22 Dekabr 2024

Ukraynada son durum və görün(məy)ən sonluq – hansı ərazilər xilas edilib?

Politoloq: “Məsələ Qərbin Ukraynaya verdiyi və verəcəyi dəstəkdən çox ciddi şəkildə asılıdır”

Ukrayna ordusu son günlərdə bir neçə yaşayış məntəqəsini azad edib. Paralelində isə Rusiya tərəfinin daha böyük hücumlara, bombardmanlara hazırlaşdığı haqda kəşfiyyat məlumatları açıqlanır.

Ukraynada müharibənin hazırkı mərhələsində baş verənlər hansı qənaətləri formalaşdırır? Göründüyü kimi, Rusiya heç də Ukraynanı asanlıqla çökdürə, işğal edə bilmir. Ukraynanın da bölünəcəyi haqda proqnozlar hələlik reallaşmır. Proses faktiki olaraq sonugörünməz bir haldadır. Politoloqlar qarşıda nələrin ola biləcəyini düşünür? Hansı sonluq daha real görünür?

Qərb ekspertləri hesab edirlər ki, Rusiya və Ukrayna qüvvələrinin bir-birini sistemli məhv etməyə çalışması müharibənin aylar, hətta illərlə davam etməsinə gətirib çıxara bilər.  Hər şey tərəflərdən birinin taktiki məğlubiyyəti və ya digərinin qələbəsi ilə dəyişə bilər. Lakin heç biri təslim olmaq istəmir. Rusiya prezidenti inanır ki, strateji dayanıqlılığı təmin etməklə qələbə qazana biləcək və hesab edir ki, Qərb Çinin təhdidi, eləcə də iqtisadi çətinliklər səbəbindən Ukraynaya kömək etməkdən yorulacaq.  Qərb isə öz növbəsində Ukraynaya silah yardımı etməkdə qərarlı olduğunu göstərir. Döyüş sahəsində ön cəbhələr artıq formalaşıb və müharibə tədricən “sonsuz müharibə” müstəvisinə keçir. Bəs əgər Putin birtərəfli atəşkəs elan edərək, dünyanı təəccübləndirsə, necə? Belə olan halda, o ələ keçirdiyi ərazilərdə möhkəmlənə və eyni zamanda qələbə elan edə bilər. Putin iddia edə bilər ki, “xüsusi hərbi əməliyyat” öz məqsədlərinə çatıb: Kremlin dəstəklədiyi Donbasdakı separatçılar təhlükəsiz şəkildə müdafiə olunub və Krıma quru dəhlizi açılıb. Bundan sonra o, mənəvi baxımdan qazandığı üstünlükdən istifadə edib Ukraynanı düşmənçiliyə son qoymağa məcbur edə bilər.  Lakin ABŞ, Böyük Britaniya və Şərqi Avropa ölkələrinin bir çoxu buna qarşı çıxıblar. Onlar hesab edir ki, Rusiyanın Ukraynanı işğal etməsi həm Ukraynanın, həm Avropanın maraqlarına, həm də beynəlxalq nizama ziddir. Belə olan halda Rusiya tərəfindən birtərəfli atəşkəs elanı vəziyyəti dəyişə bilər. Lakin bu, düşmənçiliyin bitməsi ilə yekunlaşmayacaq.

Hər şeydən əvvəl ABŞ prezidenti Cozef Bayden açıq şəkildə deyir ki, amerikalıların məqsədi danışıqlar masasında Ukraynanın ən güclü mövqeyə malik olmasıdır. Bir çoxları deyir ki, Qərb bu müharibədə Rusiyanın məğlub olmasını arzulasa da, Ukraynanın qalib gəlməsinə elə də niyyətli deyil. Lakin döyüş meydanında mövcud olan çıxılmaz vəziyyət daha uzun çəkə bilər və münaqişənin siyasi yolla həllinə nail olmaq getdikcə çətinləşər. Ona görə yox ki, Kiyev Moskvaya etibar etmir: Ukrayna inanır ki, Putinlə istənilən müqavilə Rusiyaya öz gücünü yenidən toparlayıb təkrar hücum etmə imkanı verəcək.  Beləliklə, sülh razılaşması uzun müddət davam etməyəcək və düşmənçiliyin yeni formada davam etməsinə gətirib çıxaracaq. Rusiyanın müharibə maşını artıq Qərbin sanksiya hücumları altındadır. Belə olan halda uzaqmənzilli artilleriya ilə təmin olunan Ukrayna əks həmlələrə başlaya və Rusiyanın təchizat xəttini ələ keçirə bilər. Hər şeydən əvvəl, əgər Putin məğlubiyyətlə qorxudulsa, o, kimyəvi, hətta nüvə silahlarından istifadə edərək münaqişəni daha da ağırlaşdırmaq istəyəcək.

Qərb ekspertləri bildirir ki, əvvəlki məğlubiyyətlərə baxmayaraq, Rusiya hələ də Kiyevi ələ keçirmək və Ukraynanın böyük hissəsinin ona təslim olması planlarından əl çəkməyib.  Hökumət rəsmilərindən birinin bildirdiyinə görə, heç kəs bu planı təxirə salmayıb.  Rusiya Donbasda uğur qazandıqdan sonra ordusunu yenidən Kiyevə və digər istiqamətlərə yönəldə bilər.  

Zaur Məmmədov: Azərbaycan bütün məsələlərdə hər zaman Türkiyənin yanındadır  - AZƏRTAC

Zaur Məmmədov

“Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri, politoloq  Zaur Məmmədov “Yeni Müsavat”a deyib ki, münaqişənin uzanması üçün tərəflərin arxasında olan qüvvələr əllərindən gələni edirlər: “Ukraynada gedən müharibə təkcə iki ölkə arasında gedən müharibə deyil. Ukraynadakı müharibə bütün dünyanın siyasi və iqtisadi vəziyyətinə çox ciddi şəkildə təsir edir. Müharibə həm də 2007-2008-ci illərdə başlayan böhranın dərinləşməsinə gətirib çıxarır. Hərbi əməliyyatlara gəlincə isə gözlənilməz olsa da, güc bərabərliyindən söhbət gedir. Ukrayna ordusu qətiyyətlə mübarizə aparır, müdafiə olunur. Bəzi şəhərlər, hansılar ki, Rusiya tərəfindən götürülmüşdü, son bir neçə gündə Ukrayna ordusu onları geri almağa müyəssər olub”.

Politoloq Ukraynada müharibənin bitməsi ilə bağlı hələlik konkret fikir söyləməyin mümkün olmadığını bildirib: “Rusiyanın gələcəkdə hansı silahlardan istifadə edəcəyi, Ukraynaya ABŞ və müttəfiqləri tərəfindən hansı silahlar veriləcəyi ilə bağlı tam aydınlıq yoxdur. Britaniyada Boris Consonun hakimiyyətdən getməsi Ukrayna prezidenti Volodimir Zelenskinin beynəlxalq arenada təklənməsinə gətirib çıxara bilər. Müharibənin yaxın 1-2 ay ərzində yekunlaşmasını da gözləməyə dəyməz. Çünki tərəflərin baxışları diametral şəkildə bir-birindən fərqlənir. Rusiya rəsmi şəkildə elan edib ki, onlar Donbasın bütünlüklə azad edilməsini qarşıya məqsəd qoyublar. Görünən odur ki, Rusiya Ukraynanın Qara dənizə, ümumiyyətlə, çıxışını tamamilə bağlamaq niyyətindədirlər. Ukraynanın məqsədi heç olmasa, Donbası çıxmaq şərtilə digər əraziləri azad etməkdir. Ukrayna bu məqsədə çatmaq üçün sona qədər mübarizə aparacağını bəyan edib”.

Politoloq qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın səyi ilə Rusiya ilə Ukrayna arasında müəyyən razılıqlar əldə olunmuşdu: “Lakin görünən budur ki, şiddətli döyüşlər bitmir. 1918-1920-ci illərdə olduğu kimi ABŞ, Britaniya, Avropa və Rusiya arasında Avroasiya orta xəttinin bölüşdürlməsi və faktiki olaraq onların arasında güc nümayişi, bunun nəticəsində coğrafiyaların bölünməsi və parçalanmasını görə bilərik”.

Politoloq deyir ki, bu gün Ukrayna parçalanmış vəziyyətdədir: “Bu gün Donbas işğal altındadır. İndi hər şey Ukrayna ordusundan asılıdır. Qərb analitikləri Ukrayna ordusunun bu qədər yaxşı döyüşəcəyini düşünmürdülər. Eyni zamanda Rusiyanın Ukraynanın qərbinə qədər işğal edəcəyini proqnozlaşdırırdılar. Lakin Ukrayna ordusunun göstərdiyi performans bütün proqnozları alt-üst etdi. Bu gün müharibənin nə qədər davam edəcəyini söyləmək də çətindir. Bu məsələ Qərbin Ukraynaya verdiyi və verəcəyi dəstəkdən çox ciddi şəkildə asılıdır”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”