22 İyun 2025

“Yaşıl dəhliz” və xarici ticarət: Sahibkarlar ondan yararlana bilirlərmi?

Azərbaycanda “Yaşıl dəhliz” buraxılış sisteminin istifadəyə verilməsindən 3 il ötür. Hazırda “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ verilmiş  xarici ticarət iştirakçılarının sayı idxal üzrə  492-yə, ixrac üzrə  269-a çatıb.

“Yaşıl dəhliz”  əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük sərhəd buraxılış məntəqələrində gömrük qanunvericiliyi ilə müəyyən edilmiş məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi vasitəsilə malların və nəqliyyat vasitələrinin fiziki yoxlanması aparılmadan gömrük proseduruna uyğun gömrük ərazisinə buraxılışını nəzərdə tutan buraxılış sistemidir. “Yaşıl dəhliz” buraxılış sisteminin iştirakçısına sərhəd buraxılış məntəqələrindən keçiddə, gömrük xidmətlərindən istifadədə və gömrük ekspertizasının aparılmasında prioritet yanaşma tətbiq edilir, həmçinin o, minimum fiziki yoxlamaya məruz qalır, gömrük rəsmiləşdirilməsinin iş yerindən və iş vaxtından kənar aparılması imkanı əldə edir. Sistemin spesifik üstünlüyü ondan ibarətdir ki, idxal əməliyyatında malların şəxsin anbarına birbaşa aparılması və gömrüyə getmədən malların boşaldılması, ixracda isə şəxsin gömrüyə getmədən malların ixracının birbaşa öz anbarından həyata keçirilməsi mümkün olur.

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev dövlət gömrük xidmətinin yaranmasının 30 illiyi və gömrük əməkdaşlarının peşə bayramı münasibətilə keçirilən tədbirdə bildirib ki, ötən il “Yaşıl dəhliz” vasitəsilə sahibkarlar 10 milyard ABŞ dolları dəyərindən çox idxal-ixrac əməliyyatları həyata keçiriblər. 

DGK sədri 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında ümumi idxalın 40 faizinin, ümumi ixracın isə 32,8 faizinin  “Yaşıl dəhliz” istifadəçilərinin payına düşdüyünü bildirmişdi. 2020-ci ildə ölkədən ixracın məbləğinin 13 milyard 740 milyon 567,63 min ABŞ dolları olmasını nəzərə alanda, bunun 4 milyard 506 milyon 906,18 min dollarının, idxalın isə 10 milyard 730 milyon 720,22 min dollar olması bunun isə 4 milyard 292 milyon 288,08 min dollarının  “Yaşıl dəhliz” istifadəçilərinin payına düşdüyü məlum olur. Bu isə onu deməyə imkan verir ki, 2021-ci ildə “Yaşıl dəhliz” vasitəsilə aparılmış xarici ticarətin dəyəri əvvəlki illə müqayisədə təxminən 14 faiz artıb. Əgər 2020-ci ildə  Azərbaycanın xarici ticarət dövriyyəsinin 36 faizi “Yaşıl dəhliz” vasitəsilə həyata  keçirilmişdisə 2021-ci ildə bu göstərici 29,5 faiz olub.   

Sözügedən sistemdən istifadə hüququ əldə etmiş subyektlərin sayı isə onu deməyə əsas verir ki, əlverişli biznes mühiti və daha sürətli sərhəd keçidi ilə bərabər, yüksək ixrac potensialı yaratmaq məqsədilə tətbiq edilən “Yaşıl dəhliz” ölkəyə məhsul idxal edən şirkətlərin daha çox marağındadır. Hərçənd ki, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququnun əldə edilməsi şərtləri daha çox ixracatçılar üçün əlverişlidir. Belə ki, idxal əməliyyatlarında 5 tələb varsa, ixracda bunlardan 3-nə əməl etmək kifayət edir. Qaydaya əsasən, idxal əməliyyatlarının həyata keçirilməsi sahəsində son 1 il ərzində təcrübəsi, gömrük orqanlarının təqdim etdikləri elektron xidmətlərdən istifadə bacarıqları və ya bu xidmətlərdən istifadəni təmin edəcək səlahiyyətli şəxslə müqaviləsi olan, daşımaları beynəlxalq daşıma standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadə edilməklə həyata keçirən, Nazirlər Kabinetinin müəyyən etdiyi tələblərə cavab verən və malların saxlancı üçün nəzərdə tutulan anbarlardan istifadə edən, qaçaqmalçılıq və ya gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə bağlı cinayətə görə məhkumluğu olmayan, o cümlədən məhkumluğu ödənilmiş və ya götürülmüş aşağı risk qrupuna aid hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs  həm idxal, həm də ixrac əməliyyatlarının həyata keçirilməsi üçün “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ qazanır. Lakin məsələyə sırf ixrac müstəvisindən yanaşdıqda, yəni, ancaq ixrac əməliyyatı həyata keçirən aşağı risk qrupuna aid  şəxsin bu tələblərin heç də hamısına cavab verməsinə ehtiyac yoxdur. Belə olan halda gömrük orqanlarının təqdim etdikləri elektron xidmətlərdən istifadə bacarıqları və ya bu xidmətlərdən istifadəni təmin edəcək səlahiyyətli şəxslə müqaviləsi olan, daşımaları beynəlxalq daşıma standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadə edilməklə həyata keçirən,  qaçaqmalçılıq və ya gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə bağlı cinayətə görə məhkumluğu olmayan, o cümlədən məhkumluğu ödənilmiş və ya götürülmüş şəxs ixrac əməliyyatları həyata keçirilməsi üçün “Yaşıl dəhliz”dən daimi istifadə hüququ əldə edə bilər.

Bu buraxılış sisteminin əsas üstünlüyü idxal-ixrac əməliyyatlarını asanlaşdırması, qanuna könüllü riayət etmək mədəniyyəti yaratmasıdır ki, bu da həm sahibkarların, həm də gömrük orqanlarının mənafelərinə uyğundur.