23 Dekabr 2024

Yaz əkin mövsümündə 700 mindən çox meşəcinsli ağacın əkilməsi planlaşdırılır

Meşələrin vacibliyini, meşəbərpa işlərinin önəmini vurğulamaq, ağac əkinini təşviq etmək məqsədilə hər il martın 21-i Beynəlxalq Meşələr Günü kimi qeyd olunur. Azərbaycanda da davamlı olaraq genişmiqyaslı meşəbərpa və ağacəkmə tədbirləri həyata keçirilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib.

Mütəxəssisin fikrincə, meşəbərpa işləri məqsədyönlü və elmi əsaslarla həyata keçirilməlidir. Meşəliklər salınarkən ərazinin torpaq-iqlim şərtləri və bölgənin relyefinə uyğun bitkilərin seçilməsi vacibdir: “Son illər dünyanın əksər ölkələrində monokultural, yəni yekcins deyil, qarışıq tərkibli əkinlərə daha çox üstünlük verilir. Çünki qarışıq əkinlərin torpaqqoruyucu, susaxlayıcı və estetik xassələri kifayət qədər yüksəkdir. Biz də işğaldan azad olunmuş ərazilər də daxil olmaqla, meşəsalma işlərində qarışıq tipli meşə əkinlərinə xüsusi önəm veririk. Eyni zamanda, torpaqda suyun normal miqdarda və maksimal müddətdə saxlanılmasını təmin etmək məqsədilə hazırda terras tipli əkinlər həyata keçiririk”.

Xidmət rəsmisinin sözlərinə görə, yaz əkin planına uyğun olaraq ölkə üzrə 344 hektar meşə fondu torpağında meşəbərpa işlərinin aparılması, hər bölgənin iqlim şəraitinə uyğun ümumilikdə 700 mindən çox meşəcinsli ağacın əkilməsi, 6 min kiloqramdan çox toxumun səpilməsi planlaşdırılır.