Yanvar ayının son hərracı: 20 nəqliyyat vasitəsi özəlləşdirildi
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 25 yanvarda keçirilən növbəti hərracda 9 səhmdar cəmiyyətinin səhm paketi, 20 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bununla bağlı İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Hərracda səhm paketləri özəlləşdirilən səhmdar cəmiyyətləri sənaye, kənd təsərrüfatı və nəqliyyat sahələri üzrə fəaliyyət göstərir. Hərracda ən yüksək qiymətə səhm paketləri özəlləşdirilən səhmdar cəmiyyətləri “Kürdəmir Aqrotexservis” ASC və “Yevlax Taxılçı” ASC olub. “Kürdəmir Aqrotexservis” ASC-nin 30 faizlik səhm paketi 49 952 manata, “Yevlax Taxılçı” ASC-nin 10,07 faizlik səhm paketi isə 38 456 manata özəlləşdirilib.
Nəqliyyat vasitələrinin hərracı rəqabətli olub. İlkin start qiyməti 6000 manat olan “Hyundai Sonata” markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 9060 manata satılıb. Rəqabətli satışı ilə seçilən daha bir avtomobil “Chevrolet Niva” olub. İlkin satış qiyməti 4000 manat olan bu maşına edilən son təklif 5500 olub.
Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 190 016 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.
Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/33HjKDH )
Məlumat üçün bildiririk ki, növbəti hərraclar 1,15 və 22 fevral tarixlərində keçiriləcək.
Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər
Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.