23 Dekabr 2024

XALQIMIZIN QÜRUR GÜNLƏRİ -Qənirə Paşayevanın yazısı

(MM Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın yazısını təqdim edirik.)

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 24 dekabrda Xocavənd rayonunun Hadrut (Ağoğlan) qəsəbəsində və Şuşa şəhərinə səfəri, o səfərlərdəki çıxışı, çıxışlardakı ismarıclar həm 2021-ci ilin hərbi-siyasi yekununun qiymətləndirilməsi, həm də 2022-ci ilə baxışlarımızı təcalla etdirir.

Ağoğlanda yeni hərbi hissənin açılışı

Müzəffər Ali Baş Komandanın özünün də vurğuladığı kimi, son illər içində respublikamızın bir çox yerində yeni hərbi hissələr, hərbi şəhərciklər salınıb. İşğaldan azad olunmuş ərazilərimizdəki yeni infrastruktur layihələri, bu fonda hərbi strukturların yaradılması xüsusi qeyd olunmalıdır. Bu xüsusilik içində isə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmuş ərazilərdə belə strukturların yaradılması daha da öncəliklə vurğulanmalıdır.

2022-ci ilin dövlət büdcəsi bugünlərdə Milli Məclisdə müzakirə olunaraq, qəbul edildi və bəlli oldu ki, 2021-ci ildə olduğu kimi, 2022-ci ildə də hərbi xərclər nəinki azaldı, əksinə yetərincə xərclər nəzərdə tutuldu ki, hərbi sahədə inkişaf artan templə davam etsin. Bu, dövlət siyasətinin, şəxsən, cənab Prezidentin iradəsinin, gələcəyə baxışının səciyyəsidir.

Müharibədən sonra da yeni kontraktlar imzalanıb və Ordumuzun təchizatı üçün ən çağdaş silahların, texnikaların ölkəmizə gətirilməsi təmin edilir. Bunlarla yanaşı, hərbçilərimizin maaşlarının artırılmasını da bu yerdə, şükranlıqla qeyd etməliyəm. Cənab Prezident bir neçə gün öncə bu istiqamətdə yeni Sərəncamlar imzaladı.

Yəni, müharibə Zəfərimizlə başa çatsa da, şanlı Ordumuzun gücləndirilməsi zərurəti hələ də qalmaqdadır və bu proses dayanmayıb.

Heç təsadfüfi deyil ki, artıq Silahlı Qüvvələrimizdə “Komando birləşmələri” yaradılıb: “Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır”!

Müzəffər Ali Baş Komandanın vurğuladığı kimi, ümumən, hərbi sahəyə böyük diqqət yetirilir, hərbçilərin xidmət ortamı günün tələbləri səviyyəsində qurulur və onların istənilən vəzifəni yerinə yetirə bilməsi, hazırlığı üçün münbit, əlverişli ortam təmin edilir.

Dövlət başçısı hərbçilərin mənzil-məişət qayğılarının həllinin də həmişə diqqət mərkəzində olduğunu xüsusi qeyd etdi.

Bəli, ordumuzda 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilməkdədir. İndiyədək, bu kateqoriyadan olan 2200-dən çox hərbçimiz dövlət tərəfindən mənzillə təmin olunub. 2021-ci il başa çatmadan daha 130 hərbçi ailəsinə yeni mənzillər veriləcək. Bir sözlə, tarixi Zəfərə imza atmış Ordumuzun mənsubları öz Müzəffər adlarına layiq şəkildə dövlətin, dövlət başçısının yüksək diqqət və qayğısı ilə əhatə olunub.

