16 Aprel 2024

Türkiyə Putinə qarşı mövqeyini sərtləşdirir

Siyasi ekspert: “Türkiyə böyük ölçüdə Qərblə öz siyasətini uzlaşdırır, eyni zamanda…”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 23-də Kiyevdə keçirilən “Krım Platforması” onlayn sammitinin iştirakçılarına videomüraciətində Krımın Ukraynanın nəzarətinə qaytarılmasının həm regional, həm də qlobal təhlükəsizlik və sabitlik baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. “Biz hesab edirik ki, fevralın 24-dən davam edən müharibə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə əsaslanan ədalətli sülhlə başa çatmalıdır. Türkiyə bu məqsədə çatmaq üçün diplomatik kanal yaratmaq üçün fövqəladə səylər göstərib. Bu məsələdə əhəmiyyətli nailiyyətlərimiz var, xüsusən də Antalyada xarici işlər nazirlərinin görüşünü, İstanbulda danışıqları və ”taxıl dəhlizi”nin işə salınmasını qeyd edə bilərik”, – deyə Türkiyə lideri vurğulayıb.

“Krımın Rusiya tərəfindən ilhaqı qanunsuzdur və Türkiyənin bu məsələdə mövqeyi 2014-cü ildən bəri dəyişməyib. Krım Ukrayna ərazisinin bir hissəsidir. Rusiya Federasiyası ilə Ukrayna arasında bağlanacaq istənilən müqavilənin əsası bu olmalıdır”. Bunu isə Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.

Göründüyü kimi, Rusiya-Ukrayna müharibəsində Qərb tərəfdaşlarından kifayət qədər müstəqil siyasət yürüdən Türkiyənin son günlər mövqeyini sərtləşdiyi hiss edilməkdədir. Mümkündür ki, bunun əsas səbəblərindən biri  Moskvanın Suriyadakı antiterror əməliyyatlarına qarşı olmasıdır. Bu günlərdə yerli mediaya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə maraqlı fikir səsləndirib. Sabiq nazir deyib ki, Türkiyə Qərb tərəfdaşlarından fərqli olaraq, Ukrayna müharibəsinin nəticəsi olaraq Rusiyanın dağılmasını deyil, bu ölkədə hakimiyyət dəyişikliyi versiyasını dəstəkləyir. “Bu baxımdan Qərblə Türkiyənin siyasi baxışları üst-üstə düşmür. Bəlkə də, Rəcəb Tayyib Ərdoğanın Ukrayna müharibəsində vasitəçiliyi ikinci mövqe ilə bağlıdır. Bu, müvəqqəti olsa belə, atəşkəsə nail olub, hərbi əməliyatları dayandırmaqla Rusiyanın onsuz da siyasi baxımdan dağılmasını gözləməkdən ibarətdir. Çünki Rusiyanın bu cür siyasi şəkildə dağılması üçün sanksiyalar, siyasi izolasiya, texnologiyadan məhrum qalmaq və başqa qəbildən olan səbəblər var. Bunların nəticəsində, dediyim odur ki, Rusiya ya dağılacaq, ya da hakimiyyət dəyişikliyi olacaq. Ərdoğan ikinci taktikanın tərəfdarıdır”, – deyə eks-nazir qeyd edib.

Bəs, Türkiyənin Rusiyanın Ukraynadan qoşunlarını çıxarmaq çağırışını sülhün əsas şərti kimi göstərməsi Qərblə mövqeyini uyğunlaşdırmaq istəyidirmi?

Oqtay Qasımov: “Türkiyə çox çətin problemlə üzləşib” » Reyting.az

 Oktay Qasımov

Politoloq  Oktay Qasımov “Yeni Müsavat”a bildirdi ki, həm Prezident Ərdoğanın, həm də onun sözçüsünün söylədiyi fikirlər Türkiyənin prinsipial dövlət siyasətinin ifadəsidir. Lakin bu fikirlər əslində əvvəllər də dəfələrlə səslənib: “Prezident Ərdoğanın avqustun 23-də Kiyevdə keçirilən ”Krım Platforması” onlayn sammitinin iştirakçılarına videomüraciətində səsləndirdiyi fikirlər əslində yeni deyil, Türkiyənin mövqeyi əvvəldən belə olub. Rusiya 2014-cü ildə Donbas və Krımı işğal edərkən Türkiyənin buna münasibəti birmənalı olmuşdu – Türkiyə bu hadisəni işğal olaraq qiymətləndirmişdi və bu gün də qiymətləndirir. Hətta bir neçə dəfə Prezident Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin üzünə açıq şəkildə bəyan etmişdi ki, Türkiyə Krımın işğal olunduğunu hesab edir və bu işğalla barışmayacaq. Yəni Türkiyə tərəfindən Krımın Ukrayna ərazisi olduğu və Rusiya tərəfindən işğal edildiyi dəfələrlə söylənib. Dövlətlərin ərazi bütövlüyü, o cümlədən qonşuluğunda yerləşən Ukraynanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə Türkiyənin mövqeyi hər zaman prinsipial və birmənalı olub. Bunu hansısa bir məqsədlərlə əlaqələndirmək doğru olmaz. Bu baxımdan sadəcə olaraq, nədən bu məsələ daha müzakirə olunur və ona müxtəlif ehtimallar üzərindən fikirlər söylənilir. Bu, Türkiyənin Rusiyanın Ukraynaya başlatdığı savaşdan sonra Qərbin tətbiq etdiyi sanksiyalara qoşulmadan həm Ukrayna ilə, həm də Rusiya ilə münasibətləri saxlamağa davam etməsi ilə bağlıdır. Amma nəzərə alınmalıdır ki, əslində Türkiyənin hal-hazırda apardığı siyasət kifayət qədər həm risklərlə doludur, eyni zamanda kifayət qədər həssas, incə bir diplomatiyadır. Bunu da Ukraynanın xarici işlər naziri daha lakonik bir dildə ifadə eləmişdi. Sadəcə olaraq, Türkiyənin mən düşünürəm ki, marağı burada doğrudan da səmimi şəkildə Ukraynada sülhün bərqərar olunması və Ukrayna ərazilərinin tamamən işğaldan olunması, o cümlədən Krımın azad edilməsidir”.

Qərbin Rusiya ilə bağlı planlarına gəldikdə isə, politoloq düşünmür ki, hal-hazırkı mərhələdə Qərbin planı Rusiyanı dağıtmaqdır. Çünki Qərbin Rusiya ilə bağlı yaxın, orta və uzaq dövrlərə perspektivləri əhatə edən planları ola bilər: “Mənim düşüncəmə görə hazırda Qərbin apardığı siyasət Rusiyanın aqressiv davranışlarını cilovlamaq və onu öz sərhədləri daxilinə geri otuzdurmaq, Rusiyanın ətrafında olan ölkələri və keçmiş Varşava müqaviləsi dövlətlərinin təhlükəsizliyi məsələsini qarantiya altına almaqdır. Rusiyanın dağıdılması mən düşünmürəm ki, yaxın perspektivdə Qərbin maraqlarına uyğun ola bilər. Çünki Rusiya hər şeydən öncə böyük bir nüvə dövlətidir, çoxmmillətli etnik tərkibə malikdir, Rusiyanın sürətlə dağılması ciddi kataklizmlərə səbəb ola bilər. Ən ciddi məsələlərdən biri nüvə silahlarına nəzarətdir ki, bu da Qərbin ən həssas yanaşdığı məsələlərdən biridir. Məncə, Qərb və Türkiyənin bu məsələlərdə fikir ayrılığının olduğunu düşünmürəm.

Mən hesab etmirəm ki, Türkiyə hazırda Rusiyada hakimiyyətin dəyişməsi və ya Rusiyanın dağılmasını istəyir. Qərbin isə Rusiyada hakimiyyət dəyişikliyində marağı var. Qərb Rusiyanın Ukrayna ərazilərindən çıxmasını, iqtisadi cəhətdən zəifləməsini istəyir. Bütün bunların fonunda Rusiyada hakimiyyət dəyişikliyinə nail olmaq niyyətindədir. Qərb zəifləmiş Rusiyanı özünün gələcək rəqibi olan Çinlə arasında bir tampon kimi istifadə etmək istəyir. O baxımdan dağılmış Rusiya yox, zəiflədilmiş və Qərbdən asılı vəziyyətə düşmüş Rusiya onlara lazımdır. Türkiyənin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi isə kiminləsə siyasəti uzlaşdırmaq deyil. Türkiyə böyük ölçüdə Qərblə öz siyasətini uzlaşdırır. Vasitəçilik missiyasının da həyata keçirilməsi bu qəbildəndir. Ukraynanın ərazi bütövlüyü məsələsi ilə bağlı Türkiyənin Qərblə fikir ayrılığı yoxdur”. 

Etibar SEYİDAĞA