08 Sentyabr 2024

Zelenski: Müharibə Krım və Donbasda başlayıb, orada da bitməlidir

Prezident vurğulayıb ki, Ukrayna torpaqlarında işğalçılara yer olmayacaq

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, bu müharibə Krımda və Donbasda başlayıb və Ukrayna hərbçilərinin dövlət sərhədlərini nəzarətə götürməsi ilə orada da başa çatmalıdır. O, Ukraynanın bu məqsədi daim diqqətdə saxladığını vurğulayıb.

Media1.az-ın məlumatına görə, bu barədə Ukrayna prezidenti ənənəvi axşam videomüraciətində bildirib.

Prezident xatırladıb ki, bu gün Ukrayna uğrunda canlarından keçmiş əsgərlərin xatirəsini ehtiramla yad edir.

“Əminəm ki, hamınız nə baş verdiyini, nə üçün mübarizə apardığımızı və nəyə can atdığımızı başa düşürsünüz. Bizim əsgərlərimiz isə arxada heç bir elana və ya informasiya dalğasına ehtiyac duymur. Ukrayna öz ölkəsinə qayıdır və qayıdacaq – Xarkov, Luqansk, Donetsk vilayəti, Zaporojye, Xerson, Krım və təbii ki, bizim Qara və Azov dənizlərinin bütün akvatoriyasına. Bu, baş verəcək”, – dövlət başçısı vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna torpağında işğalçılara yer olmayacaq.