Belə ismarıcların, məhz Hadrutda – Ağoğlanda və Şuşada deyilməsinin bir başqa anlamı da var: “Ermənistan hər vəchlə çalışırdı ki, Hadrutu öz nəzarəti altında saxlasın. Ermənistan öz ordusunun mənəvi-psixoloji vəziyyətini anlayaraq Hadrut haqqında yalanlar yayırdı. Hadrut azad ediləndən sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət almış və onların özlərinin etirafına görə müharibə zamanı 10 min fərari olmuşdur”. Bu həmin strateji qəsəbədir ki, oradakı əməliyyatdan sonra şanlı Ordumuz öz şərəfli missiyasını daha uğurlu və sürətli şəkildə davam etdirə bildi. – Bu strateji qəsəbənin azad edilməsindən 8 gün sonra Füzuli azad edildi. Füzulinin azad edilməsindən az keçmiş Zəngilan, Qubadlı və Laçının güney bölümü 27-28 illik işğaldan azad olundu. Beləliklə,  Ağoğlandan – Hadrutdan sonra Şuşaya yollar açılmış oldu. Zatən Şuşa əməliyyatı asan olmadı, əgər strateji Ağoğlan məntəqəsi işğalçıların nəzarətində qalmış olsaydı, Şuşaya gedib çıxmaq daha çox çətin olacaqdı. – Azərbaycan Ordusu, nizamlı, planlı şəkildə, öz Ali Baş Komandanının tapşırıqlarına qeyd-şərtsiz, qüsursuz əməl edərək, dastan yazdı. Bu dastan dünya hərb nəzəriyyəçiləri, hərbi-siyasi dairələrin tərəfindən öyrənilir. Bu qüruru bizlərə yaşadan ordumuzla, öz yubiley günlərini həmişə qaçqınlar, məcburi köçkünlər, şəhid ailələri, əsgər və zabitlər arasında keçirən, bu dəfə də öz Qalib Ordusu ilə birgə keçirən Müzəffər Ali Baş Komandanımızla qürur duyuruq!

Dünyaya zaman-zaman yayılmış erməni ağ yalanlarına Ağoğlanın ağ günlərindən növbəti dəfə cavab verən Azərbaycan Prezidenti Dəmir Yumruğun öz yerində olduğunu da bildirdi: “Əgər Ermənistan yenidən təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaqdır. Bunu etmək üçün siyasi iradə və güc var. Azərbaycan Ordusunun gücünü bütün dünya gördü. Bütün dünya gördü ki, Azərbaycanın qəhrəman övladları nəyə qadirdir”!

Ali Baş Komandan növbəti dəfə əziz Şuşada!

Müzəffər Ali Baş Koamndanımızın öz ailə üzvləri ilə birgə növbəti səfəri əziz Şuşaya oldu. Prezident məşhur Cıdır düzündə çıxış etdi. Çıxış yenə çox mühüm ismarıclarla zəngin idi.

Xalqımız qalib xalqdır. Xalq öz Prezidentinə və Qələbəmizə hər zaman inanırdı. Bu inam özünü şöhrətli və örnək şəkildə doğrultdu. Artıq Vətənimizin müqəddəs bayrağı əziz Şuşada, işğaldan azad olunmuş digər torpaqlarımızda qürurla dalğalanır. Bu müqəddəs məqsədə çatmağımızı öz canları, qanları bahasına təmin edən əziz şəhidlərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik! Onları heç zaman unutmayacağıq!

Qarşıdan həmrəylik Günümüz gəlir. Bu əziz günün çağırış və məzmununun ən ideal təcallasını biz 44 günlük müharibədə bütün parlaqlığı ilə gördük, yaşadıq. – Biz həmrəyliyin bəhrəsini yaşayan xalqıq! Həmrəy xalq Qarabağı, Şərqi Zəngəzuru azad etdi, Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın üzərinə öhdəlik qoydu, Qərbi Zəngəzura, Göyçəyə, İrəvana qanuni, ləyaqətli dönüş diləklərini sarsılmaz inama çevirdi: “Torpaqların əsl sahibləri qayıtdı və bundan sonra Azərbaycan xalqı bu torpaqlarda əbədi yaşayacaq. Xalq birləşdi, bir amal uğrunda, bir müqəddəs ideya uğrunda birləşdi və istədiyinə nail oldu”!

DÖVLƏTİMİZ VAR OLSUN!