Zəngəzur dəhlizi həlledici mərhələdə: Paşinyan hara qədər müqavimət göstərək?
Azərbaycan Prezidentinin son xəbərdarlığından sonra məsələnin yekun mərhələyə adladığını demək üçün ciddi əsaslar yaranıb; deputat: “Zəngəzur dəhlizi mütləq açılacaq”
Prezident İlham Əliyevin Quba rayonuna səfəri zamanı Zəngəzur dəhlizi ilə bağlı çıxışı Ermənistanda zəlzələ effekti yaradıb. Artıq ermənilər şübhə etmirlər ki, dəhliz açılacaq, Azərbaycan bundan əvvəlki istəklərinə nail olduğu kimi, Zəngəzurla bağlı tələbinin də icrasına nail olacaq.
Azərbaycanın dövlət başçısının əminliklə və həmişəki qətiyyətilə rəsmi İrəvanı Zəngəzurla bağlı öhdəliyinə əməl etməyə çağırması bu məsələ ilə bağlı şübhələri də aradan qaldırıb. Eyni zamanda bu çıxışdan sonra xeyli informasiyalar yayılıb və məhz bu informasiyaların yayılması ilə həqiqətin nədən ibarət olduğunu əksəriyyət anlamağa başlayıb. Üçtərəfli sənəddə Naxçıvanla Azərbaycan arasında yolun olduğuna dair razılaşma var və o yol açılacaq! Düzdür, Ermənistan yenə də mızıldanaraq deyir ki, koridor olmayacaq, yalnız yol olacaq. Ancaq bu məqamda yaxın tarixə qısa ekskurs etməkdə fayda var. Bir vaxtlar Ermənistanın köhnə və indiki rəhbərliyi “Azərbaycana 1 qarış da olsun torpaq qaytarmarıq” deyib, irişirdilər. Hətta Qarabağda çoxsaylı cinayətlərə imza atmış erməni rəhbərliyi sırtıqcasına söz ataraq, “hünəriniz varsa, gəlin, torpaqlarınızı alın”, deyirdilər. Amma biz deyən oldu. Ordumuz və Ali Baş Komandanımız onların başına “Dəmir yumruğ”u endirib, torpaqları işğaldan azad etdi. Bu mənada ermənilərin yaxın tarixdən dərs götürməsi həm də onların özlərinin xilası demək olardı.
Bu mənada Paşinyan və komandasının koridor israrına nə vaxt son qoyacağı ilə bağlı suallar yenə də dövriyyədədir. Maraqlıdır, Ermənistan rəhbərliyi konstruktiv qərar verərsə, erməni xalqı ona qarşı çıxacaqmı? Məntiqlə, anlaşma Ermənistanı da dalandan çıxartmağa hesablanıb və miskin gündə yaşayan ermənilərin xilasına yönəlib. Yada salaq ki, Zəngəzur dəhlizi yalnız Azərbaycan tərəfin istəyi, arzusu deyil. Bu, Rusiyanın, Türkiyənin də istədiyi nəhəng bir projedir. Hələlik arxa planda qalan Çinin də bu koridorla bağlı strateji maraqlarının olduğu sirr deyil. Xatırladaq ki, ötən ildən üzü bəri İlham Əliyev dəfələrlə deyib ki, Zəngəzur dəhlizi açılacaq. İlham Əliyev bu cür bəyanatı son dəfə dekabrın 6-da Qubada verdi və nöqtəni qoydu: Zəngəzur dəhlizi nəyin bahasına olursa-olsun, açılacaq! Paşinyan hara qədər israr edəcək, müqavimət göstərək, sualı indiki durumda çox aktualdır.
Politoloq: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə təmin olunmalı və yüklərin maneəsiz hərəkəti həyata keçirilməlidir” |
Yeri gəlmişkən, yazı çapa hazırlanarkən məlumat yayıldı ki, sərhədlərin demarkasiyası və delimitasiyası komissiyasının üzvləri Rusiya Müdafiə Nazirliyinin təyyarəsi ilə İrəvana gəliblər. Bildirilir ki, Rusiya Müdafiə Nazirliyinin Ermənistan və Azərbaycan sərhədlərinin demarkasiyası və delimitasiyası komissiyasının üzvlərinin olduğu təyyarə dekabrın 8-də İrəvanın Erebuni hərbi hava limanına enib. “Komissiyanın işinə Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının keçmiş rəhbəri Rüstəm Muradov rəhbərlik edəcək. Əldə etdiyimiz məlumata görə, Ermənistan Müdafiə Nazirliyində görüş planlaşdırılır”, erməni mediasında bildirilir. Bununla bağlı ilkin məlumatlar Ermənistan Müdafiə Nazirliyi tərəfindən təkzib edilsə də, az sonra dolayı təsdiq məlumatları tirajlandı. Beləliklə, Soçi görüşündən sonra daha bir razılaşmasının icrası istiqamətində Rusiya tərəfi hərəkətə keçdi. Azərbaycan israrla sərhədlərin delimitasiya və demarkasiyası məsələlərinin həllini istəyir. Lakin prosesi uzadan Ermənistan və onu himayə edən qüvvələrdir. Əsasən də Qərbdəki dairələr özlərinin proseslərə müdaxiləsinə zəmin hazırlamaqdan ötrü delimitasiya və demarkasiya məsələlərinin “dondurulması”nda israr edirdilər. Ancaq Moskvanın moderatorluğu və Bakının israrı nəticəsində prosesin irəli aparıldığını anlayan dairələr, nəhayət, bu mövzu ilə bağlı inadkar mövqedən geri çəkilməli oldular. Diqqət edirsinizsə, son vaxtlar səslənən açıqlama və bəyanatlarda təşəbbüslər alqışlanır.
