22 Noyabr 2024

Tokayev bu gün Bakıya gəlir – səfəri mühüm edən səbəblər…

Gərgin regional münasibətlər fonunda qazax prezidentin ölkəmizə gəlişi diqqət çəkir – Rəylər

Qazaxıstan prezidenti Kasım Jomərt Tokayev avqustun 24-də Azərbaycana səfər edəcək. “Yeni Müsavat” xəbər verir ki, Bakıda prezidentlərin və nümayəndə heyətlərinin iştirakı ilə ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin strateji tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunacaq. Eyni zamanda iki ölkə arasında bir neçə sənədin imzalanması da gözlənilir. Qazaxıstan Azərbaycan – Bakı-Tiflis-Ceyhan boru xətti üzərindən dünya bazarlarına daha çox neft nəql etmək istəyir. Bakıda bununla bağlı da müzakirələr aparılacaq.

Ötən həftə Tokayev gözlənilmədən Putinlə görüşə gedib. Rusiya prezidenti onunla səmimi görüşüb, prezidenti qucaqlayıb. Amma tərəflər arasında konkret hansı razılaşmalar olduğu bilinmir. Maraqlıdır ki, bu görüşdən sonra Qazaxıstan neftinin Rusiya üzərindən nəqlində yenidən fasilə yaranıb. Amma Qazaxıstan və Rusiya birgə hərbi təlimləri barədə razılığa gəliblər. İndilikdə bu razılaşma Qərbdə təklənən Moskva üçün çox əhəmiyyətlidir. Rusiya Qazaxıstan neftinin Xəzər və Azərbaycan üzərindən də dünya bazarlarına daşınmasını istəmir. Qazaxıstanın “Kazmunayqaz” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə danışıqları davam etdirir. Qazaxıstan il ərzində Bakı-Tiflis-Ceyhan boru xətti ilə Aralıq dənizinə 1.5 milyon ton neft nəql etmək istəyir. Bu razılaşma Azərbaycanın bölgədə rolunu daha da artıracaq, öz növbəsində Qazaxıstanı Rusiyanın neft nəqlindən asılılığını azaldacaq. Qazaxıstan neftin nəqlini şaxələndirmək istəyir. Çünki Qazaxıstan yalnız Rusiyadan keçən boru xəttindən asılı olmaq istəmir. Qazaxıstan Rusiyanın Ukraynada apardığı işğalçı müharibəni dəstəkləmir, Donbas separatçılarını tanımır, bunu Tokayev rusiyalı həmkarı Vladimir Putinə də deyib. Bu Putinin xoşuna gəlmədiyinə görə Qazaxıstan neftinin nəqlinə maneə yaradıblar. Qazaxıstan Xəzərdəki limanlarının genişləndirilməsinə başlayıb ki, tankerlərlə Bakı-Tiflis-Ceyhan boru xəttinə daha çox neft nəql edə bilsin. Qazaxıstanın Çinlə iqtisadi əlaqələrində də problemlər mövcuddur. Belə bir gərgin regional münasibətlər fonunda Tokayevin Bakı səfərində əldə ediləcək razılaşmalar diqqət çəkir.

Natiq Cəfərli: “Azərbaycanda qiymət artımı getdikcə sürətlənəcək” – Qərb  Xəbər

Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqladı ki, Azərbaycanla Qazaxıstan arasında münasibətlərin potensialı kifayət qədər genişdir. Onun sözlərinə görə, Qazaxıstanın geniş ərazilərini, logistikasını, Azərbaycanın isə boru xətlərini nəzərə alsaq, ikitərəfli əməkdaşlığın imkanları var: “Bu günə qədər bu potensialdan lazımı qədər istifadə olunmayıb. İndisə qarşılıqlı ticarət əlaqələrinin, investisiyanın yüksəldilməsi haqda müqavilələr bağlana bilər. Həmçinin, Bakı-Tiflis-Ceyhanla neft nəqlinin məhz həcminin artırılmasından söhbət gedə bilər. Azərbaycanın neft hasilatının azaldığını, Qazaxıstanın daha çox neft nəqlini nəzərə alsaq, yeni fürsətlər yaradır. Bakı-Tiflis-Ceyhanın bir milyon barel neft nəql etmək imkanına malikdir, bizsə onun yarısını istifadə edirik. Ona görə Qazaxıstan indi bu boşluğu doldura bilər. Amma Xəzərin statusu müəyyənləşmədiyi üçün boru xətti ilə reallaşması gözlənilmir, Qazaxıstan prezidentinin Aktau dəniz limanının yenidən qurulması barədə fərmanı olmuşdu, bundan sonra kiçik həcmli neft tankerlərinin yaradılması və neftin Bakı limanına qədər çatdırılması trafiki artırılacaq. Bakı-Tiflis-Ceyhan xəttinin gündəlik 500 min barel neft daşımaq imkanları var. Bu, Qazaxıstan üçün çox vacibdir. Çünki Novorossiyski limanında Rusiyanın bəzi addımları ilə qarşılaşır, Qazaxıstan neftinin ixracına maneələr yaradılırdı. Tokayev Bakı səfərində bu əngəlləri kompensasiya etmək üçün razılaşmalar əldə edə bilər. O baxımdan mühüm bir səfərdir”.

Toğrul İsmayıl: Milli Məclisin buraxılması qərarı Azərbaycandakı islahatlar  fonunda düşünülmüş addımdır

Toğrul İsmayıl

Ankara Universitetinin professoru Toğrul İsmayılın sözlərinə görə, Tokayev sonuncu dəfə enerji nəqli məsələsində diplomatik gərginliyə səbəb olmamaq və Rusiya dövlətinin mövqeyini dəqiqləşdirmək üçün Soçiyə səfər etmişdi. Professora görə, Qazaxıstan neftinin Azərbaycan üzərindən nəqli məsələsinə Rusiyanın mane olması çox çətin məsələdir: “Əgər xatırlayırsınızsa, ötən ay Tokayev neftin Rusiyadan yan keçməklə, Transxəzər marşrutu ilə dünya bazarına çıxarılmasına hazırlıqla bağlı ”KazMunayQaz”a tapşırıq verib. Səbəb isə odur ki, Rusiya “ekoloji qaydaların pozulması” səbəbi ilə Xəzər Boru Kəməri Konsorsiumunun fəaliyyətini dayandırmışdı. Əlbəttə, hər ölkənin öz milli təhlükəsizlik maraqları var və bir çox neft-qaz ixrac edən ölkələr yalnız bir ölkədən asılı olmamaq üçün alternativ enerji marşrutlarının formalaşdırılması üzərində çalışırlar. Qazaxıstanın büdcə vəsaitlərinin əhəmiyyətli hissəsini neft və qaz gəlirləri təşkil edir. Rusiya Qazaxıstanı enerji marşrutundan məhrum etməklə əslində ölkənin iqtisadiyyatına zərbə vurur. İqtisadi vəziyyətin ağırlaşması da son nəticədə ölkə daxilində sosial durumun gərginləşməsinə səbəb olur. Ona görə Qazaxıstan öz neftini Bakı üzərindən nəql etmək qərarında tam haqlıdır. Rusiya istəmir deyə, Qazaxıstan dövləti özünü göz görə-görə iqtisadi böhrana sürükləyə bilməz”.

T.İsmayıl Qazaxıstan neftinin Azərbaycan üzərindən ixracı məsələsinin Bakı-Moskva münasibətlərinə təsirinə də toxunub: “Hazırda rəsmi Moskva müxtəlif siyasi təzyiq vasitələri ilə bəhs etdiyimiz planın həyata keçməsinə əngəl olmaq istəyir. Lakin bu məsələ çox çətindir. Çünki Qazaxıstan da bütün müstəqil dövlətlər kimi öz gələcəyini düşünməlidir və artıq Rusiya Xəzər Boru Kəməri Konsorsiumunun fəaliyyətini dayandırmaqla enerji məsələsindən təzyiq aləti kimi istifadə edə biləcəyini göstərib. Ona görə də rəsmi Nur-Sultan mütləq şəkildə alternativ enerji marşrutları üzərində işləməlidir. Ən etibarlı marşrut isə enerjinin Azərbaycan və Türkiyə vasitəsilə dünya bazarına çıxarılmasıdır. Prosesin Bakı və Moskva münasibətlərində müəyyən soyuqluq yaratma ehtimalı olsa da, bunun gərginliyə çevrilməsi mümkün deyil. Çünki İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan enerji məsələsində Rusiyaya rəqib deyil. Azərbaycan və Rusiyanın enerji ehtiyatları arasında fərq çox böyükdür”.

Emil SALAMOĞLU