16 Aprel 2024

Türkiyə və Rusiyada hakimiyyət dəyişərsə, Qarabağa nə təsiri olar?

Ekspertlərə görə, hər iki ölkədə istər neqativ, istərsə də pozitiv hadisələr baş verəndə…

44 günlük II Qarabağ savaşında heç şübhəsiz ki, möhtəşəm qələbəmizi təmin etməyimizdə qardaş Türkiyənin bizə verdiyi hərbi-siyasi dəstəyin və Rusiyanın neytral qalmasının da böyük rol oldu. Bu səbəbdən hazırda ölkəmiz daxilində bir müzakirə açılıb.

Bu da Türkiyə və Rusiyada hakimiyyət dəyişiklikləri baş verərsə, inqilab yolu ilə yeni qüvvələr hökumət başına keçərsə, bunun Azərbaycana, xüsusilə Qarabağ məsələsinə hansı təsirlərinin olacağı yönündədir. Eyni zamanda ölkəmizə münasibətin necə olacağı da müzakirə mövzusudur.

Siyasi şərhçi Əhəd Məmmədli məsələyə belə şərh verdi: “Çox aktual mövzuya toxunursunuz. Dünyada deyərdim ki, iki ölkə var ki, orada baş verən hadisələrin bilavasitə ölkəmizə təsiri var. Bu ölkələr Türkiyə və Rusiyadır. Bunlar tarixə, kökə söykənən məsələlərdir. Hər iki ölkədə istər neqativ, istərsə də pozitiv hadisələr baş verəndə bu, istər-istəməz Azərbaycana da öz təsirini göstərir. Bunu tarix faktlarla deyə bilərik. Türkiyədə hakimiyyət dəyişikliyi baş verərsə, bu, təbii ki, Azərbaycana mənfi yöndən təsir edəcək. Həmişə deyirdim ki, nə qədər Ərdoğan kimi lider Türkiyədə var, biz Qarabağ məsələsini həll etməliyik. Bunun tarixi bir şans olduğunu da deyirdim. Rusiyaya gəlincə, düşünürəm ki, şimal qonşumuzda nə qədər vəziyyət qarışsa, bu bizim xeyrimizədir. Söhbət orada kimin hakimiyyətə gəlməsindən,  yaxud getməsində deyil. Kim hakimiyyətə gəlirsə-gəlsin, istər-istəməz Azərbaycana münasibəti yaxşı olmayacaq.

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”

Əhəd Məmmədli 

Amma orada vəziyyət nə zaman qarışıbsa, mərkəzdənqaçma meylləri baş veribsə, sabitlik pozulubsa, bir sözlə, ayının başı özünə qarışıbsa, Azərbaycan bundan xeyir götürüb. Məsələn, 1917-ci ildə Rusiyadakı inqilabdan 1 il 3 ay sonra Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. 1991-ci ildə də SSRİ dağılandan sonra Azərbaycan müstəqilliyini bərpa etdi. Ona görə də Rusiyada vəziyyət nə vaxt qarışıbsa, bundan istifadə edə bilmişik. Əsas olan odur ki, oradakı neqativ hallar ölkəmizə öz təsirini göstərməsin”.

Elxan Şahinoğlu: “İran nüvə silahı əldə etmək istəmir”

 Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “Rusiyada hakimiyyət dəyişikliyini  hələ ki, ehtimal etmirəm. Düzdür, Navalnının tərəfdarları tez-tez küçəyə çıxırlar. Amma Putin belə tezliklə hakimiyyətdən getməyəcək. Getsə də, gələcəkdə yerinə elə bir şəxsi qoyacaq ki, başqa siyasətçi hakimiyyətə gələ bilməsin. Ehtimal etsək ki, hakimiyyət dəyişikliyi olsa bunun Azərbaycana təsiri necə ola bilər, əlbəttə, Rusiya zəifləsə, bundan öz məqsədlərimiz üçün istifadə edib, çalışmalıyıq ki, rus sülhməramlıları Azərbaycan ərazisindən, yəni Qarabağdan çıxarılsın. Putin müəyyən qədər zəifləsə, biz öz problemlərimizi həll edə bilərik. Amma onun yerinə özü kimi biri gəlsə, rus hərbçilərini Qarabağdan çıxarmaq çətin olacaq. Bizim üçün önəmli olan odur ki, Rusiya ilə tərəfdaşlıq münasibətlərimiz davam etsin. Çünki birgə layihələrimiz var. Eyni zamanda orada çoxlu sayda azərbaycanlı yaşayır ki, evlərinə dəstək verirlər. Bütün bu məsələlər nəzərə alınmalıdır. Amma Rusiyada hakimiyyət dəyişikliyinin olacağı az ehtimal edilir”.

E.Şahinoğlu Türkiyə ilə bağlı da danışdı: “Həqiqətən də Türkiyənin istər müharibədən əvvəl, istər müharibə günlərində, istərsə də müharibədən sonra verdiyi dəstək olmasaydı, Rusiyanın bizlərə təzyiqləri daha çox olardı. Qardaş ölkə nəinki Rusiyanın, Qərb ölkələrinin də bizə münasibətini neytrallaşdırdı. Bu bizə o imkanı verdi ki, 44 günlük Vətən müharibəmizi apara bildik. Əks halda, müharibə günləri bizim üçün qısa da ola bilərdi. Bunun da nümunəsi var. 2016-cı ilin aprel döyüşlərini misal göstərə bilərik. Bizi o zaman dayandırdılar. Ötən ilin iyul ayında da bunu yaşadıq. Rusiyanın bizə təzyiqləri oldu. İndiki situasiya isə fərqli oldu. Türkiyənin verdiyi dəstək neytrallaşdırma yaratdı. Bu da uğurlar qazanmağımızda ən başlıca rol oynadı”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”