22 Dekabr 2024

Ukrayna Krımı uzaqmənzilli raketlərlə vurmağa hazırlaşır? -AÇIQLAMA

Pentaqonun mətbuat katibi, general Pat Ryder keçirdiyi brifinqdə Ukraynaya 2,2 milyard dollarlıq hərbi yardım paketinin təsdiqləndiyini açıqlayıb.

Qeyd edilib ki, paketə 150 ​​kilometr uzaqlıqdakı hədəfləri vuran uzun mənzilli yerdən atılan kiçik diametrli bombalar (GLSDB) daxildir. Boeing və Saab tərəfindən istehsal olunan GLSDB-lər bomba quraşdırılmış uzaqmənzilli raketlər kimi tanınır.

Musavat.com xəbər verir ki, iclasda jurnalistin Ukraynanın Krımı raketlərlə vurma ehtimalı ilə bağlı sualına general Rayder belə cavab verib:

“Ukraynanın əməliyyat planlarına gəlincə, bu, mütləq onların qərarıdır. Bu qərarlarda liderlik onlardır. Ona görə də gələcəkdə mümkün əməliyyatlar barədə danışmayacağam və spekulyasiya etməyəcəyəm”.

Ukrayna prezidenti Vladimir Zelenski yeni yardım paketi ilə bağlı deyib: “Silahlarımız nə qədər uzaqmənzilli və qoşunlarımız nə qədər mobil olsa, Rusiyanın qəddar təcavüzü bir o qədər tez bitəcək”.

Rayder Ukraynaya ümumi yardım haqqında da məlumat verib: “2014-cü ildən etibarən ABŞ Ukraynaya 32 milyard dollardan çox təhlükəsizlik yardımı edib, o cümlədən ötən il fevralın 24-də Rusiyanın genişmiqyaslı işğalının başlamasından bu yana 29,3 milyard dollar ayırıb”.