Xarkov sakini yaşadığı dəhşətlərdən danışdı: “Öləcəyiksə, pilləkəndə yox, evdə ölək” – FOTO

“Sevinirəm ki, bütün qohumlarım Xarkovu tərk ediblər, çünki şəhərdə qalmaq ölümcül təhlükəli idi. Təxliyə edilməyənlərin söhbətlərini eşidəndə tüklərim biz-biz olur. Bu insanlar işğaldan, zorakılıqdan, qəddarlıqdan sağ çıxıblar”.
Bunu Media.Az-a görmə əngəlli anası ilə birlikdə Ukraynanı tərk edərək Çex Respublikasına gedib çıxa bilmiş Xarkov sakini Yelena Xalina deyib.
Xarkovda onlar Xolodnaya Qorada (Ukraynanın Xolodnoqorsk və Novobavar inzibati rayonlarında tarixi ərazi) yaşayırdılar. Qızın sözlərinə görə, bu ərazi Rusiya ilə sərhəddən kifayət qədər uzaqdadır. Ona görə də Rusiya qoşunlarının ölkəyə daxil olmasından sonra ilk beş gündə onlar yalnız partlayışların əks-sədasını eşidiblər və vəziyyət nisbətən sakit olub.
İlk dəfə hərbi təyyarələr binaların üzərindən uçmağa başlayanda onlar qorxu yaşayıblar. Y.Xalinanın sözlərinə görə, təyyarələrin mühərriklərindən çıxan səs-küydən divarlar titrəyirmiş.
“Evimizdən bir kilometr aralıda tank məktəbi var. Martın 1-də o, RF Silahlı Qüvvələrinin raket və artilleriya atəşinə məruz qaldı. Yadımdadır, güclü uğultu gəldi, şok dalğasından mənzilimizdəki mebellər titrəyirdi. Pəncərədən bayıra baxdım və şəhərin üzərində tünd qırmızı işığın yayıldığını gördüm. O, təxminən 40 dəqiqə davam etdi, bütün gecə yanğını söndürdülər”, – deyə Y.Xalina bildirib.
Onun sözlərinə görə, partlayış nəticəsində yaranan şok dalğası ərazidəki ən böyük supermarketlərdən birini dağıdıb. Ərzağın tezliklə bitəcəyindən qorxan sakinlər başqa mağazalara axışıblar. Lakin bir müddət sonra onların yaşadıqları əraziyə humanitar yardım və ərzaq çatdırılıb, nəticədə panika səngiyib.
“Çox şanslı idik, fevralın 24-dən bir gün əvvəl ən azı bir həftəlik ərzaq aldım. Müharibə başlayandan marketə getmək üçün cəmi bir dəfə evdən çıxdım. Amma gedib çıxa bilmədim. Dəhşətli uğultu oldu və mən bizim üçün sığınacaq olan zirzəmiyə qayıtmaq qərarına gəldim”, – deyə Y.Xalina xatırlayır.
Onun sözlərinə görə, martın 1-də baş verən partlayışa görə evdə bir neçə gün elektrik enerjisi kəsilib: “Bundan sonra zirzəmiyə enməyi dayandırdıq. Belə olan halda, gözləri görməyən anamla mənim səkkizinci mərtəbədən oraya enməyə vaxtımız olmaya bilərdi, çünki lift işləmirdi. Qərara gəldik ki, əgər öləcəyiksə, pilləkəndə yox, evdə ölək.
Qeyd edək ki, Y.Xalina İ.Kotlyarovski adına Xarkov İncəsənət Universitetində təhsil alıb. Çex Akademiyası tələbələrə Praqada sığınacaq verilməsi, eləcə də təhsillərini təhsil müəssisələrində davam etdirmək təklifi ilə universitetə məktub göndərib. Şəhərdəki çətin vəziyyəti nəzərə alan qız anası ilə birlikdə çətin bir qərar verib – Ukraynanı tərk etmək.
“Bu seçim bizim üçün asan olmadı, çünki evdən çıxanda nəinki əşyaları, həm də dostlarını, xatirələrını orada qoyursan… Və bütün maddi nemətlərdən yalnız ən zəruri əşyaların olduğu kiçik bir bel çantası götürürsən”, – deyə Y. Xalina bildirib.
Əvvəlcə Xarkov sakinləri Lvova gediblər. Yəhudi icması onlara oraya getməyə kömək edib. “İsraildə qohumlarımız var, bundan başqa, mən dörd ilə yaxın ən böyük beynəlxalq yəhudi tələbə təşkilatında – “Hillel”də işləmişəm. Sonra indi olduğumuz Praqaya yola düşdük. Ukraynanın qərb hissəsi indi nisbətən təhlükəsizdir.
Amma orada yaşamaq üçün maliyyə yastığı olmalıdır, məndə isə yoxdur. Çex Respublikasında bizə çox kömək edirlər. Sözün əsl mənasında hər addımda humanitar yardım mərkəzlərini görmək olar ki, orada qaçqınlara pulsuz paltar və yemək verirlər”, – deyə Y.Xalina bildirib.
Onun sözlərinə görə, Xarkov indi, demək olar ki, tamamilə dağıdılıb. Rusiya Silahlı Qüvvələri onun işlədiyi teatrı, eləcə də universiteti partladıblar. Saltovka, Horizont, Bolşaya Danilovka rayonları, Malaya Roqan kəndi, şəhər tipli Malaya Danilovka, Zoloçev, Lopan qəsəbələri, həmçinin Xarkov vilayətinin Lozovaya və Derqaçi kimi şəhərləri daha çox zərər çəkib.
“Rusiya ordusu Xarkov vilayətində yerləşən kəndləri yer üzündən silib. Bizim teatrda işləyən işıq ustası hələ faciəli hadisələr başlamamış kəndlərdən birinə getmişdi. Fevralın 24-də onunla əlaqə kəsildi”, – deyə həmsöhbətimiz qeyd edib.
Geri qayıdan kişi deyib ki, kənddə insanlar evsiz, yeməksiz, susuz, işıqsız qalıblar: “O deyib ki, demək olar ki, bütün kənd camaatı salamat qalmış evlərdən birinə yığışıb. Onlar ancaq süd içiblər, başqa heç nə yox imiş. Su bəndinin partlaması nəticəsində kəndə gedən yol bağlandığından onlara heç kim kömək edə bilməyib. Sağ qalanlar möcüzəvi şəkildə meşədən keçiblər. Adamlar yolu təmizləmək üçün şam ağaclarını qırıblar”.
Y.Xalina iddia edir ki, Xarkovda onun ətrafındakılardan yalnız kişilər qalıb. Onlar könüllü fəaliyyətlə məşğul olur və ya ərazinin müdafiəsində xidmət edirlər:
“Bildiyimə görə, Saltovski rayonunun bəzi yerlərində elektrik enerjisi yoxdur. İnsanlar avtomobil akkumulyatorlarından və kustar vasitələrdən istifadə ilə işıq əldə etməyə çalışırlar. Məktəblərin zirzəmiləri isə şəhərdən çıxa bilməyən uşaq və qadınlarla dolub-daşır. Axı stansiyaya qədər məsafə uzundur, hazırda taksilər işləmir, hamının piyada getməyə gücü yetmir”.
Şəhərinin dağıdılmasına baxmayaraq, qız vətəninə mümkün qədər tez qayıdacağına ümid edir: “Ukrayna mənim ölkəmdir və onu bizim üçün başqa heç bir dövlət əvəz etməyəcək!”