“Əmininin qətli iğtişaşların yalnız bir səbəbidir” – Politoloq
“Hicab qadağasına qarşı çıxdığına görə Məhsa Əmininin öldürülməsi İrandakı etiraz və iğtişaşların yalnız bir səbəbidir. Son illər ölkədə sosial-iqtisadi vəziyyət çox ağırlaşıb, son 26 ildəki ən böyük inflyasiya ötən il sentyabr ayında 46% təşkil edirdi. Bu ilin ilk yarısında isə inflyasiya 40 %-dən aşağı düşməyib”.
Bu fikirləri Bakupost.az -a İranda baş verən hadisələri şərh edərkən politoloq Zaur İbrahimli deyib.
O qeyd edib ki, İranda baş verən etirazlar daha çox sosial-iqtisadi problemlərlə bağlıdır:
“Bildiyimiz kimi, İrana nüvə proqramını dayandırmadığına görə 2011-2016-cl illərdə ona sanksiyalar tətbiq edildi, neft ixracına embarqo qoyuldu, ölkə SWIFT beynəlxalq ödənişlər sistemindən ayrıldı. Eyni zamanda 2018-ci ildə ABŞ-da Tramp administrasiyası Tehrana qarşı sanksiyaları daha da sərtləşdirdi. Bununla yanaşı COVİD pandemiyası da İran iqtisadiyyatına böyük zərbə vurdu. Ona görə də bütün bunlar ölkə iqtisadiyyatının geriləməsinə səbəb olub. 2018-ci ildən başlayaraq ÜDM hər il 4-8% azalır, hər il ölkədən 180 mindən çox ixtisaslı mütəxəssislər xaricə gedir, rəsmi rəqəmlərə görə, gənclər arasında işsizlik 25%-dən çoxdur. BMT-nin hesabatlarına görə 86 milyon ölkə əhalisinin yarıdan çoxu yoxsulluq şəraitində yaşayır. Bütün bunlarla yanaşı, artıq uzun illərdir ki, İran siyasi elitası korrupsiyaya bulaşıb. İqtisadiyyatın ayrı-ayrı sahələri üzrə monopoliya yaradılıb. Bu monopoliyanı qohumluq əlaqələrinə malik qruplar təşkil edib. Hətta son prezident seçkilərində əsas mövzu korrupsiyaya qarşı mübarizə və rəhbərliyin natəmiz kadrlardan təmizlənməsi olmuşdu. Digər vacib amil mövcud siyasi sistemin, yəni teokratik dövlət modelinin və onun dəyrlərinin əhalinin böyük hissəsi tərəfindən qəbul edilməməsidir”.
Politoloq hesab edir ki, İranda Azərbaycan türklərinə qarşı davamlı təzyiq siyasəti yürüdülür:
“İran, əhalsinə görə dünyanın ən gənc ölkələrindən sayılır və gənclər bu sistemin onlara yalnız məhdudiyyətlər təqdim etdiyini düşünür. İndiki sistem imtiyazlı ruhani təbəqəsinin və millətçi-militralist dairələrin marağına cavab verir. İranın məhdud resurslarının hakim elitanın maraqları naminə xarici siyasət ambisiyalarına yönəldilməsi də etirazla qarşılanır. Ən vacib məqamlardan biri isə İranda fars millətçi düşüncənin ölkədə yaşayan digər xalqlara qarşı ayrı-seçkilik siyasətidir. İranda 40 milyona yaxın soydaşımız yaşayır, lakin onlar faktiki olaraq ikinci növ vətəndaş statusundadır, ölkənin daxili və xarici siaysət qərarlarında onların mövqeyi nəzərə alınmır, siyasi idarəetmədə faktiki real olaraq iştirak etmirlər. Ana dilində yazmaq, oxumaq, təhsil almaq hüquqları təmin olunmur, Azərbaycan vilayətləri qəsdən iqtisadi tənəzzülə uğradılır, başqa xalqların nümayəndələri bu ərazilərə köçürülür. Bütün bunlar hakmiyyət əleyhinə etirazları şərtləndirir”.
Z.İbrahimli qeyd edib ki, Cənubi Azərbaycanda isə bu etirazlar milli haqq və hüquqlar uğrunda mübarizə xarakteri alır:
“Cənubi Azərbaycandakı soydaşlarımız hər imkan düşəndə milli haqq və hüquqlarını tələb edirlər. İranda bu cür etirazlar artıq iki ildir ki, mütəmadi müşahidə edilir. Lakin etirazlar iqtisadi tələblərlə müşaiyət olunurdu, hazırkı etirazlar isə mahiyyəti ilə siyasidir, çünki, hicab qadağasını pozanlara qarşı sərt tədbirlərin görülməsinə qarşı yönəlib. Bu aksiyalar davamlı xarakter aldığı halda biz əhəmiyyətli siyasi dəyişiklikləri müşahidə edə biləcəyik. İran qapalı ölkədir və məlumat almaq imkanlarımız məhduddur, bununla belə, ümumu analiz deməyə əsas verir ki, ölkədə böyük narazı, protest elektoratı var və aksiyalar davamlı xarakter alsa, Tehran rejimi müəyyən güzəştlərə getməyə məcbur qalacaq”.
FəridəBaku Post