Xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmış Prezident
On doqquz il əvvəl prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilən İlham Əliyev dövlət başçısı kimi mətbuata ilk müsahibəsində bildirmişdi: “Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam”.
Müstəqilliyimizin qarantı, xalqımızın xilaskarı, Ulu Öndər Heydər Əliyevin siyasətinin davam etdiriləcəyini və ölkəmizin xoşbəxt gələcəyinə inandığını bildirən Prezident İlham Əliyev Azərbaycanı daha da gücləndirəcəyinə, hərtərəfli inkişaf etdirəcəyinə, xalqın ona olan yüksək səviyyədə etimadını doğruldacağına söz vermişdi.
Bu mənada insanları məmnun edən reallıqlar göz qabağındadır. Ötən dövrdə qazanılan uğurlar, Azərbaycanın dünya birliyində lider dövlət kimi tanınması verilən vədlərin reallığa çevrilməsinin bariz nümunəsidir.
Bu istiqamətdə Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial-iqtisadi və iri layihələrin həyata keçirilməsi, ən başlıcası İkinci Qarabağ savaşında 30 illik erməni işğalına son qoyan 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış və Prezidentə olan inamı, istəyi birə-beş artırmışdır. Dövlət başçısı İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın “dəmir yumruq” kimi birləşməsi sayəsində nəinki 30 illik erməni işğalına, daşnak şovinistlərin 200 ildən arıq davam edən ərazi iddialarına son qoyuldu. Ali Baş Komandana rəğbət və etimadın gücü ilə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. 6 şəhər, 5 qəsəbə və 300-ə yaxın yaşayış məntəqəsini işğaldan azad edən, üçrəngli bayrağımızı bu ərazilərdə dalğalandıran Azərbaycan Ordusu Qarabağın tacı Şuşanı düşmən tapdağından azad etdi. Şuşanın işğaldan azad olunduğu gün dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Zəfər günü kimi təsis olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından qürurla ictimaiyyətə çatdırması dövlət başçısına olan etimadın, sevginin əbədiliyinə səbəb oldu.
Zəfərə gedən yolumuzda: “Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaqdır” tezisini Azərbaycanın inkişafının bazar iqtisadiyyatı, özəl sektorun formalaşması, sosial islahatların həlli, ordu quruculuğu, qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşması və doğma dədə-baba torpaqlarına qayıdışı ilə birbaşa bağlı olduğunu reallığa çevirən cənab İlham Əliyevin sərəncamı ilə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası, islahatların geniş miqyasda həyata keçirilməsi, ölkəmizdəki dinamik inkişaf digərlərinə nümunə göstərilir. Qürürverici haldır ki, bu gün Azərbaycanın inkişaf modeli dünyanın inkişaf etmiş ölkələrində belə təbliğ olunur. Son illərdə texnoloji inkişafa böyük önəm verilmiş, qlobal enerji və nəqliyyat layihələri icra edilmiş, respublikamız qüdrətli ölkə kimi dünyanın enerji və nəqliyyat mərkəzinə çevrilmişdir. 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalanmışdı. 2018-ci ilin mayında “Cənub qaz dəhlizi”nin rəsmi açılışı olmuşdu, həmin ilin iyun ayında TANAP istifadəyə verilmişdi, 2020-ci il dekabrın 31-də isə “Cənub qaz dəhlizi”nin digər seqmenti olan TAP işə düşmüşdü. Azərbaycan təşəbbüsləri gerçəkliyə çevirməklə regional inkişafın aparıcı qüvvəsinə və dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilmişdi.
Azərbaycanın iqtisadi müstəqilliyi siyasi müstəqilliyi üçün əsasdır. 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilən Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə mühüm töhfələr vermiş və dünyada cərəyan edən siyasi proseslərin fəal iştirakçısına çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının mandatı əsasında təsis edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara da öz töhfəsini verən ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi olaraq keçirilən görüşlərinə evsahibliyi etmişdir. Dünyada 200-ə qədər ölkə olsa da belə mühüm görüşlər üçün Azərbaycanın seçilməsi cənab İlham Əliyevə, dövlət başçısının yürütdüyü xarici siyasətə beynəlxalq səviyyədə göstərilən yüksək etimaddır. Qlobal enerji və nəqliyyat layihələrini reallaşdıran, qüdrətli ölkə kimi tərəfdaşlıq formatı yaradan, güc, dialoq mərkəzi, humanitar platforma kimi də tanınan Azərbaycanın paytaxtı “Ekspo-2025” üçün namizədliyini irəli sürmüş üç şəhərdən biridir. “Bütün bu nailiyyətlər deməyə əsas verir ki, ölkəmizin inkişafı bundan sonra da uğurlu olacaq.
Əlbəttə ki, xoş, firavan gələcəyimizin əsas şərti daxili sabitlikdir. Sabitliyin də təminatçısı Azərbaycan xalqıdır, onun rəyidir, onun verdiyi dəstəkdir. Xalq-iqtidar birliyi Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir və eyni zamanda dinlərarası münasibətlər də bizim gücümüzü artırır” – söyləyən Prezident İlham Əliyev qətiyyətli dövlət başçısı kimi verdiyi vədlərə sadiq, siyasi iradəyə malik lider olduğunu təsdiqləmişdir.
Bütün bunları Sosial Tədqiqatlar Mərkəzinin “Prezidentin fəaliyyəti ictimai rəydə” sorğusunun nəticələrindən də aydın görmək olur. Nəzər saldıqda Azərbaycan xalqının Prezident İlham Əliyevə böyük etimad bəslədiyinin, reytinqinin ictimai rəydə yüksək olduğunun bir daha şidinə çevrilirik.
Həsən Şirinov – YAP Goranboy rayon təşkilatının əməkdaşı.