23 Dekabr 2024

Xəbərdarlıq olmadan Bərdə sakininin qazı kəsilib

Neft – qaz ölkəsində Azərbaycan vətəndaşının istifadə etdiyi qazı kəsmək , ona qarşı amansız olmaq, qəddarlıq nümayiş etdirmək heç cürə anlayışla qarşılana bilməz. Hansı ki, vətəndaş maddi durumunda çətinlik olmasına baxmayaraq aybaay borclarını ödəmək üçün öhdəlik götürür. Tədricən borcunu ödəyəcəyinə söz verir. Belə olan halda ” milli sərvət”imiz deyilən qaza görə vətəndaşımızın xahişinə, müraciətinə, acizanə yalvarışına məhəl qoyulmursa bu idarənin müdirinin əməlinə hansı haqqı qazandırmaq olar.

Media1.az xəbər verir ki, belə bir nümunəni Bərdə rayonunda Azəriqazın şöbə müdiri işləyən Şəhriyar Məmmədov göstərib. Bərdə sakini , qazabonenti Yeganə Əliyevanın istifadə etdiyi qazı xəbərdarlıq etmədən belə , kəsib.

Onu da bildirək ki, Yeganə Əliyeva şəkər xəstəsidir. Ailənin yeganə qazanc gətirəni Bərdə rayon sakini Fərhad Əliyev maşın ustasıdır. Pandemiya dövründə işlərinin düz getmədiyindən maddi çətinliklərlə üzləşməli olub. Qaza görə də bu səbəbdən ödənişlər edə bilməyib. Pandemiyanın sınağından çıxmağa macal tapmayan Fərhad usta beyin infarktı keçirib. Bu ərəfədə Azəriqazın əməkdaşları ayaqların bir başmağa dirəyib, borcun ödənilməsini tələb ediblər. Əks təqdirdə sabahısı gün qazın kəsiləcəyini bildiriblər. Borclunun ailəsindən yalvar-yapış olunub ki,- aybay ödənişlər olunacaq, tədricən ödəniləcək-deyə qazı kəsməsinlər.Həmin ay qazı insaflı olub kəsməyiblər. Borclu da borcundan ödəyib. Bu ay isə Azəriqazın işçiləri həmin bu insanlıq yardımına möhtac olan ailəni “milli sərvət”imizin mavi yanacağından məhrum ediblər.Baxmayaraq ki, borcu aybay tədricən ödənilməsini bu ailə davam etdirir.

Onu da qeyd edək ki, qaz kəsilərkən heç bir xəbərdarlıq olmayıb. Borclunun ailəsindən bildirilib ki, qazı kəsmək istədiklərini desələr, hardansa borc tapıb, verərdik. Qaz kəsilməzdi.Hansı ki, indi buna görə çox çətinlik çəkməli oluruq.