Məntiqlə proseslər Zəngəzur dəhlizinin açılmasına da aparacaq, əksini düşünmək mümkün deyil. Azərbaycan Prezidenti Aşqabad toplantısında hətta İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri Zəngəzur dəhlizinin imkanlarından bəhrələnməyə çağırmışdı. Daha sonra Qubadan Ermənistana ünvanlı mesaj prosesin həlledici mərhələyə adladığına şübhə yeri qoymur.
Ceyhun Məmmədov
Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında nikbin mövqeyini bölüşdü: “Cənab Prezident bu məsələyə əvvəl də bir neçə dəfə toxunub. Zəngəzur dəhlizi mütləq açılacaq. Ermənistan bunu ya könüllü edəcək, ya da buna məcbur ediləcək. Ermənistanın dirənişi heç nəyi dəyişməyəcək. Əgər Ermənistan bunu könüllü etməsə, ”Dəmir yumruq” yenidən işə düşəcək”. Millət vəkili qeyd etdi ki, bütün bölgə ölkələri, hətta regionda maraqları olan ölkələr də sözügedən dəhlizin açılmasında maraqlıdır: “Dəhlizin açılması bütövlükdə bölgənin inkişafına öz töhfəsini verəcək. Bölgəyə sülh və əmin-amanlıq gələcək. Azərbaycanın istədiyi də budur. Bölgəyə sülh gəlmədən hansısa uzunmüddətli inkişafdan söhbət gedə bilməz”. C.Məmmədov da təsdiqlədi ki, dəhlizin açılmasından ən çox bəhrələnən ölkələrdən biri də Ermənistan olacaq: “Ermənistan düşdüyü ağır iqtisadi durumdan çıxacaq, ölkə inkişaf mərhələsinə qədəm qoyacaq. Ermənistan 30 ildə baş verənlərdən nəticə çıxarmalıdır. 30 ildə Ermənistan yalnız itirdi. Əvvəldən Azərbaycan bu barədə dəfələrlə xəbərdarlıq etmişdi. Təəssüf ki, Ermənistan nəticə çıxarmadı, nəticədə hazırkı ağır duruma düşdü. Ermənistan dirəndikcə, vəziyyəti daha da ağırlaşacaq. Nə qədər gec deyil Ermənistan bunu anlamalıdır”.
İlyas Hüseynov
Politoloq İlyas Hüseynov qeyd etdi ki, Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı Qubadakı çıxışı Ermənistanda böyük həyəcanla izlənilib: “Hər üç bəyanatda bölgədəki nəqliyyat əlaqəsinin bərpa olunması ilə bağlı müvafiq qeydlər vardır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə təmin olunmalı və yüklərin maneəsiz hərəkəti həyata keçirilməlidir. Ermənistanın dəhliz prinsipi olmadan kommunikasiyanın yaradılması ilə bağlı iradları tamamilə əsassızdır. Müasir tarixdə baş vermiş hadisələr də göstərir ki, Ermənistanın bütün tələbləri və iradları hərbi eskalasiyadan sonra yumşalır və öz proseslər öz məcrası ilə davam edir. Müzəffər ordumuzun qüdrəti və Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi diplomatik-siyasi raundlarda da Azərbaycanı güclü tərəf kimi göstərir”. Politoloq qeyd etdi ki, Soçi görüşündə də bunu əyani şəkildə gördük: “Bununla yanaşı, qeyd edək ki, ”Demokratiya sammiti”nə dəvət alan Ermənistanın baş naziri Nikol Paşinyan siyasi sahədə müəyyən imtiyazlara və güzəştlərə ümid edir. Lakin Paşinyanın yüklərin Ermənistan tərəfindən yoxlamaya cəlb olunması və dəhliz ideyasının inkarı siyasətinə son qoyulmalıdır”. İ.Hüseynov bildirdi ki, Zəngəzur dəhlizi bölgədə təhlükəsizlik arxitekturasını gücləndirməklə yanaşı, Avrasiya məkanında nəqliyat və logistika imkanlarını diversifikasiya edir, həm də Rusiya və Türkiyənin təşəbbüsləri kimi də qiymətləndirilir: “Bu xüsusda Zəngəzur dəhlizi eyni zamanda Çinin ”Bir kəmər – bir yol” strateji konsepsiyasının da tərkib hissəsi kimi nəzərdən keçirilə bilər. Türk Dövlətləri Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantılarında cənab İlham Əliyevin Zəngəzur dəhlizi ilə verdiyi mesajlar da böyük diqqət çəkir”.
İndiki halda bunu əlavə etmək olar: “qum saatı” qurulub və zaman Ermənistanın ziyanına işləyir… Delimitasiya və demarkasiya ilə bağlı da imtina mövqeyi tutulmuşdu. Son aylarda həyata keçirilən unikal əməliyyat nəticəsində Azərbaycan əsgəri Qərbi Zəngəzura zirvələrdən baxışı təmin etdikdən sonra Paşinyan “daş”ı ətəyindən tökməli oldu. Əks təqdirdə, bu daş onun başında çatlaya bilərdi…