24 Dekabr 2024

Xaçınçay su anbarı bərpa olunur

Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarı bərpa olunur.

Bu barədə Ağdam Mexaniki Suvarma İdarəsinin müdiri Hafiz Əzimzadə AzTV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, 30 ilə yaxın bir müddətdə işğal altında olan anbar baxımsız vəziyyətdə saxlanıldığından və heç bir təmir-bərpa işləri görülmədiyindən yararsız vəziyyətdədir.

“Xaçınçay su anbarı 1964-cü ildə tikilib. Anbarın uzunluğu 940 metr, su tutumu isə 23 milyon kubmetrdir. İşğaldan əvvəlki dövrdə 8 min hektar torpaq sahəsinin suvarılmasında, eləcə də Ağdam şəhərinin su təminatında böyük rol oynayıb. Lakin işğal dövründə Xaçınçay su anbarında heç bir təmir işi aparılmayıb. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərliyinin tapşırığına əsasən bu il anbarda təmir-bərpa işləri aparılacaq. Mütəxəssislər yerində baxış keçirib, smeta-layihə işləri hazırlanıb və ərazidə minatəmizləmə işləri yekunlaşıb. Artıq tenderin keçirilməsi nəzərdə tutulur. Bəndin özündə təmir-bərpa işləri görüləcək, eyni zamanda suötürücü qapı və suaparıcı kanal beton örtüyə alınmaqla 30 kilometrlik kanalda təmir işləri aparılacaq” – H.Əzimzadə bildirib.

İdarə müdiri əlavə edib ki, bərpa işlərindən sonra anbarın su təminatı potensialı da artacaq.

“Hazırda anbardan istifadə edilmir. 23 milyon kubmetr su tutumuna malik olsa da, indi bu, 12-13 milyon kubmetrə enib. Bunun da səbəbi odur ki, heç bir iş görülmədiyindən anbar tamamilə yararsız vəziyyətə düşüb. İşlər tamamlandıqdan sonra su anbarı 2 min hektardan artıq ərazinin suvarılmasına xidmət edəcək. Bununla yanaşı idarənin balansında 327 subartezian quyusu var ki, bunlardan da 12-si tam səviyyədə bərpa olunaraq əhalinin xidmətinə verilib”, – deyə o qeyd edib.