22 Noyabr 2024

“Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcəkdir

Azərbaycan azsaylı ölkələrdəndir ki, pandemiyaya baxmayaraq, burada xarici kapitalın qoyuluşu dayanmayıb. Bunun da iki əsas səbəbi var. Birincisi, ölkəmizdə sərmayə qoyuluşuna təminat verən mükəmməl qanunvericilik bazasının olmasıdır. Dövlət tərəfindən iqtisadi fəallığın qorunması istiqamətində görülən tədbirlər sayəsində ölkənin inkişaf dinamikasını saxlamaq mümkün oldu. Düzdür, bir sıra sahələrdə geriləmələr müşahidə edildi. Bildiyimiz kimi, bu, dünyada baş verən proseslərlə bağlıdır. Azərbaycan iqtisadiyyatı açıq iqtisadiyyatdır və dünyada baş verən proseslərdən tam yayınmaq mümkün deyil. Bununla belə, ölkəmizdə pandemiya şəraitində bir çox sahələrdə nəinki gerilik oldu, əksinə, uğurlar əldə edildi. Bu, qeyri-neft sektorunda özünü göstərdi. Azərbaycan xarici investisiya həcminə görə regionda lider dövlətdir. Bunun da ən əsas səbəbi ölkədə mövcud ictimai-siyasi və sosial-iqtisadi vəziyyətin sabit olmasıdır. Bütün xarici investorlar ölkəmzə əminliklə sərmayə yatıra bilirlər. Səudiyyə Ərəbistanın şirkəti tərəfindən tikiləcək “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının inşası da belə mühüm investisiya layihələrindən biridir. 

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının 2022-ci il yanvarın 13-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcəkdir. Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. Qətiyyətlə demək olar ki, 1994-cü ildə imzalanmış neft kontraktlarında Ulu öndər Heydər Əliyevin enerji siyasətini bu gün Prezident cənab İlham Əliyevin elan etdiyi “Yaşıl enerji” strategiyasına transformasiyası gələcəkdə ölkəyə böyük dividendlər gətirəcək. Səudiyyə Ərəbistanının”ACWA Power” şirkəti tərəfindən tikiləcək “Xızı-Abşeron” külək elektrik stansiyası ölkəmizdə xarici sərmayə cəlb edilməklə həyata keçiriləcək ilk sənaye həcmli bərpa olunan enerji layihəsidir. Eyni zamanda stansiya Azərbaycanda ən böyük külək enerji stansiyası olacaq. Müqayisə üçün qeyd edək ki, hazırda ölkəmizdə ən böyük elektrik stansiyası Xızı rayonunun ərazisində yerləşən 50 MVT gücündə “Yeni Yaşma” külək elektrik stansiyasında 20 külək turbini var və onların hər birinin gücü 2,5 MVT-dır. Bu layihədə isə təxminən 37 ədəd külək turbini olacaq və hər birinin gücü 6,5 MVT olacağı planlaşdırılır. Ölkəmizdə iqtisadi sabitlik və əlverişli investisiya mühiti hazırda sərmayədarlarda inam yaradır. Nəticə etibarilə Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən bərpaolunan enerji sahəsinə özəl investisiyalar yatırılır. Bu layihənin sosial üstünlükləri də var. Layihəni işə düşməsi ilə yeni iş yerlərinin açılması, həm yeni istehsal və xidmət sahələrinin yaradılmasına öz töhfəsini vermiş olacaq. Bu həm də xarici investorlarla işin təşkili təcrübəsi deməkdir. Bundan əlavə reallaşan bu layihə yerli ixtisaslı kadr potensialının formalaşmasına da kömək olacaq.

Səudiyyə Ərəbistanı Azərbaycanla bütün sahələrdə, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və OPEC çərçivəsində fəal əməkdaşlıq edir. Qarabağ münaqişəsi başlanan gündən işğalçı Ermənistanla heç bir diplomatik əlaqə yaratmayan Səudiyyə Ərəbistanı dünyada ölkəmzin strateji tərəfdaşlarından biridir. Bu, bir daha onu göstərir ki, Səudiyyə Ərəbistanı Azərbaycana xüsusi əhəmiyyət verir. Təməli qoyulan bu investisiya layihəsi ilə əlaqələrimiz yüksələn xətt üzrə inkişaf edəcəkdir.

Səadət İsmayılova,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri