14 Mart 2025

“Yeni Klinika”nın direktoruna hökm oxundu SON DƏQİQƏ

“Yeni Klinika” Publik Hüquqi Şəxsin direktoru və digərləri barəsində olan cinayət işi üzrə məhkəmə araşdırması davam edib.

Media1.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində “Yeni Klinika”nın direktoru Pərviz Abbasov və digərlərinin cinayət işi üzrə məhkəmə araşdırması zamanı bu gün təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən Pərviz Abbasov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Həbs edilən “Buta” Klinikasında həkim-radioloq işləmiş Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov və Samir Mirzəyevin hərəsi 8 il həbs cəzası alıb.

Ev dustaqlığına okan “Viola” MMC-nin meneceri Vüsalə Əliyevaya isə iki il sınaq müddəti seçilməklə şərti cəza verilib.

Rəsmi ittihamda yazılır ki, həbs edilən şəxslər COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından pul alıblar.

Həbs edilən şəxslərdən Qalib Nəcəfov “Buta” klinikasında həkim radioloq vəzifəsində işləyib, Vüsalə Əliyeva “Avrasiya” klinikasında və “Viola” MMC-də menecer işləyib, Əvəz Hüseynov Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi vəzifəsində çalışıb. Samir Miriyev isə işsiz olub.