “raskrutkası” və icazəsiz aksiyalara çağırışlar kimi sübut edilmiş faktdır. Və ABŞ-ın Dövlət katibi Entoni Blinken tərəfindən qanunun pozulmasının dəstəklənməsi Vaşinqtonun baş verənlərdə pərdəarxası rolunun daha bir təsdiqidir: “Şübhə yoxdur ki, etirazların təşviqinə yönələn hərəkətlər Rusiyanın qarşısının alınması strategiyasının bir hissəsidir”.
Göründüyü kimi, Kreml “Novalniy iğtişaşları”na görə Ağ Evi suçlayır. Əlbəttə, bu, beynəlxalq siyasət məkanında ABŞ-ın başqa dövlətlərin daxili işlərinə müdaxilə etməsi barədə qənaətləri möhkəmləndirir.
Ancaq Rusiya XİN-in bəyanatı həm də Kreml üçün xoşagəlməz imic də formalaşdıra bilər. Belə ki, Rusiya daxili işlərinə xarici müdaxilə ehtimalı zəif hesab olunan dövlətlərin sırasına daxildir. Hər halda, Rusiya kəşfiyyatının belə müdaxilə cəhdlərini bloklamaq imkanında olması barədə qənaətlər də mövcuddur.
İndi XİN səviyyəsində Ağ Evin günahlandırılması, həm də dolayısı ilə Rusiyanın daxili işlərinə müdaxilənin mümkün olduğunun etiraf edilməsi təsiri bağışlayır. Bu isə Rusiyanın güclü və toxunulmaz dövlət imicini zədələyir.
Belə anlaşılır ki, Ağ Ev dörd il davam edən “Rusiya ABŞ-da prezident seçdirdi” iddialarının intiqamını müəyyən mənada, almağa nail olub. Üstəlik, Rusiyanın zəif yerlərini də bütün dünyaya nümayiş etdirib. Və bundan sonra beynəlxalq siyasət məkanında Kremlin bu zərbənin nəticələrini aradan qaldırması o qədər də asan olmayacaq.
Onu da qeyd edək ki, Bayden administrasiyasının fəaliyyətə başlaması ilə Rusiyada hakimiyyət dəyişikliyinin qaçılmazlığı barədə iddialar da artmağa başlayıb. Hətta Kremlə yaxın politoloq Sergey Markov bir müddət öncə ABŞ və Qərbin prezident V.Putinin hakimiyyətdən kənarlaşdırılmasına yönəlik ssenarisinin olduğunu bildirmişdi. Və o, bu ssenarinin sentyabr ayına qədər reallaşdırılmasına cəhd göstəriləcəyini də vurğulamışdı.
Göründüyü kimi, Strateji Hücum Silahlarının məhdudlaşdırılması barədə razılaşmanın uzadılması ilə ABŞ-Rusiya münasibətlərində yumşalmanın ola biləcəyi ehtimalı o qədər də inandırıcı görünmür. Əksinə, hazırda bu iki superdövlətin daha ciddi qarşıdurma mərhələsi yaşaya biləcəklərindən danışmaq nisbətən asandır.
Məsələ ondadır ki, buna əsas verən faktorlar kifayət qədərdir. Belə ki, hazırda Ağ Evə Co Baydenin timsalında Rusiyaya qarşı mənfi münasibəti olan bir ABŞ prezidenti sahiblik edir.
Digər tərəfdən, Rusiyanın qərb sərhədləri demək olar ki, ABŞ-ın patronajlığı altında olan NATO bazaları ilə qapadılıb. Bu proses Qara dənizin NATO tərəfindən nəzarətə götürülməsinə yönəlik cəhdlər ilə davam edir.
Eyni zamanda, Co Bayden administrasiyasının Cənubi Qafqazda ABŞ-ın sarsılmış mövqelərini bərpa etməyə cəhd göstərəcəyi də qətiyyən istisna deyil. Və bu cəhdlər Xəzər dənizi üzərindən Orta Asiyaya qədər uzana da bilər.
Bütün bunları nəzərə aldıqda, yaxın gələcəkdə daha güzəştsiz və amansız ABŞ-Rusiya rəqabətinin başlaya biləcəyini ehtimal etmək olar. Bu baxımdan, dünyanı “soyuq müharibə” dövrünə bənzər növbəti sərt qarşıdurma mərhələsinin gözləyə biləcəyi qətiyyən istisna edilmir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu